Krımın Rusiya tərəfindən ilhaqı prosesinin bütün türk toplumu və demokratik dünyada doğurduğu narahatlıq davam edir. Bununla bağlı Moderator.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Putin Rusiyasının dünya üçün vəd etdiyi təhlükəyə diqqət çəkib:
“Türk dünyasının və ya türk dövlətləri və topluluqlarının bir çətir altında birləşdirilməsi ideyası gözəldir. İdeallarımızdır. Uzaq Sibirdən tutmuş dünyanın dörd bir tərəfində qurulmuş türk dövlətləri - Orta Asiya. Türkiyə, Şimali Azərbaycan, eyni zamanda 20-ə qədər muxtar qurum və topluluq mövcuddur. Məncə Krımın və ya Doğu Türküstanın hansı dövlətin tərkibində olmasından daha çox bəşəriyyət üçün önəmli olan şərin ayaq açması, dünyanın mizan tərəzisini pozmaq istəyində olan, imperiya, qan kabusu peyda olmuş Rusiyanın Putin avantürasının mövcudluğudur. Postsovet məkanı, Avropa dövlətləri və bəşəriyyət təhlükə ilə üz-üzədir. İstiqlal məfkurəsi, demokratiya ölümlə üz-üzədir. Təbii ki, mən dünyanın bu Putin tələsindən çıxmasına inanıram. Amma təhlükə realdır. Bu gün bütün səylər Rusiyanı bu qorxulu ssenaridən imtinaya yönəlməlidir. Asetiya, abxaziya, Dnestryanı, Qarabağ və . s. etnik münaqişə zonalarını körükləyən də Rusiyadır. Türkiyə türk dünyasının avanqardıdır. Onun üzərinə düşən məsuliyyət də ağırdır. Türkiyənin bu mərhələdə məncə edəcəyi bundan ibarətdir. Türkiyə güclü olmalı, dayanıqlılığı sarsılmaz olmalıdır. Təəssüf ki, qərb və şərq tərəfindən basqılar, Pusiyanın PKK layihəsi, iç savaşa çox enerji sərfi, qütbləşmənin dərinləşməsi kimi izafi enerji itkisinə səbəb olan situasiya yaratmışdır. Bu zaman ciddi konfliktlərə gediş daha ağır durum yarada bilər. Bunu nəzərə almağımız çox önəmlidir. Türkiyə eyni zamanda imkanı çatan diplomatik addımlarını atmaqdadır. Biz ümümi düşmənə qarşı dirəniş üzərində düşünsək və bu istiqamətdə daha ardıcıl addımlar atsaq dünya bundan qazanar. O cümlədən, Krım və türk dünyası”.
Seymur Əliyev