İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin Moderator.az-a müsahibəsini təqdim edirik:
-Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaların üçüncü paketi avqustun 1-dən qüvvəyə mindi. ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları Rusiyanın Ukraynaya təzyiqini dayandıra biləcəkmi?
-Sanksiyaları getdikcə sərtləşdirən ABŞ və Avropa Birliyi tərəfi bildirir ki, bu addımlarda əsas məqsəd Rusiyanı Ukraynanın şərqindəki separatçı qüvvələri dəstəkləməkdən çəkindirməkdir. Çox güman ki, ABŞ və Avropa Birliyinin Rusiyaya yönəlik təzyiqləri və bu sanksiyalar Rusiyanin Ukraynanın şərqində NOVOROSSİYA yaratmaq planını alt-üst edəcək. Amma bununla belə bizə elə gəlir ki, Qərb Ukrayna məsələsində, xüsusən də Krıma münasibətdə dişsizlik nümayiş etdirib, bir qədər gecikdiyindən, bu sanksiyaların Rusiya üçün hansı nəticələri verib-verməməsindən asılı olmayaraq, Rusiya Ukraynaya təzyiqi davam etdirəcək. Amma bu Rusiyaya çox baha başa gələcək....
Dünya iqtisadiyyatının 3 faizi 43 faiz qarşısında duruş gətirə bilməz . Yəni ABŞ və Avropa Birliyi dünya iqtisadiyyatının 43 faizi, dünya maliyyə resuslarının 80 faizindən çoxu, Rusiya iqtisadiyyatı isə dünya iqtisdiyyatının 2,7 faizi,maliyyəsinin isə bundan da azı deməkdirsə, qüvvələr nisbətinin müqyisə olunmaz dərəcədə Qərbin xeyrinə olduğu belə bir şəraitdə ABŞ və Avropa Birliyinin bu sanksiyaları Rusiyaya ciddi zərbə vuracaq: Rusiya iqtisadiyyatının militarizasiya baxımından imkanlarını xeyli daraldacaq; bu sanksiyalar Rusiyanı Ukraynadan daha çox öz daxili problemləri ilə məşğul olmağa vadar edəcək; Rusiyanın Ukraynada törətdiklərini postsovet məkanına aid olan digər yeni müstəqil dövlətlərdə tətbiq imkanlarını xeyli ertələyəcək; Putinin Avrasiya Birliyi planına ciddi zərbə vuracaq; ən təhlükəli məqam isə odur ki,həmin sanklsiyalar Rusiyada makroiqtisadi sabitliyi pozmağa gücü çatsa, bunu tarazlamaqdan ötrü sonradan Rüsiyaya 5-8 il vaxt lazım gələcək.
-Qərbin Rusiyaya qarşı sanksiyalarının Rusiyaya və digər ölkələrə təsiri barədə nə deyə bilərsiniz?
- Bu məsələyə beynəlxalq təcrübədən çıxış edərək yanaşsaq, demək olar ki, sanksiyalar onun yönəldiyi ölkənin iqtisadiyyatına ciddi zərbə vurur,amma iqtisadiyyatı tamamilə çökdürməkdən ötrü yetərli olmur. Bunu enerjidaşıyıcılı ölkələrdən biri olan Rusiaya tətbiq edilən sanksiyaya münasibətdə də təxmin etmək olar. Amma Qərb bu dəfə məsələnin ciddiliyinə adekvat hərəkət etməyə başlayıb. Avropa İttifaqının Rusiyaya qarşı iqtisadiyyatın bir sıra bütöv sektorlarına, o cümlədən maliyyə sektoruna sanksiyaları nəzərdə tutan paketə əsasən Rusiya banklarının və şirkətlərinin Qərbin kapital bazarına çıxışı məhdudlaşdırılır.Ona görə də bu sanksiyalar qeyd etdiyimiz kimi, Rusiya iqtisadiyyatına, xüsusən də maliyyə -bank sisteminə sarsıdıcı təsir göstərməklə yanaşı, dünya iqtisadiyyatının qloballaşması səviyyəsi yüksək olduğundan, Rusiya ilə daha sıx iqtisadi-ticari əlaqələrdə olan ölkələrdə təsirsiz ötüşməyəcək.Eyni zamanda həm də sanksiyaların bumeranq effekti olacaq və onu tətbiq edən ölkələrin şirkətlərinə də mənfi təsir göstərəcək.
-“The Financial Times” və digər nüfuzlu mətbu orqanlarda gedən fikirlər arasında Rusiyaya tətbiq olunan sanksiyaların Azərbaycanı da vuracağı məsələsi də yer alıb. Bu barədə nə deyə bilrsiniz...?
-Bayaq dediyim kimi, Rusiyaya tətbiq olunan sanksiyalar onunla iqtisadi əlaqələri güclü olan bütün ölkələrə bir qədər az, bir qədər çox olmaqla öz təsirini göstərəcək. Çox böyük ehtimalla son sanksiyalar depozit bazası yetərincə güclü olan Əmanət Banki çıxmaq şərtilə, Rusiyanın korporativ bank sektoru üçün “dağıdıcı” olacaq. “Vneştorqbank”a (Xarici Ticarət Bankı) qarşı gözlənilən sanksiyalar təbii ki,həmin bankın Azərbaycanda olan filialının fəaliyyətinə və bankın iri səhmdarlarına da müəyyən təsiri olacaq.Bəli yalnız müəyyən dərəcədə. Amma bu heç də o demək deyil ki, Rusiyanın korporativ bank sektoru üçün gözlənilən zərbə Azərbaycanda da təkrar olunacaq. Bu istisnadır.