Moderator.az xəbər verir ki, Bakının Binəqədi rayonunun Xocasən qəsəbə sakini Səfərov Baba Səfər oğlu Binəqədi Rayon İcra Hakimiyyətinin rayon təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbovla bağlı ölkə prezidentinə müraiət edib. B.Səfərovun sözlərinə görə, təxminən bir ay bundan öncə Ə.Rəcəbov və əməkdaşları yaşadıqları ünvana gələrək 1984-cü ildən bəri onlara məxsus olan 40 sotluq bağ sahəsinə qarşı iddia irəli sürüb. Bağ sahəsinin sənədsiz olduğunu əsas gətirən Ə.Rəcəbov hasarı dağıdaraq ərazidəki meyvə ağaclarını məhv edib. 30 ildir ki, min bir zəhmətlə ərsəyə gətirdiyi bağın məmur özbaşınalığının qurbanına çevrildiyini bildirən B.Səfərov icra yetkililəri tərəfindən ona və həyat yoldaşı Səfərova Pərvanə Orucəli qızına qarşı fiziki zor tətbiq edildiyini də vurğulayıb. Özünün və həyat yoldaşının hüquqlarını müdafiə etməkdə sona qədər israrlı olduğunu qeyd edən B.Səfərov, prezidentdən öz səlahiyyətindən sui-istifadə edən, sadə vətəndaşlara yerli-yersiz təzyiq göstərməklə sosial gərginliyi artıran, insanları mövcud hakimiyyətə qarşı etiraza təhrik edən Ə.Rəcəbov və onun əlaltıları ilə bağlı şikayətinin araşdırılmasını xahiş edib.
PS.Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.