Məlum olduğu kimi, Ermənistan parlamentindəki müzakirələr zamanı millət vəkili Naira Zohrabyanın Şuşanı itirmədən müharibəni bitirməyin mümkünlüyü ilə bağlı sualına cavab verən Paşinyan, Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf edib:
“Müzakirə prosesinin bütün dövrü ərzində azərbaycanlı qaçqınların Şuşaya qayıtmasını nəzərdə tutmayan bir seçim yox idi. Bundan əlavə, birinci müharibəyə qədər Şuşa əhalisinin 90%-i azərbaycanlılar idi. Yəni, siz demək istəyirsiniz ki, əhalisinin 90%- dən çoxu azərbaycanlı olan Şuşa ermənilərə aiddir?”.
Paşinyanın bu açıqlaması, Şuşanın qədim Azərbaycan şəhəri olması ilə bağlı Ermənistan hakimiyyətinin tarixi etirafı hesab edilə bilərmi?
Moderator.az-a açıqlama verən keçmiş diplomat, politoloq Fikrət Sadıqov, sadəcə Şuşanın deyil, bütün Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qeyd edib:
“Paşinyanın ifadəsinə bir düzəliş etmək istərdim. Bu da ondan ibarətdir ki, sadəcə Şuşa deyil, bütün Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Yəni bizə məxsus olan və bizə məxsusluğu hər kəsə məlum olan bir şəhərlə bağlı belə bir fikir bildirmək qəhrəmanlıq deyil. Biz də, erməni tərəfi də bunu yaxşı bilir. Ermənilər Qarabağın Azərbaycan torpağı olduğunu da bilirlər. Sadəcə olaraq, müəyyən oyunlar təşkil etməklə məşğuldurlar.. Guya müəyyən torpaqlar azərbaycanlılara, müəyyən torpaqlar isə ermənilərə məxsusdur.
Paşinyanın bu bəyanatı onun məğlubiyyətinin, bizim qələbəmizin nəticəsidir. Biz praktiki addımlarımızla sübut etmişik ki, həm Şuşa, həm də Dağlıq Qarabağ Azərbaycana məxsus olan torpaqlardır. Biz bunu heç vaxt şübhə altına salmamışıq.
Paşinyanın Şuşa ilə bağlı etirafı ona işarə edir ki, həm müxalifət, həm onu dəstəkləyən qüvvələr başa düşsün ki, Ermənistan bunu etiraf edir, amma onların etirafı cüzi xarakter daşıyır. Yəni biz Şuşanı Azərbaycan şəhəri kimi tanıyırıq, amma digər rayonları yox. Ona görə də heç kəsi aldatmaq lazım deyil. Tək Şuşa deyil, bütün Dağlıq Qarabağ Azərbaycana məxsusdur. Bunu Paşinyan da, onu dəstəkləyənlər də, erməni müxalifəti də başa düşməlidir”.
Seymur ƏLİYEV