Gəncədə “Ətraf mühit və Mən” adlı layihənin yekunlaşması ilə bağlı tədbir olub. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sğzlərinə görə, tədbirdə şəhərin müxtəlif dövlət orqanlarının yetkililəri iştirak edib: “Tədbirdə "Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov iştirak edib.
"Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova çıxış edərək layihə haqqında ətraflı məlumat verib. Bildirib ki. layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. Təbiət qoynunda baş tutan faydalı layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər iştirak edib. “Ətraf mühit və Mən” adlı layihənin əsas məqsədi gənclərə təbiəti, ətraf mühiti daha çox sevdirmək, onları ekoloji problemlərin həllində aktivliyə səsləmək, ətraf mühitin çirklənməsinə səbəb olan amillərin araşdırılması və mövzu ilə bağlı gənclərin maraqlı fikirlərini öyrənmək olub. Layihə çərçivəsində “Odlar Yurdu” GİB-nın təşkil etdiyi “Qış məktəbi”ndə ətraf mühitlə bağlı maarifləndirici video-çarxlar nümayiş olunub, təlimçilərin mövzu ətrafında mühazirələri dinlənilib. Bundan başqa gənclərlə diskussiyalar aparılıb.
Daha sonra cıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov bildirib ki, Gəncədə fəaliyyət göstərən təşkilatlar artıq kifayət qədər uğurlar əldə edib və bu uğurlara görə gənclərə öz xüsusi təşəkkürünü bildirib. Mövzu ətrafında danışan Müşviq Cəfərov bu kimi tədbirlərin davamlı olmasını arzulayıb.
Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov isə bildirib ki, Gəncə şəhəri bu gün özünün gözəlliyi və imkanlarına görə respublikada xüsusi yer tutur. Belə ki, bu gün Gəncədə həm gənclər, həm də bütün sakinlər üçün kifayət qədər yaxşı şərait yaradılıb. Gəncə gəncləri haqqında geniş danışan Kənan Məmmədov sonda iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb.
Sonra gənclərin layihə müddətində görülən işlərdən qısa video-çarx nümayiş etdirilib.
Tədbirin sonunda layihə iştirakçıları "Şəhadətnamə"lərlə təltif edilib”.
Qeyd edək ki, “Qış məktəbi” layihəsi 15 -19 dekabr tarixlərini əhatə edib. Layihə çərçivəsində gənclər ətraf mühitlə bağlı yeni layihələrin hazırlanmasına da cəlb edilib.
Seymur Əliyev