Keçmiş daxili işlər naziri, bir neçə aydan sonra qurultaylarını keçirməyə hazırlaşan “Bozqurd”ların lideri İsgəndər Həmidov gündəmin bir sıra aktual mövzularıyla bağlı Moderator.az-ın bir neçə sualını cavablandırıb.
-Qələndər Muxtarlıyla bağlı son qərar verildimi? Onun yenidən partiyaya qaytarılması perspektivi varmı?
-Qələndəri çox istəyirəm və şəxsi müstəvidə heç vaxt onunla problemim olmayıb, həm özümə hörmət görmüşəm, ona da hörmətlə yanaşmışam. Hər şeyi bir yana qoysaq, ikimizin də bir Tərtər rayonumuz var. O mənim nəzərimdə əvvəlki kimi dəyərli bir dostum olaraq qalır. Amma siyasi fəaliyyət və partiya quruculuğu məsələsində onunla eyni fikirdə deyiləm. Partiya mənsubiyyətinin təməlində o dayanmalıdır ki, kollegial qəbul olunan qərarlara hörmət etməlisən. Yəni qərar qəbul olunanadək öz mövqeyini ortaya da qoya bilərsən, dəstək də istəməyə haqqın var, etirazını lap emosional şəkildə ifadə də etmək olar. Amma elə ki, qərar qəbul olundu, sənin borcundur ki, ona hörmət edəsən. Məni narahat edən odur ki, Qələndər yaxşı alim və tarixçi olsa da siyasi fəaliyyət məsələsində hələlik axtarışdadır. Qoy hələ axtarışları sona çatsın və nə etmək istədiyi özünə də, bizə də bəlli olandan sonra onunla bağlı yenidən fikirləşmək olar. Siyasət mümkün olanların reallaşdırılması elmidir.
-Qurultayda
onun yenidən partiyaya qaytarılmasıyla bağlı təşəbbüsdə bulunsalar necə?
-Qurultayda
belə bir şeyin baş verəcəyi absurddur. Çünki siyasi partiya nizamnamə ilə fəaliyyət
göstərir və artıq partiya üzvü olmayan bir şəxsin qurultayda üzvlüyə qəbul
olunması mümkün də deyil. Əvvəlcə müraciət edən şəxs hansısa rayon şöbəsində
qeydiyayata alındıqdan sonra onunla bağlı qərar verilir və ola bilsin ki, rəhbərlikdə
irəli çəkilməsi məsələsinə baxılır. Yəni hətta biz istəsək belə, prosedurlar
belə bir ehtimalı mümkünsüz edir.
-Qurultaya
hazırlıq üzrə Təşkilat Komitəsi neçə rayonda konfrans keçirə bilib?
-Bəlli
səbəblərdən ad çəkməyəcəm. Hələlik 3 rayonda konfranslarımız keçirilib, 17
rayonda da təşəbbüs qrupu yaranıb, demək olar ki, konfransa tam hazırdırlar.
-Qurultayı
nə vaxta planlaşdırırsınız?
-Təxminən
sentyabrın ortalarına.
-Yəni
parlament seçkiləri ilinə cəmisi 3 ay qalmış...
-Çox
düz analiz edirsiniz. Təbii ki, qurultayın qətnaməsində parlament seçkiləriylə
bağlı mövqeyimiz də millətə bəyan ediləcək. İndidən nəsə demək olmaz. Bir onu
bilirəm ki, gedəcəyimiz və imtina edəcəyimiz hər bir hal üçün səbəbləri aydın şəkildə
ortaya qoyacağıq.
-Milli
Şuranın tərk etdikdən sonra İsa Qəmbərlə intensiv məsləhətləşmələr apardığınız
iddia olunur.
-Əlbəttə,
İsa bəylə dostluğumuz onilliklərə söykənir və mənim Müsavatda tez-tez görünməyim
kimsədə qıcıq və ya allergiya yaratmamalıdır. Digər tərəfdən, bizim Təşkilat
Komitəmiz hər həftə Müsavat Qərargahında toplaşdığından orda olmağa məcburam.
Biz orda çox səmərəli müzakirələr aparırıq və hər kəs gördüyü işlərlə bağlı
hesabat verir, növbəti addımlar müəyyənləşdirlir. Bunun mənim Müsavat
başqanının kabinetindən çıxmamağım kimi qələmə verilməsi ya məlumatsızlıqdan
qaynaqlanır, ya qərəzdən.
-Amma
bu günlərdə demişdiniz ki, İsa bəylə parlament seçkiləriylə bağlı xeyli müzakirələr
aparmısınız və hətta indidən yerlərin müəyyənləşdirilməsinə,
razılaşdırılmasına başlanılıb.
-Bu
barədə də söhbətimiz olub. İsa bəylə razılaşmışıq ki, əgər parlament seçkilərinə
gedəsi olsaq kimin hansı dairədən namizədliyin i verməsini uzlaşdırcağıq. Ola
bilər ki, Müsavatdan başqa orda başqa partiyalar da olsun. Ola bilər ki, sabah
bu təşəbbüsə Milli Şura da qoşulsun. Bunlar yaxın gələcəyin məsələləridir.
-İsgəndər
Həmidovu da deputatlığa namizədlər arasında görəcəyikmi?
-Hələ
bu barədə qərar verməmişəm.
-Məhkumluğunuzun
götürülməməsi namizədliyi verməyinizə mane olmayacaq ki?
-Mənim
bununla bağlı şikayətim Avropa Məhkəməsində icraata götürülüb. Ancaq artıq həbsdən
çıxmağımdan 10 ildən artıq müddət
keçdiyindən avtomatik bu maneə qüvvədən düşür. Onu da deyim ki, namizədliyimi
verəsi olsam ya Bakıdan verəcəm, ya Sumqayıtdan.
-Niyə?
-Niyəsini
də deyim. Mən mübarizəni nəinki sevirəm, mübarizə üçün ölürəm. Təbii ki, Bakıda
və ya Sumqayıtda daha sanballı namizədlərlə qarşımıza çıxmağa çalışacaqlar. Mən də istəyirəm ki, belə
bir namizədlə mübarizə aparam. Mənə Tərtər və Kəlbəcərdən seçkiyə qatılmaq çox
asan olar. Mən bir neçə dəfə sizə də demişəm ki, mən maksimalistəm, mənim aləmimdə
iki rəng var, biri ağ, o biri qardadır.