Avropada mühacir həyatı yaşayan araşdırmaçı jurnalist Könül Sərdarlı Hollandiyada yaşayan Ələkrəm Hümbətovla əlaqə yaradaraq ondan Moderator.az üçün müsahibə götürüb, onu oxuculara təqdim edirik:
- Ələkrəm bəy, 19 fevral konfransı ilə əlaqəli Azərbaycan mətbuatında belə bir informasiya
yayıldı ki, Qarabağla bağlı müzakirələr tədbirin gündəliyindən çıxarılıb.Bu,
doğrudurmu?
- Bizim əsas məqsədimiz Qarabağ probleminin
olduğu kimi dünyaya təqdim edilməsi deyilmi? Problemin həllinə ağılla,
konstruktiv yanaşmaq əvəzinə tamamilə başqa yollarla gedir, bir-birimizə nifrəti
gücləndirməyə çalışırıq. Tədbirdə iştirak etmək əvəzinə Azərbaycan iqtidarı və
müxalifəti hansı yolu və hansı mövqeni tutdu? Suallar çoxdur, əvvəl onların
cavabını özümüzdə axtarıb tapaq. Boğazdan yuxarı pafosla danımaqla deyil ki. Görünən
odur ki, biz istəmirik Qarabağı! Nə qədər də desək ki, Qarabağ bizimdir, yalan
deyirik, əksinə, konfliktin daha da dərinləşməsini istəyirik. Hətta yeni
konfliktlər yaranmasını istəyənlər də var. Biz, bizə yaxın insanlarla dialoq
yaradıb, dərdlərini dinləmək əvəzinə onlara yeni dərdlər yaradırıq, nifrət
aşılayırıq. Lakin diqqətlə və savadla yanaşıb təhlil etməyə ehtiyacımız var. İş
görmək istəyənlərə də maneə yaratmaqsa az qala məqsədimizə, ənənəmizə çevrilib.
İş görmək istəməyənlərin ucuz şüarlarına uyub, vəziyyəti daha da ağırlaşdırmağa
getməyimiz görünür kiməsə lazımdır, bunu mən bu gün anlayıram. İnanırsınız, Azərbaycan
mətbuatına müsahibə vermək, səmimi söhbət etmək də çox çətindir. Azərbaycan
ictimai rəyini onun jurnalistləri yaradır. Hamısına da aid etməsəm, yenə də deyə
bilərəm ki, adını jurnalist qoyan, lakin nalayiq davranışları ilə Azərbaycanda
ictimai rəyi zəhərləyən insanlardan ibarətdir bu günki mətbuatımız. Öz məişət
problemlərini həll etmək üçün müəyyən qüvvələrə təslim olan jurnalistlər ədalətə
və həqiqətə arxa çeviriblər.
- Azərbaycanda bütün sahələr bu vəziyyətdədir.
- Bilirəm, ancaq jurnalistika belə
olmamalıydı. Jurnalistlər ədalətli, düzgün, tərəfsiz xəbərləri yaymalı idi.
Lakin bu gün Azərbaycanda həqiqətlər təhrif olunur və bir çox mətbu orqanlarda
gedən yazılar tərəfli və həqiqətin təhrif olunması ilə müşayət olunur. Axı
bizim vəziyyətimiz ağırdır. Əksəriyyət başa düşmür ki, bizim özümüzün əlimizlə
bizi idarə edənlərin Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək istəyi böyük
şübhələr altındadır. Belə getsə, mümkün də olmayacaq heç zaman. Beynəlxalq
ictimai fikiri bu məsələyə cəlb edərək ətraflı müzakirə yol açmaq, gənclərimizin
bir daha qanının tökülməməsi üçün kimsə nə isə etmək istədiyində qisqanclıqla
yanaşılır, müxtəlif formalarda təzyiqlər göstərilir. Təsəvvür edin ki, Azərbaycan
iqtidarı tərəfindən edilən təsirlərin nəticəsində konfransın adı dəyişdirildi.
Bunun nəticəsi olaraq Qarabağ məsələsinə daha geniş müzakirələr nəzərdə
tutulmuşdu, lakin zaman bir az qısaldıldı. Azərbaycan mətbuatına yalan
informasiya ötürüldü ki, guya tədbir ləğv olunub və ya tədbirin gündəliyindən
Qarabağ məsələsi çıxarılıb. Fəxarətlə elanlar verdilər, məqalələr yazdılar. Bu
yolla Qarabağ problemini, insanların qarşılıqlı hörmət və anlaşma şəraitində öz
probleminə yanaşmasını, həllində iştirakını tormozlamaqdan başqa nəyə nail oldular?
Problemin həlli qarşılıqlı dialoqdan asılıdır. Lakin bütün bu münasibət göstərdi
ki, bizim ölkədə tərəfdaş tapmaq çox çətindir.İyirmi ildir bu məsələnin həllini
başqalarının ümidinə, öhdəsinə buraxmışıq,
gəlin bir az da özümüz məşğul olaq. Bəs niyə həll olunmur? Heç həll olunmayacaq
da! Sizin münasibətiniz anlaşılmazdır! Biz hər zaman Azərbaycan türklərinin
yanında olmuşuq. İndi bu məsələnin həll olunmasında da sizin yanınızdayıq, həlli
yollarını axtarırıq. Niyə xoşniyyətli təşəbbüslərimizi neqativ dəyərləndirirsiniz?
- Konfransdakı çıxışınızda
Qarabağla əməkdaşlıqdan məmnun olmanızı bildirməniz və ermənilərin çıxış etməsi
fonunda Qarabağın azərbaycanlı əhalisinin təmsilçisinin orada olmaması təəssüf
doğurdu. Niyə onlar dəvət edilməmişdi?
- Kimi dəvət etmək tədbirin təşkilatçılarının səlahiyyətində
olan bir işdir. Tədbirə bir avtobus boşboğazı göndərməkdənsə, Azərbaycan səfirliyi
ağıllı, savadlı insanları niyə göndərmirdi və nəyə görə dialoqun qurulmasına şərait
yaratmırdı? Kim iştirak etmək istədi ki, iştirakına maneə yaradıldı?
- Mən iştirak etmək
istəyirdim, qeydiyyatdan da keçmişdim, lakin sənədlərim düzəlmədi və gələ bilmədim.
- Siz jurnalistsiniz. Bir fərdsiniz. Biz bunu
Azərbaycanı təmsil etmək iddiasında olan cənablardan- sözdə demokratik təşkilatlardan,
diaspora qurumlarından, Azərbaycanın iqtidarından və müxalifətindən gözləyirdik!
Kim müraciət etdi ki,biz şərait yaratmadıq? Bir neçə ay bundan öncə İsa Qəmbər
Belçikaya gəldiyində ona Hollandiya təmsilçisi müraciət edib, demişdi ki, sizi
Hollandiyaya aparaq, Haaqaya və Əlikram Hümbətovla görüşünüzü təşkil edək.
Dialoq qurulmasında və Azərbaycanın problemlərinin həll edilməsində, bəzi
taleyüklü məsələlərə aydınlıq gətirilməsində yardımçı olmaqda maraqlıyıq. Onun
Hollandiya təmsilçisi təklifi verənin üstünə hücum çəkmişdi ki, Ələkrəm
separatçıdır və İsa Qəmbər onunla görüşə bilməz. Bu nə dərəcədə ağıllı münasibətdir?
Həmin nümayəndə İsa Qəmbərə Hollandiyalı nümayəndənin yaxınlaşmasına da imkan
verməyib, lakin İsa bəy bunu müşahidə etsə də heç bir reaksiya verməyib.
- Bir məqam
oxucularda sual yaradacaq ki, niyə görə İsa bəy sizinlə görüşə gəlməli idi,
sizin yaşadığınız yerə? Keçən il seçki öncəsi Belçikada keçirilən Azərbaycanla
bağlı dinləmələrdə İsa Qəmbər də iştirak etdiyində, bilirəm ki, siz də dəvətli
idiniz. Özünüz oraya niyə gəlməmişdiniz?
- Mənə dəvət gəlmişdi. Öncə çıxış üçün söz
veriləcəyi söylənsə də, sonradan məktub gəldi ki, sizə söz verilməyəcək. Mən də
cavab yazdım ki, o zaman gəlməmə heç bir səbəb qalmadı. Bu İsa Qəmbərə bizim tərəfimizdən
edilən təklif idi, o da fərqli təklif edə bilərdi. Təklif verəydi ki, ora
getmirəm, gəlin filan yerə görüşüb, söhbət edək. Niyə bunu etmədilər? Əksinə,
Musavat Partiyasının nümayəndəsi Hollandiyada mənə qarşı kampaniya aparır, Ələkrəmlə
münasibət yaradanlara "ictimai qinaq" görüntüsü yaradır. Bu nə hərəkətdir?
-Yeri gəlmişkən, Hollandiyada
yaşayan soydaşlarımız danışdı ki, bir neçə il öncə musavatçı sizi Hollandiyadakı
Xocalı soyqırımı abidəsinin yanından uzaqlaşdırıb. Bir daha oraya gəlməmənizi
istəyib. Bu, nə dərəcədə doğrudur?
- Abidə oraya qoyulandan hər cümə axşamı oraya
getmişəm. Gül əkmişəm, təmizlik işləri aparmışam. Bir ara səhhətimlə bağlı
problemlərdən getmək imkanım olmayıb, amma yenə də getməkdə davam edəcəyəm! Təhdidlərsə
dəfələrlə olub. Tədbirlərində isə qabaqcadan xəbər göndəriblər ki, gəlməyim və
iştirak etməyim. Mən də çox vaxt getməmışəm. Mənə səfirlik, diaspora səviyyəsində
xəbər göndəriblər ki, onların toplaşdığı tədbirə getməyim, mən də hər il
fevralın 26-sı getmişəm o abidəni ziyarət etmişəm, dualarımı oxumuşam,
ehtiramımı bildirmişəm. Onlar mənim şəhidlərimdir. Mən döyüşmüşəm. Mən
Xocalının ağır günlərini yaşamışam. Onlarla sohbət eləmişəm, yanaşı olmuşam”¦
Ardı var...