“Cənab prezidentin düşmən üzərində qələbə çalacağına əvvəl gündən inanırdım. Bilirdim ki, bizim gözəl prezidentimiz hər vaxt dediyi sözü yerinə yetirəcək”
Bunu Moderator.az-a açıqlamasında müğənni Zeynəb Dostəliyeva deyib. Müğənni şəhidlərimizin sayəsində doğma torpaqlarımıza qovuşduğumuzu bildirib:
“Mənim bir neçə il bundan öncə “Vətən övladı” jurnalında “Prezidentimə bərabər prezident tanımıram” adlı məqaləm çap edildi. Cənab prezidentin düşmən üzərində qələbə çalacağına əvvəl gündən inanırdım. Bilirdim ki, bizim gözəl prezidentimiz hər vaxt dediyi sözü yerinə yetirəcək. Düzdü, müharibədə şəhidlərimiz oldu, onların qəbirlərinə qurban olum, torpaq uğrunda canlarında keçdilər. 2020-ci il koronavirusa görə bizim üçün qara gəlmişdi. Amma bundan sonra 2020-ci ili ən əziz xatirə kimi ürəyimdə saxlayacam, çünki biz bu ildə qalib gəldik. Ali Baş Komandanımız, şəhidlərimiz nəinki torpaqlarımızı, həm də namusumuzu, qeyrətimizi, mənliyimizi bizə qaytardı. Mən o ağrıyla ölsəydim, qəbrim də çatlayardı. Çünki bizim vətənimiz mənfur düşmənin tapdağı altında idi”.
Müğənni düşmənin qəbirlərimiz üzərində apardığı vəhşilikləri də pislədi:
“Hətta bir məqalə oxudum ki, ermənilər Xurşidbanu Natəvanın qəbirini qazıb sümüyünə qədər ordan çıxarıblar. Bu goreşənlər nə axtarırlar, heç özləri də bilmirlər. Ermənilərin adları bellərindədir. Qriboyedov, Mayakovski, Puşkin kimi rus şair və yazıçıları onların haqqında yazıb. Bütün dünya ermənilərin məfurluğunun şahididir. Onların abrı-həyası olsa, erməniyəm deyib xalq arasında çıxmazlar”.
Z.Dostəliyeva nəvələrinin də hərbi xidmətdə olduğunu və heç vaxt övladlarını başqasından ayırmadığını bildirib:
“Hazırda üç nəvəm əsgərdir. Bir nəvəm isə əsgərlikdən təzə gəlib. Oğlum isə Ağdamda cəbhə bölgəsində əsgəri xidmətini edib. Oğlum Ağdama həmin yerə düşəndə mənə zəng vurub dedilər ki, “Zeynəb xanım, ora qorxulu yerdir, uşağı ora göndərmə”. Amma oğlum dedi ki, “ana, heç kimin balasından artıq deyiləm, hara düşmüşəm, orda da xidmət edəcəm, heç kimə də ağız açma”. Mənim oğlum əsgərliyin həmin ərazidə çəkdi. İndi bir nəvəm də əsgər getməyə hazırlaşır”.
Z.Dostəliyeva həmişə əsgərlərimizə dua etdiyini deyib:
“İndi heç yerdə işləmirəm, bütün günü evdəyəm. Amma bircə Allahdan onu arzu edirəm ki, əsgərlərimiz, xalqımız salamat olsun. Allah onsuz da adamı dolandırır. 2020-ci il bizim üçün çox xoş xatirələrlə yadda qaldı. Bir daha onu demək istəyirəm ki, yaxşı ki, bizim prezidentimiz İlham Əliyevdir. Üzümüzü ağ edən, hər yerdə sözü keçən, alicənab, savadlı, təhsilli, prezident balasıdır. Ölən günümə qədər prezidentimizin İlham Əliyev və Birinci vitse-prezidentimizin Mehriban xanım Əliyeva olmasının tərəfdarıyam”.
Müğənni verilişlərə dəvət alsa da, şəhidlərimizə görə mahnı ifa edə bilmədiyini bildirdi:
“Verilişlərə çağırırlar, amma ürəyim açılmır ki, gedim mahnı oxuyum. Şəhidlərimizə görə çox pis oluram. Onların valideynləri nələr çəkirlər. Allah onlara səbr versin. Allah bütün əsgərlərimizi qorusun. Çünki mən də anayam, nənəyəm, hamısını öz yaşıma görə görmüşəm və bilirəm övlad hansı zülümlə böyüyür”.
Vasif Əlihüseyn