Yanvarın 21-də Bakı Apelyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli Insanovun işi üzrə məhkəmə prosesi davam edib. Prokuror çıxışında Əli Insanovun 11 il azadlıqdan məhrum edilməsi barədə Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin çıxartdığı 20 aprel 2007-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını təklif edib. Əli Insanovun vəkilləri isə onun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bakı Apelyasiya Məhkəməsinin qərarı fevralın 25-də məlum olacaq.
Məhkəmənin gedişi, Əli Insanova qarşı münasibət onu göstərir ki, böyük ehtimalla qərar qüvvədə qalacaq. Maraqlı məqam bundan ibarətdir ki, məhkəmə prosesi Avropa Məhkəməsinin 14 mart 2013-cü ildə Insanovun ədalətli məhkəmə təhqiqatı hüquqlarının pozulması haqqında qərar qəbul etməsi ilə əlaqədar aparılır. Avropa Məhkəməsinin qərarının icrası üçün Azərbaycan Ali Məhkəməsinin Plenumu 15 noyabr 2013-cü ildə işi təkrar baxılması üçün BAM-a göndərib.
Yəni Avropa Məhkəməsi Əli Insanovla bağlı mövcud qərarın ədalətsiz olduğuna görə təkrar məhkəmə keçirilməsi üçün qərar verib. Indi, eyni qərarı qüvvədə saxlamaq və belə təkliflə çıxış etmək gülməli və qeyri-ciddi görünür.
Əli Insanovun vəkili Toğrul Babayev bildirdi ki, qərar qüvvədə saxlanılacağı təqdirdə Avropa Məhkəməsinə yenidən müraciət olunacaq: “Ali Məhkəmənin sədri Ramil Rzayev Ali Məhkəmənin Plenumunda bildirdi ki, biz müstəqil dövlətik və heç bir məhkəmə bizə göstəriş verə bilməz. Bu fikri rəhbər tutub, məhkəmə də qərarı qüvvədə saxlayacaq. Belə məhkəmə prosesi olmaz. Heç bir vəsatət təmin olunmur, qanun pozuntuları nəzərə alınmır. Keçmişdə qəbul olunmuş qanunsuz qərarları, bu gün də davam etdirirlər. Qərar qüvvədə qalacağı təqdirdə dərhal Avropa Məhkəməsinə müraciət edəcəyik”.
Vəkil Fuad Ağayev Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə əməl etməli olduğunu bildirdi: “Avropa Məhkəməsinin qərarına əsasən müəyyən edilmiş pozuntular aradan qaldırılmalıdır. Ancaq bu gediş pozuntuların aradan qaldırılmayacağını göstərir. Faktiki olaraq Azərbaycan dövləti özünün məhkəməsi səviyyəsində üzərinə götürmüş olduğu beynəlxalq hüquqi öhdəlikləri pozmuş olacaq. Nə qədər ki, gec deyil məhkəmə öz mövqeyini dəqiqləşdirməlidir. Prokuror çox söz deyə bilər, yekun qərar məhkəmələrindi. Beynəlxalq öhdəliklər icra olunmalıdır. Qərar qüvvədə saxlanılarsa, Avropa Məhkəməsinə müraciət olunmalıdır və Azərbaycan tərəfinin beynəlxalq hüquqi normalara əməl etmədiyi bildirilməlidir”.