Bu gün səhər saatlarında Bakıda Yasamal rayonu ərazisində təşkil edilən kənd təsərrüfatı yarmarkası vətəndaşların ciddi narazılığına səbəb olub. Buna səbəb yarmarkanın plansız şəkildə təşkil edilməsi və bu səbəbdən də yarmarka ətrafında ciddi tıcaxlar formalaşdırması olub. Rayona səfər edən Moderator.az əməkdaşının da 1 saata qədər ləngidiyi tıxac digər vətəndaşların da etirazına səbəb olub. Vətəndaşların fikrincə, ucuz yarmarkaların vətəndaşların əsəblərini tarıma çəkmək hesabına təşkil edilməsi düzgün deyil və bu, vətəndaşlara əlavə problem yaratmaq kimi dəyərləndirilməlidir.
Yarmarka müxtəlif kənd və rayonlardan bazara məhsul gətirən xeyli sayda fermeri də narazı salıb. Belə ki, min bir əziyyətlə məhsul yetişdirən və onu yarmarkaya gətirən fermerlərin bir çoxunun yarmarkada iştirakına icazə verilməyib. Buna səbəb bəzi fermerlərin müəyyən sənədlərə malik olmaması, digərlərinin isə yarmarkada satışı nəzərdə tutulmayan məhsullar gətirməsi olub. Fermerlər isə hesab edir ki, onların yarmarkalarda iştirakına bu cür əngəllərin yaradılması heç kimin ”“ nə alıcıların, nə də satıcıların marağına xidmət etmir. Onların fikrincə, gələcəkdə təşkil ediləcək yarmarkalarda bu cür əngəllər aradan qaldırılmalı, fermerlərin yarmarkalarda iştirakı üçün bütün məhdudiyyətlər ortadan götürülməlidir.