“Qafqazinfo” bu münasibətlə şairin bir neçə şeirini “Kitab evi”nin oxucularına təqdim edir:
Allaha müraciət”¦
Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
Günaha batmağım gəlib, ay Allah”¦
Günaha batmağım gəlib, ay Allah,
Cəsarət dəmidir, saxlama məni,
Sənə inamdan da gözəl bir qız var,
Xəyanət dəmidir, saxlama məni.
Nə millət uğrunda, nə yurd uğrunda,
Nə türklük uğrunda, boz qurd uğrunda,
Sevdalı faciə, xoş dərd uğrunda
Fəlakət dəmidir, saxlama məni.
Özün bax, gör dünya nələrlə dolmuş.
Gör nələr olacaq, gör nələr olmuş,
Yalanla, şərabla, qəmlə yoğrulmuş
Həqiqət dəmidir, saxlama məni.
Qoy artsın dirimə, ölümə söyən.
Halıma ağlayıb dizinə döyən,
Baxtın şahə qalxan atı kişnəyən
Səadət dəmidir, saxlama məni.
Dəymə, qoy qəlbimə girsin bu ilan,
Onun zəhərinə indi can qurban,
Bütün qanunlara meydan oxuyan
Cinayət dəmidir, saxlama məni.
Qoy bu gün sevinim, utanım sabah
Yarımçıq çıxmasın sinəmdən bu ah,
Günaha batmağım gəlib, ay Allah,
Məhəbbət dəmidir, saxlama məni!
1996
Salam, ata”¦
Salam, ata, salam.
Bilirəm, arxamdasan.
Məzarından cəmi əlli-altmış
addım bu yanda dayanıb
trolleybus gözləyirəm.
Trolleybusa minib,
sənin yanına gələnə qədər
yaşamağa gedəcəyəm.
Ömür bu imiş, ata?
Gəldi...
Salam trolleybus,
əlvida ata...
1982
Biz yox, Allah inanmır bizə”¦
Biz yox,
Allah inanmır bizə...
İnanmır əlimiz qana batanda,
insan insana daş atanda.
Ancaq göy üzü
uşaq təbəssümü kimi görünəndə gözə,
insan "Dünya gözəldir" deyəndə
üzünü tutub dənizə.
biz yox,
Allah inanır bizə.
1983
İçən günlərimi sayır...
İçən günlərimi sayır
yenə də barmaqların.
Sənə ömrüm əzab verir
mənə də barmaqların.
Günlərimin çoxu gedib,
daha sayma heç nəyi.
Bir şeyə söykənməlidir
axı insan ürəyi.
Səbəblərin hamısı boş,
səbəblər yalnız səbəb.
Hər şey bəhanədir, gülüm,
Ömür, ölüm, qəm, əsəb...
Hələ içkidə batmayıb
insan kədəri, dərdi.
Batsaydı insan dərdindən
Allah özü içərdi...
İçən günlərimi sayır
yenə də barmaqların.
Sənə sərxoş gözüm baxır,
mənə də barmaqların...
1982