Rusiyanın Krımı ilhaqından sonra Kremlin digər respublikaların, eləcə də Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə zərər verə biləcək bəyanatları ölkədə “beşinci kalon” deyilən rusiyapərəst qüvvələrin fəallaşmasına səbəb olub. Təəssüflər olsun ki, bu cür insanların arasında təkcə sadə insanlar deyil, hakimiyyətdə yüksək post tutan məmurlar, uzun illər müstəqil Azərbaycanın parlamentində təmsil olunanlar, elm adamları kimi tanınan şəxslər də vardır. Uzun illər hakimiyyətin apardığı siyasət nəticəsində ehtiyac içində yaşayan, repressiyanın qurbanı olan, səbatsız, yalnız sosial problemlərini düşünən fatmanisələri, məhəmmədhəsənləri bəlkə də nastoloji hislərlə yaşadıqlarına görə qınamaq olmaz. Çünki onlar yağışdan çıxıb, yağmura düşmüş insanlardırlar. Burada 21-il hakimiyyətdə olan indiki iqtidarın günahı böyükdür. Hakimiyyətin bu illər ərzində yaratdığı sosial bərabərsizlik, insan haqların sahəsində baş verən pozuntular, seçki saxtakarlıqları, fərqli düşüncə sahiblərinə qarşı basqılar, kiçik və orta sahibkarlığın inkişafında yaratdığı maneələr, məhkəmələrin müstəqil olmaması, iqtisadiyyatda yaradılan monopoliya, bütün sahələrdəki korrupsiya və rüşvətxorluq, qanunların işləməməsi, təhsil və səhiyyə sistemində olan eybəcərliklər insanları usandırır. Hakimiyyətin apardığı bu siyasət, yeri gəldi-gəlmədi Avropanın əleyhinə etdiyi tənqid və bəyanatlar, demokratiya üzərində manipulyasiya məqsədli şəkildə sovet təfəkküründən tam ayrıla bilməyən insanlarda demokratiyaya qarşı mənfi effekt yaradıb, Sovetin “çiçəklənmə” dövründə yaşayan insanlarda nastoloji hislərin oyanmasında başlıca rol oynayır ki, bundan da həm içdə, həm də xaricdə bəzi güclər dövlətin müstəqilliyi əleyhinə çox rahatca istifadə etməyə çalışırlar.
Onlardan fərqli olaraq uzun illər hakimiyyətdə təmsil olunaraq xalqın talanmış sərvətləri hesabına özləri üçün çox gözəl gün-güzəran yaradıb, müstəqilliyin əsil bəhrəsini görən şəxslərin dövlətin müstəqilliyi əleyhinə olan bəyanat, təbliğat və fikirlərdə yer alması anlaşılan deyil.
Çünki, bu insanlar müstəqilliyin nə demək olduğunu, dövlət müstəqilliyinin qazanılmasının nələrə başa gəldiyini, Çar Rusiyasının Azərbaycanı işğal etdiyi vaxtdan bu günə qədər millətin başına hansı faciələri gətirdiklərini bilməmiş deyillər. Bu adamlar unutmamalıdırlar ki, dövlət Azərbaycan vətəndaşlarının üzərinə mövqeyindən, vəzifəsindən asılı olmayaraq vətənin ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini qorumaq kimi müqəddəs bir vəzifə qoyub. Bu vəzifənin yerinə yetirilməməsi, ayrı-ayrı orqanlarda bu vəzifəyə qarşı səs vermələr, müsahibələr, mövqelər sərgilənməsi yol verilməzdir. müstəqilliyimizin bərpasında 23 il keçməsinə baxmayaraq, müstəqil dövlətimizdə yüksək mənsəb sahibi olmalarına baxmayaraq hələ də Azərbaycan qanunlarını pozaraq iş yerlərində, görüşlərdə Rus dilində danışır, bir çoxları isə hətta Azərbaycan türkəsinində belə doğru dürüst bilmirlər və uzun illərdir aidiyyəti qurumlar isə bu məsləyə biganə yanaşır.
Təəssüflər olsun ki, dövlət məmurlarının, o cümlədən seçilmiş şəxslərin bəzilərinin dövlətin maraqlarına xidmət edən siyasətin əleyhinə mövqe ifadə etmələri gələcəkdə Rusiya və yaxud da bir başqa dövlətin köləsi olmaq baxımından, həmin dövlətin apardığı siyasətin önünə düşüb gedəcəyinə heç bir şübhə yeri qoymur. Baş verənlər onu deməyə əsas verir ki, vətəni dövləti sevmək, qorumaq anlayışı insanların hansı mənsəbdə , vəzifədə, sosial kateqoriyada olmasından asılı deyil, bu kökdən, zatdan, xislətdən irəli gələn bir şeydir. Demək ki, Əliheydər Qarayevlərin tör-töküntüləri hələ də qalmaqdadır.
Yüz illər boyu faciələrimizin baiskarı olan Rusiyanın Azərbaycana gətirdiyi bəlaları qısa xronologiya ilə “ beşinci kalon” adlanan Rusiya yandaşlarına bir daha xatırlatmağı özümüzə borc bilirik. Bu adamlar unutmasınlar ki, 1813-ci ildə Gülüstan müqaviləsi ilə Azərbaycanın parçalanmasının təməlini qoyan və 1828-ci il Türkmənçay müqaviləsi ilə başa çatdıran tərəflərdən biri məhz Rusiya idi. Elə bu dövrdən etibarən erməniləri Qarabağa kütləvi şəkildə köçürməklə Rusiya bugünkü Qarabağ konfliktinin də yaranmasına zəmin hazırladı. 1918-ci ilin mart soyqırımında on minlərlə soydaşımızın öldürülməsini də Ermənilər Rus bolşeviklərinin dəstəyi ilə həyata keçirmədilərmi? Şərqdə qurulan ilk Azərbaycan Demokratik Cumhuriyyətini 11-ci qızıl ordu süquta yetirmədimi? Həmin dövrdə ərazisi 114 min km 2 olan Azərbaycan ərazilərinin bir hissəsi Ermənistana verilməklə 86 min km2-ə qədər azaldıldı. Təsəvvür edirmisiniz ki, əgər Cumhuriyyətimiz süquta yertirlməsəydi bu gün 95 illik güclü, qüdrətli, əhalisi firavan yaşayan bir dövlətimiz var idi.
30-cu illərin repressiya dövründə 30 mindən artıq ziyalımızın kəsilən başının fəsadlarını bu gündə yaşayırıq. Bəzən xalqı proseslərdə biganə, qorxaq olmaqda ittiham edənlər bilməlidirlər ki, bu gün xalqın qorxaq, müti, köləliyə meylli olmasının başlıca baiskarı məhz Sovetin 30-cu il repressiyasıdır. Millətin düşünən beyinləri, ziyalıları güllələndi, sürgün edildi əvəzində 70 ildə böyük bir kölə, müti, qorxaq bir zümrə yaradıldı.
Yəqin ki, yaxın tariximizdə yaşadığımız 20 yanvar, Xocalı faicəsini, hazırda Qarabağ uğrunda bu günə qədər verdiyimiz şəhidləri unutmamışıq.
Azərbaycan dövlətçiliyi əleyhinə fikirlər səsləndirərək, təbliğat aparan “beşinci kalon ”a məxsus şəxslərin əl qolunu sallayaraq gəzməsi, hələ də dövlətdə yüksək vəzifələr tutması, seçkili orqanlarda təmsil olunması başa düşülən deyil. Hesab edirik ki, başqa dövlətə cəsusluq etmək nə qədər təhlükəli hesab edilirsə, dövlətçilik əleyhinə çıxış edərək, açıq şəkildə Rusiyanı işğala çağırmaq bundan qat-qat təhlükəlidir. Hakimiyyət bu insanlara qarşı da hərəkətə keçməli, profilaktik tədbirlər görməlidir.
Bu zümrədən olan insanlar unutmasınlar ki, tarix təkrarlansa da, zaman o zaman deyil. Müstəqilliyimizin bərpasından 24 il keçir, 18-ci ildən fərqli olaraq bu gün oturuşmuş, müasir texnikalarla təchiz edilmiş ordumuz var. Dünyanın super gücləri ilə böyük müqavilələr həyata keçirilib və həmin dövlətlər Azərbaycana milyardlarla sərmayə qoyublar. Bu illər ərzində Qardaş Türkiyə ilə, cənubda yaşayan 30 milyona yaxın soydaşlarımızla təmaslarımız qurulub. Bu gün sosial vəziyyətindən, vəzifəsindən, iqtidar və ya müxalifətdə olmasından, repressiyalara məruz qalmasından asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, dövlətçiliyimiz üçün canından keçə biləcək yüz minlərlə vətənsevənlər var. Azərbaycanın müstəqilliyin əlindən almaq o qədər də asan deyil.Bu səbəbdən “beşinci kalon” adlanan Rusiya yandaşlarının arzular gözlərində qalacaq.
Elman Abbasov