Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev I Qarabağ müharibəsindən sonra 4000-dən çox azərbaycanlının itkin düşdüyünü, onların aqibəti haqqında bugünə qədər də hər hansı məlumat olmadığını bildirib.
Ermənistanın II Qarabağ müharibəsi ilə yanaşı, həm də I Qarabağ müharibəsində baş verənlərə görə beynəlxalq məhkəmələr tərəfindən məsuliyyətə cəlb edilməsi, beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılmasının təmin edilməsi istiqamətində addımlar atılmalıdırmı?
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, bu məsələdə Ermənistanla yanaşı, beynəlxalq təşkilatların da məsuliyyət daşıdığını vurğuladı:
“Itkin düşən vətəndaşlarımızın təxminən150 nəfərə qədəri Xocalı sakinidir. Hörmətli Hikmət Hacıyevin dediyi kimi, bütövlükdə 4000 mindən çox soydaşımız I Qarabağ müharibəsi nəticəsində itkin düşüb və onların aqibəti məlum deyil. Biz uzun müddət bu insanlar haqqında bütün əlaqədar beynəlxalq quurmlara, təşkilatlara müraciət etsək də, bu təşkilatlar lazımi səviyyədə aktivlik sərgiləmədi. Erməni faşistləri, xunta rejimi bu beynəlxalq təşklatları aldatdı. Beynəlxalq təşkilatlar da bu məsələdə lazımi dərinliyə getmədi.
Mən Xocalının icra başçısı vəzifəsində çalışdığım dönəmdə beynəlxalq qurumlarla müraciət edir, onlarla əlaqə saxlayırdım. Biz müraciətimizdə qeyd edirdik ki, siz azərbaycanlı əsir və girovları Dağlıq Qarabağ və Ermənistandakı həbsxanalarda axtarırsınız və tapa bilmirsiniz. Ona görə tapa bilmirsiniz ki, ermənilər əsirlərimizi həbsxanalarda saxlamır. Onlar bizim əsir və girovları ən ucqar yerlərdə, ən ağır şəraitdə - qul şəraitdə saxlayıb istismar edirlər. Öldürdüklərini öldürür, öldürmədikərini isə istismar etməklə məşğuldurlar. Yəni beynəlxalq qurumlar bu məsələyə bir növ laqeyd münasibət bəslədilər. Lakin indi baxın – həmin o beynəlxalq təşkilatlar qısa müddət ərzində ermənilərin sorğularına operativ cavab verir, onların itkin düşənlərinin axtarılıb tapılmasına ürəkdən can yandırırlar. Sanki bizimkilər insan deyildi, sanki onlar bu cür diqqətə layiq deyildi. Beynəlxalq təşkilatlar I Qarabağ dönəmində də, indiki dövrdə də bizə münasibətdə bu həssaslığı sərgiləmirlər. Beynəlxalq təşkilatlar nə o vaxt, nə də bu gün itkin düşən 4000 min soydaşımızın axtarılıb tapılması istiqamətində ciddi bir iş aparmır. Onlar sadəcə imitasiya ilə məşğuldurlar. Onlar ancaq ermənilərin axtarışı, onlara qayğı göstərməklə məşğuldurlar. Indi əsirlərin “hamıının hamıəya” prinsipi ilə dəyişdirilməsindən danışılır. Əgər belədirsə, Azərbaycan 25-26 ildir ki, itkin düşənlərin siyahısını bütün beynəlxalq təşkilatlara təqdim edib. Niyə soydaşlarımızı axtarıb tapmırlar? Bax, bu suala cavab verməli olan da beynəlxalq təşkilatlardır”.
Seymur ƏLİYEV