Ermənilərin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızda böyük vəhşiliklər törətdiyi, bütün tarixi, dini və mədəni abidələri dağıtdığı, yaxud saxtalaşdırdığı hər bir azərbaycanlıya məlum olan acı həqiqətlərdən biridir. Bəs dünya birliyinin bu həqiqətləri bilməsi, erməni vandalizminin qorxunc nəticələri ilə tanış olması üçün dağıdılan hər bir tarixi abidənin, məscidin, məzarlığın foto və video materiallar əsasında, əcnəbi jurnalist və mütəxəssislərin iştirakı ilə beynəlxalq media müstəvisinə çıxarılması nə dərəcədə vacibdir?
Moderator.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov, bu yöndə ciddi və sistemli addımlar atmağın zəruriliyini vurğuladı:
“Əlbəttə, biz çalışmalıyıq ki, bu vəhşilikləri maksimum ictimaiyyiləşdirək. Bu istiqamətdə müəyyən işlər görülsə də, ümumilikdə görüləcək işlər hələ çoxdur. Bütün bu dağıdılmış əraizlərin, tarixi abidələrin fotoları, video görüntüləri çəkilməlidir. Hansı ki, dövlətimiz bunu edir. Bütün bu məlumatlar dünyanın tanınmış media orqanlarında işıqlandırılmalıdır.
Reallıq ondan ibarətdir ki, bu gün ermənilərin çox yaşadığı ölkələrdə ictimai rəy bizim əleyhimizədir. ABŞ-da da, Fransa da da, digər ölkəlrədə də erməni lobbisi ciddi təbliğat aparır. Biz də son illər Avropa dövlətlərində Azərbaycan həqiqətlərinin yayılmasına xüsusi diqqət yetirməkdəyik. Bu fəaliyyət bir neçə istiqamət üzrə həyata keçirilməlidir. Birincisi, XİN vasitəsi ilə bu işlər görülür və görülməlidir. İkincisi, Diasporla İş üzrə Dövlkət Komitəsi bu yöndəki aktivliyini artırmalıdır. Üçüncüsü isə, xaricdə yaşayan soydaşlarımız bu prosesdə maksimum iştirak etməlidir.
Sosial şəbəkələrdə də təbliğat işi effektiv və müntəzəm şəkildə aparılmalıdır. Bu təbliğat, həm də müxtəlif xarici dillərdə həyata keçirilməlidir.
Daha çox xarici mütəxəssislər, tanınmış fotoqraflar, bologgerlər, sayt və televiziyalar, o cümlədən beynəlxalq qurumların təmsilçiləri ölkəmizə dəvət olunmalıdır. Çalışmaq lazımdır ki, onlar erməni vandalizminin nəticələri ilə mümkün qədər ətraflı tanış olsunlar və erməni vəhşiliyi beynəlxalq mediada mümkün qədər çox işıqlandırılsın. Artıq bəzi beynəlxalq təşkilatların nümayəndələri işğaldan azad edilən bölgələrə səfər edib olub, ermənilərin burada törətdiyi vəhşiliklərlə tanış olub. Biz bu yöndə fəaliyyətimiz genişləndirməli, bütün dünyanın Qarabağda baş verənlərdən – erməni vandalizmindən xəbərdar olmasına çalışmalıyıq”.
Seymur ƏLİYEV