Moderator.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində dünyanın futbol nəhənglərinin uğurlarını və Azərbaycan hakimiyyətinin fərsizliyini müqayisəli şəkildə dəyərləndirib. Açıqlamada deyilir:
“Dünən Çempionlar liqasının növbəti mərhələsinə çıxış üçün play-off qaydasında keçirilən 2 matç var idi. Dünya klub qrandları meydanda idi. Bu mərhələyə demək olar ki, zəif klublar qalmır.
Əvvəldən deyim ki, Avropa komandalarından "Barselona" azarkeşiyəm, Messini isə 21-ci əsrin futbol əfsanəsi hesab edirəm. İlk dəfə idi komandamın məğlubiyyəti məni məyus etmədi. Bu haqda bir qədər sonra...
Müasir dünyada futbol o qədər inkişaf edib ki, insan həyatının bir hissəsinə çevrilməklə yanaşı, idman növü olaraq, statusunu dəyişib. Futbol artıq böyük siyasətin, iqtisadiyyatın, məişətin bir hissəsi hesab edilir. Bunları əsaslandırmaq üçün xeyli misallar çəkə bilərəm, lakin məqsədim o deyil.
Dünənki oyunlardan hasil etdiklərimin siyasi paralellərini bölüşmək istərdim:
1. Eyni zamanda keçirilən 2 oyunda məşqçı Qvardiolanın Münhendə yeni, Madriddə isə köhnə heyəti oynayırdı. Demək olar ki, Qvardiolanın gedişindən sonra heyətdə heç bir dəyişikliyə məruz qalmayan Barsa, meydanda çox zəif görünürdü. Məşqçi dəyişikliyi komandaya həlledici dərəcədə mənfi təsir göstərib. Yönətmənin(menecerin, nazirin, baş nazirin, prezidentin) rolu siyasi həyatda da bu qədər həlledicidir.
2.Çox pul xərcləmək vacib deyil, necə xərcləmək daha önəmlidir. Dünən Madriddə keçirilən oyunda paytaxt "Atletiko"su kataloniyalıları sıradan çıxardı. Paytaxt klubu İspaniya premerosunda da 1-ci yerdədir. Baxmayaraq ki, bu klubun büdcəsi digər 2 izləyicisi- Real və Barsa-dan bir neçə dəfə azdır, klub işin düzgün təşkili ilə daha yaxşı nəticələr əldə edir. Bizim hakimiyyət də pulu göyə sovurmayıb, idarəçiliyi effektiv təşkil edə bilsəydi, ölkədə qarşılaşdığımız eybəcər və anormal vəziyyət olmazdı- işsizlik, bahaçılıq, maaş və müavinatların bazarla qeyri-mütənasibliyi, məmur ailələrinin harınlığı....Gör vəziyyət nə yerə çatıb ki, kənd təsərrüfatı məhsullarını Misir, Hollandiya, Gürcüstandan idxal edirik. Budur "analoqu" olmayan idarəçiliyin məntiqi nəticəsi. Hakimiyyət isə Konstitusiya vəzifəsini yerinə yetirib, torpaqları işğöaldan azad etmək əvəzinə, gül bayramına şıdırğı hazırlıq çərçivəsində, düşmən nəzarətində olan rayonların maketini qurur.
3. Dünən meydanda olan klublar 3 dövlətin - Almaniya, Böyük Britaniya, İspaniya klubları idi. Hər 3 dövlət güclü iqtisadi sistemə malik dövlətlərdir. Sistem qurmaq məharəti inkişaf etmiş millətlərə xas olan keyfiyyətdir. Sistemsiz heç bir sahədə heç bir nəticə əldə etmək mümkün deyil. Qurulacaq sistem adlı mexanizmin necəliyi də mühümdür. Belə ki, 2-yə bölünmüş koreyalılar fərqli 2 sistemdə yaşayırlar. Şimali Koreyada 1-ci şəxs qohumlarını öldürdükdən sonra, nazirini cəzalandırmaq üçün öz əli ilə yandırır, dünyaya hədə-qorxu gəlir. Belə şəraitdə xalqı böyük ehtiyaclar içərisində yaşayır. Cənubi Koreya isə düzgün iş prinsipinə sahib olduğu səbəbi ilə dünyanın aparıcı, texnolji baxımdan inkişaf etmiş dövlətləri sırasındadır. Həyat səviyyəsinə görə dünyada aparıcı yerlərdən birini tutur. Cənubluların qurduğu yalnız "Samsunq" şirkəti ötən ilin nəticələrinə görə qazandığı vəsait Azərbaycanın qazancından təqribən 1.5 dəfə artıqdır. Bizdə formalaşdırılan sistem isə hakimiyyəti qoruyub saxlamaq və ölkənin 5% əhalisini varlandırmağa xidmət edir.
Əvvəldə qeyd etdiym kimi, sevimli komandamın məğlubiyyətinə heyfslənməməyimin səbəbi isə sadədir. Madridlilər xeyli müddətdir meydana geyimlərində "AZƏRBAYCAN - Odlar Yurdu" yazısı ilə çıxırlar. "Atletiko" adıçəkilən turnirdə nə qədər irəliləsə bir o qədər dövlətimiz təbliğ ediləcək. Bizlərdən oğurlanan vəsaitin müxtəlif yaramaz işlərə sərf olunmağındansa, heç olmasa belə işlərə məsrəfi daha məqsədəuyğundur. Bir də kim bilir, biz azərbaycanlıları belə fərsiz hökümətlə dünyanın bəlasından qoruyan mələklər bəlkə madridlilərin də köməyinə gəlir?!”