“Milli Şuranın indiki durumu acınacaqlıdır. Qurumda təmsil olunan siyasi partiyalar və Milli Şuranın yaradılmasının təəssübkeşi olduğunu deyən insanlar birbaşa olmasa da dolayı yolla Milli Şuranın heç nəyə yaramadığını ifadə edirlər”.
Bunu virtualaz.org saytına açıqlamasında müxalifətin benzinin bahalaşmasına etiraz olaraq sabah - dekabrın 15-də keçirəcəyi mitinqi dəyərləndirən YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.
YAP-çı deputatın sözlərinə görə, Milli Şurada siyasi proseslərə təsir edəbilməyəcək təşkilatlar, qurumlar toplaşıb: “Bu sözləri vaxtilə demişik. Onlar yalnız dərnək formasında fəaliyyət göstəriblər. Orada olan ReAl və EL hərəkatları bir QHT qədər də fəaliyyət göstərə bilməyiblər. Milli Şuranın taleyi də İctimai Palata kimi olacaq. Ölkədə heç bir nüfuzu, dəstəyi olmayan şəxslər xalqın dəstəyini ala bilməz. Milli Şura təcrübəsi bunu bir daha sübut etdi”.
S.Novruzovun fikrincə, Milli Şuranın nəyə qadir olduğunu Azərbaycan ictimaiyyəti seçki dönəmində yetərincə görüb: “Onların mitinqlərinə dost-tanış, qohum-əqrəba, partiyaların üzvləri, jurnalistləri və hüquq-mühafizə orqanlarınınəməkdaşlarını da əlavə etsək, 1500-dən artıq insan toplaşmırdı. Hər mitinqdən sonra insanların sayı azalırdı. Bəzi siyasi partiyalar da utandığından sonuncu mitinqə gəlmədi. Gələnlər də utandığından tribunaya qalxmadı. Cəmil Həsənli də gəldi, bir-iki şer, mərsiyə dedi və getdi. Çünki insanlara təqdim edəcəkləri proqramları yoxdur. Onların səsləndirdiyi fikirlər hər gün mətbuatdan və sosial şəbəkələrdən insanlara dedikləridir. Buna görə də vaxt itirib mitinqə gəlməyin mənası yoxdur”.
S.Novruzovun sözlərinə görə, sabahkı mitinqin qiymət artımı ilə heç bir əlaqəsi yoxdur: “Milli Şuranın sabahkı mitinqinin qiymət artımına heç bir aidiyyəti yoxdur. Onlar guya xalqın yanında olduqlarını göstərmək istəyirlər. Əslində isəbelə deyil. Onlar yaranmış situasiyadan yararlanmaq istəyirlər”.
YAP-çı deputatın sözlərinə görə, hökumət benzinin qiymətinin artımı ilə bağlı fikirlərini ortaya qoyub: “Hökumət açıqladı ki, 7 ildir qiymətlər qalxmır, dünya bazarı var, bazar iqtisadiyyatıdır və benzinin qalxması digər sahələrdə qiymətin artmasına təsir etməyəcək. İqtisadi İnkişaf, Kənd Təsərrüfatı və Nəqliyyat nazirlikləri tərəfindən monitorinqlər aparıldı. Kənd Təsərrüfatı Nazirliyi açıqlama verdi ki, kənd təsərrüfatı mallarında qiymət artımı olmayacaq. Kənd təsərrüfatı texnikasına təsir edəcəksə, artımı nazirlik özü qarşılayacaq. Hökumət bunları edir. Bəs Milli Şura nə edəcək? Mitinqdə nə bir sürücü, nə bir kənd təsərrüfatı işçisi, nə də başqa bir şəxs iştirak edəcək. Yenə özləri olacaqlar”.
Qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənli Siyavuş Novruzovu öz mitinqlərinə dəvət etmişdi. Demişdi ki, “YAP-çı deputat müxalifətin mitinqlərinəgələnlərin az olduğunu deyirsə, gəlib dekabrın 15-dəki aksiyamızda iştirak etsin, mitinqə gələnləri özü saysın”.
Maraqlıdır, S.Novruzov sabah saat 14:00-da “İnşaatçılar” metrosunun yanındakı “Məhsul” stadionunda keçiriləcək icazəli aksiyaya qatılacaqmı?
Müxalifətin nədənsə əksər aksiyalarında görünən S.Novruzov bu suala cavabında dedi ki, digər mitinqlərdən fərqli olaraq sabahkı aksiyada iştirak etməyəcək: “Dəyərli vaxtımı bu lazımsız işə sərf etmək istəmirəm. Çünki bunun heç bir effekti yoxdur. Ora gələn insanların da vaxtı boşuna getmiş olacaq”.