Bakı Türk Anadolu Liseyinin təşkilatçılığı ilə "Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin əməkdaşlığı ilə təşkil olunacaq müsabiqədə Azərbaycandakı bütün məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilər.
Moderator.az olaraq millət vəkili Musa Urudla söhbətimizdə bu müsabiqə və onun önəmi ilə bağlı məsələlərlə yanaşı, məktəblilərin vətənpərvərlik tərbiyəsini inkişaf etdirmək istiqamətində atılması gərəkən digər addımları da müzakirə etməyə çalışdıq.
-Musa müəllim, Bakı Türk Anadolu Liseyinin təşkilatçılığı ilə "Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçirilir. Öncə bu müsabiqə və onun önəmi ilə bağlı düşüncənizi bilmək istərdik.
- Bakı Türk Anadolu Liseyinin bu təşəbbüsünü çox yüksək qiymətləndirirəm. Vətənpərvərlik tərbiyəsi uşaq bağçalarından başlamalıdır. Məktəb dönəmində isə bu tərbiyə tam şəkildə formalaşmalıdır.
Azərbaycan müstəqilliyik əldə edəndən sonra bu yöndə məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Bu məsələlər həm dərsliklərdə öz əksini tapıb, həm də müxtəlif anım günlərində, əlamətdar günlərdə məktəblərdə bununla bağlı tədbirlər keçirilir. Bəlli bir müddətdir ki, koronavirusla əlaqədar olaraq məktəblərin fəaliyyəti onlayn şəkildə davam edir. Buna görə də, hazırda bu cür tədbirlər təşkil etmək olmur. Bununla yanaşı hesab edirəm ki, istənilən şəraitdə biz vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi, formalaşdırılması istiqamətində fəaliyyətimizi davam etdirməliyik. Bu baxımdan Bakı Türk Anadolu Liseyinin bu addımı alqışlanmalıdır.
-Sizcə məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından gələcəkdə daha hansı addımların atılmasına ehtiyac var?
-Gənc nəslin 44 günlük qalibiyyət müharibəsinin qəhrəmanlarını tanıması, onlar kimi böyüməsi, vətəni onlar kimi sevməsi, vətənin müdafiəsinə daim hazır olması vacibdir. Şəhdilərimiz, onların ailələrinin sosial rifahının təmin edilməsi, bu şəxslərin daim diqqət mərkəzində saxlanılması da zəruridir. Sadəcə vətənpərvərlik tərbiyəsi ilə iş bitmir. Həm də bunun müsbət nümunələri olmalıdır. Hesab edirəm ki, məktəblər əyani şəkildə öz fəaliyyətinə başlayandan sonra Vətən müharibəsi qəhrəmanları, şəhid olan Milli Qəhrəmanlarımız ailələri ilə görüşlər keçirilməlidir. Onlar isə məktəblilərə öz tövsiyyələrini, məsləhətlərini verməlidirlər. Müharibədə yaralanan qazilərimizin evlərini ziyarət etmək, müalicə aldıqları yerlərdə onlarla görüşmək olar. Həmçinin, şəhid ailələrinə müəyyən humanitar dəstək layihələri həyata keçirmək mümkündür. Tutaq ki, əgər şəhidin yaşlı anası varsa, onun məişət işlərinə kömək etmək məqsədi ilə məktəbliləri buna cəlb etmək olar. Bu, həm uşaqların əmək tərbiyəsinə, həm də onların vətənpərvərlik və humanizm ruhunda böyüməsinə müsbət təsir göstərər. Yəni biz əməli fəaliyyətlə də uşaqları ruhlandırmalıyıq.
-Musa müəllim, Azərbaycan ordusunun işğaldan azad etdiyi torpaqlarımıza məktəblilərin səfərlərinin təşkil edilməsi də həyata keçirilə bilərmi?
-Inşallah, işğaldan azad edilən torpaqlarımız minalardan təmizlənəndən, orada təhlükəsizlik tam təmin ediləndən sonra uşaqlarımızın bu ərazilərə ekskursiyasını təmin etmək olar. Onlar həm bu torpaqlarda ermənilərin törətdikləri vəhşililikləri əyani olaraq görərlər, həm də bu torpaqların gözəl təbiəti ilə tanış olarlar.
Bildiyiniz kimi, ölkə başçısı işğaldan azad edilən torpaqlarda “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsinin vacibliyini vurğuladı. Bu isə o deməkdir ki, biz yaxın gələcəkdə bu torpaqlarda müasir şəhər və kəndlərin inşasına şahid olacağıq. O zaman məktəblilərimiz erməni işğalı nəticəsində viran qalan torpaqlarımızın necə abadlaşdığını, necə dirçəldiyini, necə inkişaf etdiyini görəcək, işğal və ondan sonrakı dönəmlə bağlı müqayisələr apara biləcəklər.
Uşaqlara vətəni, dövləti, milləti, bayrağı sevməyi öyrətmək lazımdır. Cənab prezident də söylədi ki, 90-cı illərdə, müstəqillik illərində doğulan gənclər Qarabağı işğaldan azad etdilər, öz canlarını vətən uğrunda sevə-sevə fəda etdilər.
Mən Bakı Türk Anadolu Liseyinin bu təşəbbüsünü alqışlayıram və hesab edirəm ki, gələcəkdə daha böyük formatda bu cür tədbirlər keçirilməlidir”.
Seymur ƏLİYEV