Xəbər verdiyimiz kimi, Ombudsman Aparatı Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Müraciətdə stansiyanın qəzalı vəziyyətdə olduğu, fəaliyyətinin dayandırılmasının vacibliyi qeyd olunub və bildirilib ki, stansiyanın tullantılarının aqibəti də araşdırılmalı, bu tullantılar üzərində əlaqədar beynəlxalq təşkilatların nəzarəti təmin olunmalıdır.
Moderator.az-a açıqlama verən millət vəkili Müşfiq Cəfərov, Metsamor AES təhlükəsinin kiafyət qədər ciddi olduğunu bildirib. Millət vəkili Ombudsman Aparatının bununla bağlı beynəlxalq təşkilatlara ünvanladığı müraciətini dəstəklədiyini vurğulayıb:
“Bildiyimiz kimi, Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyası 1980-ci ildə işə salınıb. Dəfələrlə qəzalı vəziyyətə düşən bu stansiyanın hazırda bir bloku fəaliyyət göstərir. Ermənistanın avropalı tərəfdaşları da atom elektrik stansiyasının təhlükəsindən narazıdır.
Belə ki, 2017-ci il noyabrda Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlıq haqqında yeni sazişə əsasən, energetika sahəsində əməkdaşlıq çərçivəsində Ermənistan Metsamor atom elektrik stansiyasını bağlamalı və təhlükəsiz şəkildə istismardan çıxarmalı idi.
Ermənistanla Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan bu sazişin mətni Avropa ittifaqının rəsmi internet saytında dərc olunmuşdu, 357 səhifədən ibarət sənədin "Nüvə təhlükəsizliyi daxil olaraq, energetik əməkdaşlıq" sərlövhəli bəndində deyilir ki, əməkdaşlıq tərəfdaşlıq, qarşılıqlı fayda və şəffaflıq prinsiplərinə əsaslanmalıdır.
Hazırda birinci blok dayandırılıb, ikinci blokun istismar resursu isə 2019-cu ildə tükənməli idi. Lakin hələ də fəaliyyət göstərir.
İrəvan Metsamor atom stansiyasını bağlamaq və 2020-ci ilədək yeni stansiya tikmək öhdəliyini üzərinə götürmüşdü. Ermənistanda Aİ nümayəndəliyinin rəhbəri Traian Hristea hələ 2005-ci ildə demişdi ki, Ermənistan atom elektrik stansiyasının bağlanması və istismardan çıxarılması Avropa İttifaqının əsas məqsədi olaraq qalır.
Lakin Ermənistan ölkənin elektrik enerji tələbatının təxminən 40 faizini ödəyən Metsamor atom stansiyasını bağlamaq niyyətində deyildi. Stansiya region üçün böyük təhlükə sayılır, heç bir təhlükəsizlik tələblərinə cavab vermir. Bununla bağlı Azərbaycan Ombudsman Aparatının beynəlxlaq təşkilatlara olan müraciətini dəstəkləyirəm. Bu məsələylə bağlı tək Ombudsman deyil, bütün aidiyyəti qurumlar münasibət bildirməlidirlər. Mən Ombusdman Aparatının bu addımını təqdirəlayiq hal olaraq qiymətləndirirəm. Ümid edirəm ki, beynəlxalq təşkilatlar da region üçün təhlükənin hansı səviyyədə olduğunu başa düşüb, münasibət bildirəcəklər. Düşünürəm ki, bu məsələdə nəinki Azərbaycan rəsmiləri, hətta regionun digər dövləti olan Gürcüstan da birlikdə fəaliyyət göstərməlidir”.
Seymur ƏLİYEV