Xəbər verdiyimiz kimi, Ombudsman Aparatı vaxtiylə erməni əsir və girovluğunda olan soydaşlarımıza verilən işgəncələrlə bağlı beynəlxalq təşkilatlar qarşısında hesabatla çıxış edib. Hesabatda soydaşlarımıza verilən işgəncələr konkret və təkzibolunmaz faktlar əsasında öz əksini tapıb. (//moderator.az/news/362174.html )
Moderator.az-a açıqlamasında Ombudsmanın məlum hesabatının önəminə diqqət çəkən millət vəkili Naqif Həmzəyev, erməni vəhşiliklərinin beynəlxalq miqyasda ifşasının zəruri olduğunu bildirib:
“Ombudsman İnstitutu tərəfindən beynəlxalq təşkilatlara təqdim edilən bu hesabar çox vacib, önəmli bir hesabatdır. Bu hesabatda ermənilərin əsir və girovlara qeyri-insani davranışı, onlara verdiyi ağır işgəncələr öz əksini tapıb.
Milli Məclisin İnsan Hüquqları Komitəsi də bu sahədə müəyyən işlər görür. Komitə tərəfindən 44 günlük Vətən Müharibəsi ərzində ermənilər tərfindən həyata keçirilən hərbi cinayətlərlə bağlı da məlumat təqdim edilmişdir. Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları Komitəsinin başqanı və böyük nümayəndə heyəti də Azərbaycana səfər etmişdi. Onlar da tutarlı faktlar əsasında bir sənəd hazırlamışdılar. Hansı ki, bu sənəd də beynəlxalq təşkilatlar qarşısında erməni vəhşiliklərini ifşa edən bir sənəddir.
Ombudsman İnstitutu tərəfindən erməni cinayətləri, ermən vəhşilikləri ilə bağlı bu cür hesabat və sənədlərin beynəlxalq təşkilatlara təqdim edilməsinin əhəmiyyəti olduqca böyükdür. Unutmaq olmaz ki, işğalçı ölkə üzərində hərbi müstəvidə qələbə qazansaq da, Ermənistan hələ də öz yalanlarından, iddialarından əl çəkmək istəmir. 30 ilə yaxın müddətdə bizə qarşı çoxsaylı cinayətlərə yol verib, işğalda saxladığı əraziləri tamamilə talayıb, məhv edib. Bu baxımdan Ermənistanın vandalizm siyasətinin ifşası baxımından bu cür səndələrin beynəlxalq ictiamiyyətin diqqətinə çatdırılması vacibdir. Hər zaman çalışmalıyıq ki, haqq səsimizi dünyaya çatdıraq, ermənilərin iç üzünü dünyaya tanıdaq”.
Seymur ƏLİYEV