“Beynəlxalq ictimaiyyət Azərbaycana Qarabağ problemini öz gücü ilə həll etməyə imkan yaratmalıdır”. Moderator.az xəbər verir ki, bunu NATO-nun Bakıda keçirilən toplantısında millət vəkili Aytən Mustafayeva deyib.
Millət vəkili beynəlxalq ictimaiyyəti kənara çəkilməyə dəvət edib:
“Beynəlxalq ictimaiyyət kənara çəkilməlidir. Necə ki, Rusiya Çeçenistanda, Ukrayna isə ölkəsinin şərqində separatçılara qarşı mübarizə aparır, bu imkan Azərbaycana da yaradılmalıdır. Amma bu güclər kənara çəkilmir ki, münaqişəni Azərbaycanla Ermənistan özü həll etsin.”
ABŞ-ı qondarama separatçı rejimi təmin etməsinə görə tənqid atəşinə tutan millət vəkili bildirdi ki, Qarabağ münaqişəsi Azərbaycanın ağrılı yarası olduğunu bildiyimiz halda, problemin həllində ikili standartların şahidi oluruq:
“Necə olur ki, Ukrayna məsləsinə görə ABŞ Rusiyaya sanksiyalar tətbiq edir, amma 20 ildən artıq davam edən Qarabağ münaqişəsinə görə isə Ermənistana belə sanksiya tətbiq olunmur? Bunun səbəbi nədir? Əksinə, ABŞ-ın Qarabağdakı separatçı rejimə maliyə yardımı göstərməsinin şahidi oluruq. Hansi ki, bu separatçı dəstə Azərbaycan ərazisində terror əməliyyatı həyata keçrir. Ona görə də Azərbaycan ictimaiyyəti Qarabağ məsləsindəki beynəlxalq aləmin mövqeyini başa düşə bilmir. ”
A.Mustafayevə əlavə etdi ki, ictimaiyyət başa düşə bilmir ki, nəyə görə ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir, BMT baş katibi Pan Qi Mun isə Qarabağ məsləsində tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırır, amma münaqişənin həlli ilə bağlı konkret addımlar atmırlar:
“Bax bu, Azərbaycan cəmiyyətini ciddi düşündürür. Ona görə də hesab edirəm ki, beynəlxalq aləm kənara çəkilməli və Azərbaycana öz problemini özünün həll etməsinə imkan verməlidir. Çünki bu gün Azərbaycan özü öz gücünə Qarabağ problemini həll etməyə qadirdir".