Müxalif bloger Aleksey Navalnının həbsinə etriaz olaraq Rusiyanın müxtəlif şəhərlərində keçirilən aksiyalar polislə ciddi qarşıdurmalarla müşahidə edilməkdədir. Ölkədəki mövcud gərginliyin davam etməsi fonunda yaxın günlərdə yeni etiraz aksiyaları və qarşıdurmaların baş verməsi istisna edilmir.
Bəs Rusiyadakı etiraz aksiyaları Putin hakimiyyətinin istefası ilə nəticələ biləmi? Bu aksiyalar Rusiyanın yaxın gələcəyinə nə vəd edir?
Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Hal-hazırda Rusiyada vəziyyət qarışıqdır. Proseslər hələ ki, qeyri-müəyyən istiqamətdə inkişaf edir. Amma düşünmürəm ki, bu proseslər dövlət və ya hakimiyyət çevrilişi ilə nəticələnsin. Lakin bu da bir həqiqətdir ki, məlum proseslər Rusiyanın istər daxili, istərsə də xarici siaysətinə təsirsiz ötüşməyəcək. Ehtimal etmək olar ki, bu hadisələr fonunda Rusiyada islahatlara, reformalara bənzər müəyyən addımlar atılsın. Bu addımlar konkret nə ilə nətiələnəcək, hansı hədəflərə nail olunacaq, bunu söyləmək çətindir. Hesab edirəm ki, bu proseslərin doğura biləcəyi ən son, ən kritik nəticə növbədənkənar parlament seçkilərinin keçirilməsi, yaxud hökumətin istefaya göndərilməsi, yeni hökumətin yaradılması ola bilər. Lakin düşünmürəm ki, proseslər Putinin hakimiyyətdən getməsi ilə nəticələnsin”.
Seymur ƏLİYEV