Gəncənin Avropa Gənclər Paytaxtı seçilməsi ilə bağlı yığıncaq keçirilib. Bu barədə Moderator.az-ı Gəncədəki mənbə məlumatlandırıb. Məlumata görə, tədbirə müxtəlif ölkələrdən 65 nəfər gənc iştirakçı qatılıb: “Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayl Zeynalov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və 100-dən çox yerli və xarici gənclər iştirak edib.
Polşa, Rumınıya, İtaliya, Ukrayna, Gürcüstan, İspaniya, Niderland, Bolqarıstan və Türkiyədən 65 nəfər gəncin iştirak etdiyi toplantını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq Azərbaycanın bu qədim şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsinə dəstək olan şirkətlərə və ölkələrə minnətdarlıq edib, 2016-cı ilə qədər görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Avropa Gənclər Şurasının üzvü və eksperti Bartalameo Rufi gəncləri təbrik edərək bildirdi ki, Gəncə region üçün bir model ola biləcəkdir. Daha sonra Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov çıxış edərək Gəncənin Avropanın Gənclər Paytaxtı seçilməsini bütün Azərbaycan gənclərinin qələbəsi kimi dəyərləndi və bildirdi ki, Gəncə müsabiqənin tarixində ilk dəfə olaraq Qafqaz regionundan yeganə şəhər kimi qalib adını almıb.
Öz sözlərində Respublika Prezidenti İlham Əliyevə minnətdarlıq edən tədbir iştirakçıları müsabiqə zamanı həm də ölkələrin potensialına diqqət yetirildiyini qeyd ediblər.
Sonra Avropa Gənclər Paytaxtı seçilən Gəncədə 2016-cı ilədək görüləcək işlərlə əlaqədar Təşkilat komitəsi yaradılması qərara alındı və tədbirlər planı təsdiq edildi. Tədbirlər planına əsasən, gənclərlə birgə həyata keçiriləcək təhsil, məşğulluq, könüllülük, sosial rifah və sair məsələlərlə bağlı iştirakçıların arzu və təklifləri dinlənilib.
Gənclər onları maraqlandıran layihələrlə bağlı maraqlı təkliflər və suallar səsləndirdilər”.
Seymur Əliyev