Sumqayıtda “Sülh” küçəsindəki “Nizami” parkına məxsus xeyli ərazinin icra başçısı Eldar Əzizovun “xeyir-duası” ilə müxtəlif iş adamlarının mülkiyyətinə verilməsi ilə bağlı ölkə mətbuatında dərc olunan məlumatlar bitmək bilmir.
Bugünlərdə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, E.Əzizov parkın sürətlə kiçilən ərazisinin bir qismini “Nəsimi” aptekinin istifadəsinə verib. Artıq aptekin parka doğru genişləndirilməsi məqsədi ilə bütün hazırlıq işlərinin başa çatdığı, dəmir-beton konstruksiya özüllərinin tamamlandığı bildirlir.Yaxın bir neçə gündə obyektin genişləndirilməsi layihəsinin başa çatacağı gözlənilir.
Mənbənin bildirdiyinə görə, sabiq icra başçısı Vaqif Əliyevin dövründə baxımlı vəziyyətdə olan və heç bir iş adamına güzəştə gedilməyən parkın qarış-qarış satılması prosesinin qarşıdakı aylarda da davam edəcəyi ehtimal edilir. Məlumat üçün qeyd edək ki, E.Əzizovun icra başçısı postuna gəlişindən sonra ərazisi yarıbayarı kiçilən “Nizami” parkı şəhərin ən mərkəzi parkı hesab olunur.