Tanınmış hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyində keçirilmiş son kollegiya iclasını Moderator.az-a şərh edib:
Dünən Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında bir sıra maraqlı və yadda qalan hadisələr baş verib. Onlardan biri də Naxçıvandakı 5-ci Ordu Birləşməsinin bazasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasıdır. Bu da heç də təsadüfü deyil. Çünki Naxçıvan Muxtar Respublikası faktiki blokada şəraitindədir, ölkənin digər hissələri ilə quru yolla əlaqəsi yoxdur, yalnız təyyarə ilə ora gediş-gəliş mümkündür. Məhz buna görə də orada Əlahiddə Ümumqoşun Ordusunun olması son dərəcə vacib bir məsələ idi. İndi bir qədər arxayın nəfəs almaq olar ki, NMR baş üzərində dolaşan qara buludlar bir qədər kənara çəkilməyə məcbur olacaqlar.
Bu qoşun növünün digərlərindən əsaslı fərqi ondan ibarət olacaq ki, onlar bir mərkəzdən idarə olunacaq və NMR ərazisində olan bütün qoşun növləri bu Əlahiddə Ümumqoşun Ordusunun tərkibində fəaliyyət göstərəcəklər. Fərz edək ki, sabah Naxçıvan ətrafında hər hansı bir real təhlükə yaranarsa, onda kənardan kömək gələnədək bu birləşmə sərbəst şəkildə müharibə, döyüş əməliyyatı belə apara bilər.
İndi rəsmi məlumat və incələmələr olmadiğına görə müxtəlif şəxslər, müxtəlif prizmadan bu qərara qiymət verir, onu az qala fövqəada hadisə kimi təqdim etməyə çalışır. Şəxsən mən buna çox normal və qanunlar çərçivəsində baş vermiş qərar kimi yanaşmağın tərəfdarıyam. Yeganə narahatçılığım, bu birləşmənin müvəqqəti də olsa ümumi rəhbərliyi vəzifəsinin icrasının general-leytenant Kərəm Mustafayevə tapşırılmasına görədir. Çünki bu adam 5-ci Ordu Birləşməsinin komandiri kimi artıq uzun illərdir ki, yol verdiyi özbaşınalıqlara və qanun pozuntularına görə vəzifəsindən kənarlaşdırılmalı və məsuliyyətə cəlb edilməlidir. Çox istərdim ki, dövlət başçısı komandanın təsdiqi məsələsinə baxarkən, bu amili nəzərə alsın və Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə daha layiqli bir şəxsi təyin etsin.”