Yaddaşsızlıq problemindən əziyyət çəkməyən qədirbilən oxucularım yəqin sentyabrın 1-də yazdığım “Qəzzafi günü” adlı yazımı xatırlayırlar. Qısaca qeyd edim ki, o qədər də uzaq olmayan 1969-cu ilin sentyabrın ilk günündə gorbagor Müəmmar Qəzzafinin inqilab yoluyla Liviyada hakimiyyəti ələ keçirməsi gününə yazı həsr etməyi lazım bilmişdim, hələ bir təklif də etmişdim ki, bəşəriyyət bu günü “Qəzzafi günü” kimi qeyd etsə yaxşı olar, ən azından insanlar hər il 1 sentyabrda dünyadan belə bir başdanxarab diktatorun gəlib-getdiyini xatılayar. Bu cür mənhus adları xatırlamada isə məncə fayda vardır, illah da kı, gələcək nəsillər keçmişdə yaşanmış heyrətamiz olaylardan bu yolla məlumatlanmış olarlar...
Xülasə, indi də neçə gündü dincliyimi əlimdən
alan bir təqvim gününə də yazı həsr etməyi lazım bilirəm. Türkiyədə baş verən, şübhəsiz
ki, bundan sonra “Əsrin qalmaqalı” adlanmaq haqqına sahib anitkorrupsiya əməliyyatını
nəzərdə tuturam. Üstəlik, təklif edirəm ki, bundan sonra 17 dekabr Korrupsiyaya
Qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd edilsin. İmkanım olsaydı, BMT Baş
Katibi Pan Gi Mun həzrətlərinə bir şanlı məktub da yollayardım ki, səni and
verirəm Santa Klausun əziz canına, 17 dekabrın yaddan çıxmasına imkan verməsin.
Əlbəttə, kimlərsə başqa nümunələr gətirərək ötənlərdə hanısa ölkədə buna bənzər
antikorrupsiya əməliyyatı keçirildiyini də iddia edə bilər. Amma nahaq özlərini
soyuqsaqqal etməsinlər, söhbət az qala 500 milyard dollarlıq fırıldaqdan və
çirkli pulların “Fairy” şampunu kimi
asanlıqla yuyulmasından gedir. Bu sürüşkənlikdə kimlərin büdrəyəcəyi, kimlərin
yerə dəyib tələf olacağı zaman məsələsidir, ancaq bir şey yəqindir ki, Türkiyə
1999-cu ilin 17 avqust (təsadüflərə diqqət yetirməli-hər ikisi üçün 17 rəqəmi
xarakterikdir) zəlzələsindən daha dəhşətli siyasi zəlzələnin titrəyişlərindən
sarsılmış durumda...
Gerçəkdən
bu əməliyyatdan sonra nə qədər basıb-bağlasa da Ərdoğan iqtidarına bir quş,
2014-cü ildə Türkiyədə başqa bir siyasi rüzgarın əsəcəyi, AKP iqtidarının 12
illik təkbaşına hökümətinə son veriləcəyi burnundan uzağı görmək problemi
olmayan hər kəsə gün kimi aydındır.
Bir məqamı da unutmaq insafsızlıq olar. Bizim
şou-biznes gözəlçələrini çox vaxt qınayırıq ki, səsləri, perfomansları bir qəpiyə
dəyməsə də əndamlarını hərraca çıxararaq məmurlarımızı, onların ərköyün
balalarını yoldan çıxarıb kalan da xərcə salmağı bacarırlar. Amma dünən Türkiyə
telekanallarından 29 yaşlı Rza Zərrabın Ebru Gündeşə bağışladığı avtomobillərin,
mülklərin, zinət əşyalarının, nəhayət, təyyarələrinin siyahısını izlədikcə
“bizimkilərə şükür” deməkdən özümü saxlaya bilmədim...
Nəhayət, neçə gündü bir suala cavab
axtarıram-görəsən Türkiyəni qarışdıran o əjdahadan bizdə niyə yoxdur? Lütfən “Sənə
əjdaha lazımdır?” deməyin. Bəli, bu əjdaha təkcə mənə yox, cəmi məmləkətimizə
hava-su kimi lazımdır, özü də demokratiyadan- Avrointeqrasiyadan-zaddan daha həyati
əhəmiyyət kəsb eləyir. Amma kimsə belə bir nağılın bizdə də oxunacağına inanıb
umsuq olmasın, Azərbaycanda həmin əjdahanın peyda olmaq şansı Şaxta Babanın
gedib Tarif Şurasında oturanların üzünə tüpürməsi qədər irreal bir məsələdir.
Çünki sərhədlərimiz etibarlı əllərdədir, gömrük orqanlarımız dəvətsiz təşrif
buyurmuş Əjdahaya elə qiymət oxuyarlar ki, gəldiyi kimi də suyu süzülə-süzülə
gei qayıdar...