Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Rəşad Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Rəşad Nəbiyevin Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziriyinin rəbhərliyinə təyinatı hansı mətləblərdən xəbər verir? Yeni nazirin qarşısında duran köhnə problemlər nədən ibarətdir?
Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Hər şeydən öncə qeyd edim ki, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi çox əhəmiyyətli bir nazirlikdir. Müasir texnologiyalar dünyada sürətlə inkişaf etməkədir və informasiya texnologiyaları sahəsi də çox geniş bir sahədir. Buna görə də bu nazirliyə ciddi bir adam rəhbərlik etməli idi.
Yeni təyin edilən nazir iqtisadçıdır. Bundan öncə “Azərkosmos”ASC kimi ciddi bir qurumda işləyib. “Azərkosmos” ASC də müasir texnologiyalat uyğunlaşan və bu texnologiyalar əsasında fəaliyyət göstərən bir qurumdur. Bu baxımdan hesab edirəm ki, Rəşad Nəbiyevin bu nazirliyin rəhbərliyinə gətirilməsi müsbət bir addımdır.
Qarabağda da müasir informasiya texnologiyalarının tətbiqi olduqca vacibdir. Qarabağ zonası bizim üçün ən əhəmiyyətli zonadır. Düşmənlərimiz hələ də gözlərini Qarabağdan çəkməyiblər.
Buna görə də müasir texnologiyaların Qarabağ zonasında geniş tətbiqi olduqca zəruridir. Qısa zamanda bu məsələ öz həllini tapmalıdır. Cənab prezident də yeni nazirə bununla bağlı göstərişlərini verdi. Son vaxtlar ölkədə internet təminatında da ciddi problemlər yaranırdı. Bu problemin də həlli vacibdir.
Bir sözlə, Rəşad Nəbiyevin bu nazirliyin rəhbərliyinə gətirilməsini müsbət hal hesab edirəm və düşünürəm ki, biz yaxın gələcəkdə bu sahədə ciddi yeniliklərə şahid olacağıq”.
Seymur ƏLİYEV