Deputat Çingiz Qənizadə “Bizim Yol” qəzetinə müsahibə verərək bildirib ki, şərait yaranacağı halda nazirlərin həbsi üçün hüquqi zəmin hazırlayır.
Maraqıldır, ortada bu qədər çılpaq korrupsiya faktı varkən cinayətkarların həbsi üçün daha nə lazımdır?
Moderator.az-a açıqlama verən tanınmış hüquqşunas Namizəd Səfərov Çingiz Qənizadənin fikirlərinə Çingiz Abdullayevdən sitat gətirdi:
“Müxbirlərdən biri bizim dünyaca ünlü yazıçımız Çingiz Abdullayevə sual verərək Azərbaycanda baş verən cinayət, korrupsiya faktları ilə bağlı niyə əsər yazmadığını soruşmuşdu.
Çingz müəllim bir az fikirləşdikdən sonra bu haqda yazı yazmaq üçün hələ ki, şəraitin olmadığını bildirmişdi.Yəni o, ölkədəki rüşvət, korrupsiya, cinayətlər haqda detektiv yazmaq üçün hələ ki, zəmin olmadığına işarə etmişdi. ”
Hüquqşunasın sözlərinə görə, ölkəmizdə əksər məmurların əməllərində cinayət tərkibi mövcuddur:
“Deputat Çingiz Qənizadə də, ictimaiyyət də bilir ki, ölkədə korrupsiyaya qurşanmış məmurların əməllərində cinayət tərkibi var. Lakin bu gün bu əməllərin ifşa olunması üçün mühit yoxdur. Deputat o şəxslər haqda cinayət işinin başlanacağı halda onlar haqda istintaqa məlumat verə biləcəyinə işarə edib. Əslində isə mən belə hesab edirəm ki, bu məlumatları Çingiz Qənizadənin verməsinə ehtiyac da yoxdur, hər şey açıq-aşkar ortadadır.”
Xəyal Əzizov