Ermənistanın sabiq prezidenti Serj Sərkisyan növbəti dəfə gülünc bəyanatla çıxış edib. Belə ki, sabiq prezident yaxın gələcəkdə erməni ordusunun Azərbaycanın Vətən müharibəsindəki qalibiyyətinə cavab verəcəyini bildirib.
Moderator.az-a açıqlamasında bu və bu kimi bəyanatlara münasibət bildirən politoloq Zərdüşt Əlizadə, bunların tamamilə mənasız, daxili auditoriyaya hesablanan bəyanatlar olduğunu bildirib:
“İstər Serj Sərkisyan, istərsə də Ermənistanın digər sabiq rəhbərləirnin səsləndirdiyi bu kimi açıqlamalar tamamilə mənasız və əhəmiyyətsizdir. Bu açıqlamalar adətən daxili auditoriyaya, daxili mübarizələrə hesablanıb. Qatarı gedən bu adamların səsləndirdiyi heç bir fikir bizim üçün məna kəsb etmir və edə də bilməz. Onlar guruldayırlar, amma yağmayacaqlar. Azərbaycan müharibədə qalib gəlib, Azərbaycan ordusu öz sözünü deyib. Azərbaycanın güclü ordusu var və biz heç kimdən qorxmuruq. Ən əsası, Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərəkət edib. Buna görə də, Ermənistanda kimin nə deməsindən asılı olmayaraq, bu reallıq dəyişməyəcək”.
Seymur ƏLİYEV