Özündən razılıq, təkəbbür, müştəbehlik hər hansı normal insan üçün qüsur olduğu kimi, özünə inamın olmaması, başqaları ilə müqayisədə özünü aşağı tutmaq da zəiflik, qorxaqlıq və natamamlığa gətirib çıxarır. Toplum səviyyəsində də bu yanaşma tamamilə keçərlidir. Bir topluma daim onun başqalarından zəifliyi, aşağı keyfiyyətliliyi, şişirdilmiş qüsurları təbliğ olunarsa, onun irəli can atması, inkişaf etməsi qeyri mümkündür.
Müşahidələrim bizdə məhz son zamanlar prosesin bu
istiqamətdə - mənafelərimizin əleyhinə getdiyini göstərir. Yerli medianı izləyərkən
təqribən bu cür başlıqlar və ya mövzularda yazılar görürük: "Xəstəni
öldürdülər", "Bizdə təbabət sıfırdır", "Qatil səhiyyə",
"Bizdə məktəb yoxdur", "Təhsil sistemi iflas edib" və s. Səhiyyə
və təhsil millətin, vətəndaşların haqlı olaraq ən çox diqqət yetirdiyi sahələrdir.
Bu bütün dünyada belədir. Çünki söhbət insanların konkret maraqlarından - onların
hər birinin sağlam həyatı və övladlarının gələcək inkişafından gedir. Bu sahələrin
yüksəlişi və müasirləşməsi isə təkcə konkret fərdi maraqların deyil, ümumi,
dövlət maraqlarının tələbidir. Bu barədə çox danışmaq, problemləri göstərmək, tənqid
etmək, çıxış yolları aramaq lazımdır, vacibdir və bu milli maraqlarımızın
xeyrinədir. Amma bir incə detalı yaddan çıxarmamalıyiq: Azərbaycan ata sözündə
deyildiyi kimi "qaş düzəltmək istədiyimiz yerdə gözü vurub çıxarmamalıyıq."
Təsəvvür etmək heç də çətin deyil ki, onsuz da
milli öz güvənliyimizin məlum və qeyri məlum səbəblərdən zəif olduğu indiki dönəmdə
iki gündən bir hardasa bir xəstənin ölümü haqqında həyacanlı təqdimatda məlumatı
oxuyan, buna müvafiq olaraq ayda bir dəfə də olsun hansısa xəstənin sağalması və
həkimə minnətdarlıq ifadə etməsi haqqında bir informasiyaya rast gəlməyən sadə
insanlar hansı psixoloji vəziyyətə düşürlər. Təbii ki, informasiya vasitələrində
təkrar təkrar verilən bu cür bir tərəfli neqativ məlumatlardan insanlar bir nəticəyə
gəlirlər: bizdə salamat həkim yoxdur, xəstələnəndə mütləq ölkə hüdudlarından kənarda
dərdinə çarə axtarmağa başlayırlar. Məsələnin neqativ tərəfi isə bununla
bitmir, insanlarda vətəndaşlıq təəssübkeşliyi zəifləyir, dövlətə və hətta Vətənə
bağlılıq aradan qalxmağa başlayır. Şübhəsiz ki, burada günah ilk növbədə səhiyyə
və təhsil sistemində, habelə bütünlükdə demokratik islahatları tranzit dövrü bəhanəsi
ilə gecikdirən hazırkı hakimiyyətdədir. Bəli, sovetdən qalma səhiyyənin və təhsilin
transformasiyası çevik və keyfiyyətli proqram əsasında aparılsaydı, bu gün biz
həm də bu sahələrin təbliği ilə əlaqədar nailiyyətlərin şahidi olardıq. Təəssüf
ki, biz hələlik islahatlara nail ola bilməmişik. Amma bu o demək deyil ki,
özümüzü həqiqətdə olduğundan daha aşağı göstərmək, təqdim etməklə irəliləyə bilərik.
Əsla. Bu yolla, əksinə mövcud vəziyyətimizi daha da pisləşdirə, insanımızın
özünə olan inamını tamamailə öldürərək milli natamamlıq kompleksini daha da dərinləşdirə
bilərik. Başqa sözlə desək bu cür təbliğat yalnız özümüzə içimizdə nifrət
oyatmağa gətirib çıxarır. Başqa heç bir nəticə yoxdur: nə sistem islahatlarına,
nə də yaxşı yerlər tutmuş pis və zəif mütəxəssislərə bu tipli təbliğat təsirsizdir.
Təcrübə göstərir ki, konkretlikdən uzaq, ümumi neqativ informasiyaların çoxluğu
əksinə yaxşı mütəxəssisləri ruhdan salmaqla yanaşı yuxarıda deyildiyi kimi, insanları
bədbinləşdirir, ümidsizliyə və özünəinamın azalmasına gətirib çıxarır. İndi bir
də düşünək, bizə bu lazımdırmı?!