Bir müddət öncə partiya sıralarını tərk edən AXCP sədrinin sabiq müavini Asəf Quliyevin Moderator.az-a verdiyi məlumata görə, qurulmasını planlaşdırdığı təşkilatın adı hələ bəlli olmasa da, əsasən dörd variant üzərində durulur- Milli Savalan hərəkatı, Xalq arzusu, Milli nicat, Doğru yol hərəkatı. Bu variantlardan hansına üstünlük vermək daha geniş tərkibli müzakirələrdən sonra bəlli olacaq. Asəf Quliyev yeni təşkilatın Cənubi Azərbaycan məsələsini ciddi şəkildə gündəmə gətirəcəyini bildirsə də, ölkə daxili siyasi hadisələrə də laqeyd qalmayacaqlarını dedi.
Təşkilatın adı tam bəlli olmasa da, devizi artıq müəyyənləşdirilib. Deviz “Fərqliliyimiz zənginliyimizdir” olacaq.
AXCP sıralarından ayrıldığı zaman təşkilati işlərin zəif gedəcəyini, müxalif düşüncəli vətəndaşların bu addımı düzgün qiymətləndirməyəcəyini düşünən Asəf bəy gözlədiyinin əksinə geniş kütlə tərəfindən anlayışla qarşılandığını, xüsusilə rayonlarda yeni təşkilata üzv olmaq istəyənlərin xeyli çox olduğunu bildirdi. Düzdür, bu zamana qədər heç bir prosesdə iştirak etməyən, hadisələri kənardan izləyəməyə üstünlük verən köhnə hərəkatçılar da var. Onların əsas iradları Asəf Quliyevin bu hərəkəti ilə Naxçıvan əsilli demokratların Elçibəy yadigarı olan təşkilatı ən ağır vəziyyətdə tərk etmələri fikrini formalaşdırmasıdır. Qarşılıqlı fikir mübadilələri zamanı AXCP sədrinin sabiq müavinini sərt tənqid edən həmin adamlardan bəziləri etiraz əlaməti olaraq onun tərk etdiyi təşkilata qoşulacağını bildiriblər. Halbuki onlar heç də uzaq olmayan keçmişdə AXCP-in keçirdiyi kütləvi aksiyalara qoşulmaqdan ehtiyat edirdilər. Həmin vaxtlar isə Asəf bəy aksiya iştirakçılarının ön səflərində yer tuturdu.
Asəf bəy atdığı addımlarla bu cür passiv hərəkatçıları “aktivləşdirdiyinə” sevinsə də hələ ki, onlardan kiminsə AXCP-yə qoşulduğunu eşitməyib. Bunun əksinə olaraq onun yaratdığı yeni təşkilata üzv olmaq istəyənlərin çoxluğu hətta sabiq cəbhəçinin özünü də təəccübləndirib. Onun təşəbbüsünü alqışlayan və birgə yaradacaqları yeni təşkilatın təşəbbüs qrupunda yer alacağı gözlənilən kifayət qədər sanballı isimlər var. Xeyli israrımıza baxmayaraq Asəf bəy onların adını çəkməsə də bir başqa mənbədən aldığımız məlumata görə bu adamlardan bəziləri bunlardır-İbrahim İbrahimli, Elçibəyin keçmiş köməkçisi Oqtay Qasımov, Ədalət Tahirzadə, Zəlimxan Məmmədli.
Bəzi dairələr yaradacağı yeni təşkilatın sıralarının AXCP və KXCP üzvləri sayəsində genişləndiriləcəyini, dolayısıyla, məqsədin əslində adı çəkilən təşkilatları zəiflətmək olduğunu bildirsələr də Asəf Quliyev bu fikri yaxına buraxmır. Hömsöhbətimizin dediyinə görə, yaradacağı təşkilatın qapıları hazırda digər partiyalarda təmsil olunan hər kəsə bağlı tutulacaq. Yaradılması planlaşdırılan yeni təşkilat müxtəlif səbəblərdən siyasi proseslərə qoşulmayan bitərəfləri öz ətrafında birləşdirəcək.