Təxminən bir ay öncə övladı qətlə yetirilmiş bir ana Moderator.az-a müraciət edərək istintaqın ədaləti axtamaq əvəzinə cinayəti ört-basdır etdiyindən, qətli törətmiş şəxsin kimliyi bəlli olduğu halda münaiqşədə iştirak edən başqa bir şəxsin cinayəti öz üstünə götürdüyündən şikayət etmişdi. Biz də hadisəni ictimailəşdirərək Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmişdik. Nazirlik iddia edirdi ki, ananın ittihamları əsassızdır və baş vermiş cinayətin əsas günahkarları barəsində lazımi hüquqi ölçü götürülüb.
Xatırladaq ki, Atlas Orucova oğlunun qanının
batırılmasında Nərimanov Rayon prokuroru Fikrət Mahmudovu və həmin rayonun polis
idarəsinin rəis müavini Nadir Məmmədovu ittiham edərək onların qətli törətmiş
Emin Səfərovun müdafiə etmələrini bildirmişdi.
Dünən övladı qətlə yetirilmiş Atlas Orucova hadisə
yerində olmuş, bıçaq yarası alsa da ölümün pəncəsindən qurtulan ortancıl övladı
Bəxtiyar Orucovla yenidən Moderator.az-a müraciət edərək onlara köməklik göstərilməsini
xahiş ediblər. Bəxtiyar israrla istintaqın birtərəfli aparıldığını və qardaşını
qətlə yetirənin, onu isə ağır yaralayanın məhz Emin Səfərov olduğu halda Eminin
dostu Münasib Xəlilovun özünü qabağa verərək cinayəti üstünə götürməsini hec cür
anlaya bilmədiyini bildirib.
Atlas Orucova isə prezident İlham Əliyevdən
tutmuş Ombudsman Elmira Süleymanovayadək demək olar ki, hər kəsə dəfələrlə
teleqram vurduqlarını, ancaq ədalətin bərpa olunması və cinayətkarın layiqli cəza
alması üçün kimsənin kömək etmək istəmədiyini bildirdi: “Hara müraciət ediriksə,
deyirlər ki, məhkəmələr müstəqildir, biz onlara sifariiş vermək imkanında
deyilik. Bəs nə əcəb məhkəməy qədər qətlin üstündən 3 ay keçsə də Baş
Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Prezident Administrasiyası
hüquq-mühafizə orqanlarıyla iş şöbəsinin müdiri Fuad Ələsgərova göndərdiyimiz
çoxsaylı ərizələrimizə, teleqramlarımıza vaxtında cavab verilmədi ki, indi də
bizi başlarından etmək üçün “artıq gecdir” cavabı versinlər? Axı niyə Daxili
İşlər Naziri Ramil Usubov oğlumun qanını batıran Nərimanov Rayon Polis idarəsinin
rəis müavini Namiq Məmmədovun appaçıq cinayəti ört-basdır etməsinə göz yumur?
Eləcə də Baş Pokuror Zakir Qaralov cənabları Nərimanov rayon prokurorundan niyə bir dəfə soruşmur ki, hansı səbəbə hadisə
yerində olan və bıçaq yarası alsa da qardaşının kim tərəfindən qətlə yetirildiyini
görən Bəxtiyar Orucovun dediklərinə deyil, hətta həmin hadisə vaxtı orda
olmayanların verdikləri ifadə əsasında cinayətkarı himayə edərək cinayəti dəfələrlə
cinayət törətmiş başqa bir şəxsin boynuna yükləyir? “
Atlas Orucova oğlunun qatilinin layiq olduğu cəzanı
alanadək susmayacağını, hətta özünü prezidentin kortejinin altına atmağa
hazırlaşdığını da söylədi: “Mənim başımıza açılan bu müsibəti ölkə
prezidentinin diqqətinə çatdırmaq üçün başqa yolum qalmayıb. Bəlkə mənim
ölümümdən sonra səlahiyyət sahibləri əsl cinayətkarı ədalət mühakiməsinə təqdim
edələr.
Atlas Orucova sonda saytımız vasitəsilə səhiyyə
naziri Oqtay Şirəliyevə də müarciət edərək oğlunu qətlə yetirmiş Emin Səfərovun
hüquq-mühafizə orqanlarındakı himayədarlarının əliylə Maştağadakı 1 saylı ruhi əsəb
dispanserinə yerləşdirilməsini araşdırmağı, həkim Bilal Əsədovun şəxsi
maraqları naminə vəzifəsindən sui-istifadə etməsinə biganə qalmamağı xahiş
edib. Mövzunu diqqətdə saxlayacağıq və həm prokurorluq, həm də daxili işlər və
səhiyyə nazirliklərinin mövqeyini də işıqlandırmağa çalışacağıq. Bizi izləyin.