Ermənilərin 30 ilə yaxın müddət ərzində işğalda saxladıqları torpaqlarımızda təbiəti də məqsədli şəkildə məhv etdiyi, ekologiyaya divan tutduğu acı həqiqətlər sırasındadır.
Ermənilərin bütün digər cinayətləri kimi, ekoloji müstəvidə törətdikləri cinayətlərin də beynəlxalq miqyasda ifşa edilməsi, onların dünyaya həm də təbiət qatilləri kimi tanıdılması nə dərəcədə zəruridir?
Moderator.az-a açıqlama verən millət vəkili Könül Nurullayeva, Azərbaycan ordusunun 8 noyabr zəfəri nəticəsində sadəcə torpaqlarımızın azad edilmədiyini, həm də ermənilərin uzun illə ərzində işğaldakı torpaqlarımızda həyata keçirdiyi ekoloji terror siyasətinin qarşısının alındığını bildirib:
“Azərbaycan Ordusu tarixi torpaqlarımızı işğaldan azad etməklə həm də regionda ekoloji terrorun qarşısını aldı. Ümumiyyətlə, işğala qədər Qarabağ bölgəsində filiz, qeyri-filiz, tikinti materialları, yeraltı içməli və termal-mineral su olmaqla, 167 yataq mövcud olub. İşğal edilmiş bütün rayonlarımızda çöx böyük xammal resurslarına malik faydalı qazıntılar mövcuddur. Hələ işğal dövründə peyk görüntülərindən də aydın olurdu ki, ermənilər bizim ərazilərimizdə bəzi xarici şirkətlərin iştirakı ilə qanunsuz fəaliyyət göstərir, təbii sərvətlərimiz talanır. Təbii ki, qanunsuz biznes fəaliyyətinə görə həmin şirkətlərin də məsuliyyətə cəlb olunması gündəmdədir. Bu tələb haqlı olaraq Azərbaycan rəhbərliyi tərərfindən dəfəflərlə səslənib.
Zəngilan rayonunda yerləşən Veynəli yatağı xüsusilə qeyd edilə bilər. Biz işğaldan azad olunduqdan sonra Vejnəli və Zod qızıl yataqlarındakı vəziyyəti həm özümüz gördük, həm də dünya ictimaiyyəti gördü. Bir daha təsdiqləndi ki, bu illər ərzində ermənilər bizim təbii sərvətlərimizi talamaqla məşğul olublar.
İşğal nəticəsində ölkəmizə dəyən ən böyük zərərlərdən biri də meşələrin kütləvi şəkildə qırılmasıdır. Qarabağ bölgəsində 30 il ərzində 269 min hektar meşə sahəsi qırılıb, həmin ərazilərdə nadir bitki və heyvanat aləmi məhv edilib. Hətta 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmadan sonra da Şuşada fosfor bombaları ilə meşə zolağının yandırılması, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl və digər işğaldan azad edilmiş rayonlarda 2,000 ilədək yaşı olan ağacların kəsilməsi faktları qeydə alındı.
Bu illər ərzində ermənilər hətta su resurlarından da azərbaycanlılara qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edib. Təsadüfi deyil ki, Avropa Şurası Parlament Assambleyası tərəfindən bir neçə dəfə "Azərbaycanın sərhədyanı regionlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi" haqqında qətnamə də qəbul edildi. Lakin işğalçı ölkə buna əhəmiyyət vermədi. İşğala son qoyulana qədər bu təzyiq davam etdi. Təəssüf ki, bu qətnamələrin icrası ilə bağlı Ermənistana hər hansı təzyiq də edilmədi. Bu isə işğalçının qanunsuz fəaliyyətinin miqyasının ilbəil genişlənməsinə səbəb olurdu. Nəhayət, Azərbaycan öz ərazilərini öz gücü hesabına azad etdikdən sonra ekoloji terrora da son qoyuldu.
Erməni işğalçılarının ölkəmizə vurduğu ziyan təbii ki, hesablanacaq. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, biz ekologiyamıza, infrastrukturumuza, evlərini itirmiş mülki şəxslərimizə və dövlətimizə, tarixi irsimizə dəymiş ziyanı qiymətləndirmək üçün beynəlxalq ekspertləri dəvət edəcəyik. Dünya öz qonşusunun torpağını işğal edən, etnik təmizləmə siyasəti aparan, soyqırım törədən, mədəni və ekoloji terror törədən Ermənistanın əsl simasını gördü. Ermənistan tarixi Azərbaycan torpaqlarında törətdiyi bütün cinayətlərə görə beynəlxalq hüquq qarşısında mütləq cavab verəcək”.
Seymur ƏLİYEV