Moderator.az xəbər verir ki, iyulun 8-də Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini Qarayev Seyfəddin Eldar oğlunun qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Bəsti Zeynalovaya odlu silahdan atəş açaraq onu qəsdən öldürməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar, o cümlədən cinayətin aləti olan ov silahı, dolu patronlar və boş gilizlər götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, qeyd edilən tarixdə Seyfəddin Qarayev yaşadığı evin yaxınlığındakı küçədə ailə münaqişəsi zəminində Bəsti Zeynalovaya ov tüfəngindən bir dəfə atəş açaraq onu qəsdən öldürmüşdür. Daha sonra S.Qarayev yaşadığı evə daxil olaraq həmin tüfənglə özünə də bir dəfə atəş açaraq xəsarət yetirmişdir. Ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilən S.Qarayev həmin gün aldığı xəsarətlərdən orada ölmüşdür. |
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilmişdir.
Hazırda iş üzrə istintaq davam etdirilir.