“Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, polkovnik Üzeyir Cəfərov öz facebook səhifəsində müdafiə naziri Zakir Həsənova səslənib. Moderator.az həmin statusu təqdim edir:
“Dəyərli dostlar. Bu gün mətbuatda müdafiə naziri Zakir Həsənovun əsgərlərə müraciəti dərc edilib. Mən bilərəkdən o müraciəti səhifəmdə paylaşmadım və istəyirəm ki, bunun səbəblərini sizlərlə paylaşım. Əvvala, müdafiə naziri və onun rəhbərliyi ilə ordunun cavabdeh şəxsləri qeyri-səmimidir(lər) və on(lar)un hərəkətləri ilə əməlləri üst-üstə düşmədiyinə görə, o(lar) ictimai qınağa çəkilməlidir.
Bu gün iyul ayının 1-dir və bu günə kimi 47 nəfər hərbi qulluqçumuzu itirmişik. Bu 2014-cü ilin 6 ayı ərzində. Bütövlükdə götürdükdə isə, ötən ilin oktyabr ayından Zakir Həsənov müdafiə naziri vəzifəsinin icrasına başladıqdan sonra ordumuzda qeyri-döyüş itkilərin sayı kifayət qədər artıb. Ədalət naminə deyək ki, nazirin ilk addımları zamanı komandirlər yerlərdə bir qədər məsuliyyət hisslərini artırdıqlarına görə, hərbi qulluqçular arsında ölüm-itim hallarının azalması müşahidə olunsa da, indi bu "ölüm maşını" yenə öz işini görməkdədir. Cəmiyyətin bu əsgər ölümlərinə də münasibəti məni çox təəccübləndirir. Məgər ölən əsgər bizim övladımız deyil? Nə baş verdi ki, bundan əvvəl aləmi dağıdan mətbuatımız, siyasi qurumlar və ictimai təşkilatlar sanki əsgər ölümlərinə biganəlik nümayiş etdirirlər?. Sanki, hamı, "məndən ötdü, qardaşıma dəydi" prinsipi ilə yaşayır. Çoxsaylı "Əsgər Anaları", "Ordunun Dostları" və adını çəkmədiyim qurumlar isə bu acı mənzərəyə susur və yalnız kamera qarşısına çıxıb boğazdan yuxarı sözlər deməklə məşğuldurlar. Bir də, müxtəlif qurumlardan aldıqları qrant dəstəyi ilə özlərinin varlığını göstərmək istəyirlər. Halal xoşunuz olsun aldığınız pullar. Amma vicdan da yaxşı şeydir ki, bu qədər ailələrin qapısına "qara xəbər" gəlir, gül kimi cavanlar tələf olur, genefonumuza zərbə dəyir, ancaq buna təpki göstərməli olan qurumlar susurlar. Niyə həmin qurumlar Zakir Həsənovu və onun günü-gündən artan general komandasının yaxasından tutub demirlər ki, məsuliyyət hissinizi artırın. Elə nazirin qeyri-səmimi olmasına diqqətini yönəltmək istəyirəm. Hamı ona "cənab nazir və cənab general polkovnik" deyə müracət edir. Bəs necə olur ki, ordusunun əsgəri "yoldaş" olan Silahlı Qüvvələrin naziri "cənab" olur? Qanuna hörmət edən nazir əvvəl bu xırda detallara diqqət yetirər, sonra isə hansısa müraciətə imza atar və pafoslu sözlər danışar. Ürək bulandırır bəzi müraciət və çıxışlar. Hara baxırsan məddahlıq və yaltaqlıq. Yorulmadınız bu yersiz hərəkətlərdən? Siz elə düşünürsünüz ki, ölkə başçısının sizin o boğazdan yuxarı sözlərinizə ehtiyacı var? Vallah, mən biləni yoxdur. Bu qeyri-səmimi sözlərinizdənsə, öz real əməllərinizlə əsgər və zabitlərimizin həyatını qoruyun, mənzilsiz hərbi qulluqçuların sosial məsələlərini həll edin.
İndi isə, müdafiə nazirinin Silahlı Qüvvələr günü ilə əlaqədar imzaladığı özbaşına bir əmri ilə bağlı. Zakir Həsənov müdafiə naziri postuna təyin edildikdən sonra, ilk təyinatlarından biri, yaxın qohumu olan, mülki şəxs Elxan İbrahimovu ordu sıralarına çağıraraq ona birdən-birə "mayor" rütbəsi verməsi oldu. Heç bir hərbi təhsili olmayan bir şəxsə mayor rütbəsini verməsi azmış kimi, onu Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının sədri postunu həvalə edib. 26 iyun Silahlı Qüvvələr günü ilə əlaqədar isə ona artıq polkovnik-leytenant hərbi rütbəsini verib. Budurmu nazirin haqq-ədalət dediyi məsələlər? Siz bu hərəkətinizlə özünüzə gələcəkdə çox böyük problemlər yaradırsınız, yoldaş Zakir Həsənov. Əvvalla, Azərbaycanda "Koorupsiyaya qarşı mübarizə haqqında" Qanunun 7-ci maddəsini kobud şəkildə pozur, həm də vəzifə səlahiyyətlərinizdən sui-istifadə edirsiniz. Sizin hərəkətləriniz ordu sıralarında çox böyük narazılıq və ruh düşkünlüyü yaradır. Sizin hərəkətiniz o vaxt alqışlanar və təqdir olunardı ki, siz həmin 8 aya polkovnik-leytenant rütbəsini verdiyiniz yaxın qohumunuzu döyüş bölgəsində hansısa məsul vəzifəyə təyin edərdiniz. Sizin Elxan İbrahimovu o vəzifəyə niyə və hansı məqsədlə təyin etməyinizi hamı gözəl anlayır. Sürprizlərə hazır olun.
Belə çıxır ki,zabit olmaq üçün heç də hərbi təhsil almaq vacib deyilmiş. Kifayət edir ki, kimsə kimin dostu və ya qohumu olsun.
Nəticə çıxarın, yoldaş müdafiə naziri. Elə düşünməyin ki, ordu sıralarında sizə həvalə edilmiş postda istədiyiniz özbaşınalığı və qanunsuzluğu edə bilərsiniz. İndi edə bilərsiniz, amma bir gün qarşınızda elə bir aşılası mümkün olmayan baryer olacaq ki, heç kim sizi bu acınacaqlı durumdan xilas edə bilməyəcək. Yaxşı işlərinizə görə dizə çox sag ol deyənlərdən biri də mənəm. Amma qanunlara hörmətsizlik edəndə, yaxşıca düşünün və sonra əlinizə qələm götürb sənədlərə imza atın”.