“Onun sağlamlığına, həyatına qarşı yönələn qəsdə görə birbaşa siyasi hakimiyyət məsuliyyət daşıyır”
AXCP MTN-də həbsdə saxlanılan jurnalist Pərviz Həşimlinin həyatına təhlükə ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“AXCP qurama və böhtan dolu ittihamlarla həbsdə saxlanılan hüquq müdafiəçisi, jurnalist və AXCP Ali Məclisinin üzvü Pərviz Həşimlinin həyatına yaranan təhlükə ilə bağlı xüsusi narahatlığını ifadə edir. Pərviz Həşimlini MTN sentyabrın 17-də həbs edib. Həbsin gerçək səbəbi barədə ölkə ictimaiyyətində heç bir şübhə yoxdur. İlk gündən ondan “siyasi etiraflar” almaq təşəbbüsləri göstərilir. Mənəvi-fiziki işgəncələrlə Pərviz Həşimlidən tələb olunur ki, mənsub olduğu partiyaya, onun sədri Əli Kərimliyə qarşı böhtan xarakterli ifadələr versin. Hakimiyyətin bu qanunsuz və mənəviyyata zidd təkliflərini mərdliklə rədd edən Pərviz Həşimliyə qarşı MTN-nin saxlanma yerində dözülməz təzyiqlər göstərir.
Ötəngünkü məhkəmə zamanı bəlli oldu ki, artıq əzabların şiddətindən o özünə qəsd cəhdində olub. AXCP hüquq müdafiəçisi və jurnalistə qarşı belə qəddar davranışı şiddətlə pisləyir.
AXCP yerli və beynəlxalq ictimaiyyəti baş verənlərə laqeyd qalmamağa çağırır. AXCP hər kəsdən Pərviz Həşimlinin həyatını xilas etmək üçün səylərini gücləndirməyi xahiş edir.
AXCP tələb edir ki, qanuna uyğun olaraq Pərviz Həşimli MTN təcridxanasından başqa yerə köçürülməli və onunla bütün dustaqlara şamil olunan normalar daxilində, zorakılıqdan uzaq formada rəftar edilməlidir.
AXCP bəyan edir ki, Pərviz Həşimlinin sağlamlığına, həyatına qarşı yönələn qəsdə görə birbaşa siyasi hakimiyyət məsuliyyət daşıyır”.