Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsi tanınmış jurnalist Ərşad İbrahimliyə törətmədiyi cinayət görə 11il cəza verdi. Məhkəmədən sonra onun qardaşı İbrahimov Taryel Misir oğlu Moderator.az vasitəsilə prezident İlham Əliyevə aşağıdakı müraciəti ünvanlayaraq ondan kömək istəyib:
"Möhtərəm prezident!
Qardaşımı uzun-uzadı istintaqdan sonra iki ay öncə guya şahidlərə təzyiq etdiyinə görə həbs etdilər. Məhkəmə prosesini də uzatdılar və son nəticədə Ərşada bu cür anormal və nə Allaha, nə qanuna sığmayan ağır cəza-11 il azadlıqdan məhrumetmə cəzası verdilər.
Baxmayaraq ki, Kəlbəcər Təhsil Şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanılan cinayət işi Azərbaycanın hüquq tarixində jurnalist araşdırmasının nəticəsi olaraq açılan cinayət işlərindən biri idi. Amma əvəzində Məhəmməd Bağırov indi azadlıqda meydan sulayır, əslində onun korrupsiya cinayətlərin ifaş edən təqdiqatçı jurnalist Ərşad İbrahimli isə törətmədiyi bir əmələ görə 11 il müddətinə azadlıqdan məhrum edildi. Məhəmməd Bağırov Ərşadın üzünə demişdi ki, sən ki, Fərqanə ilə bağlı münasibətlərimi ictimailəşdirərək məni rüsvay elədin, sənə 10-15 il iş verdirməsəm, başıma yaylıq bağlayıb Gəncənin “Xan bağı”nda gəzəcəm. Təsəvvür edin ki, Ərşadı guya Fərqanə Mehdiyeva ilə bağlı ifşaedici videonu yaymamağın qarşılığında Məhəmməd Bağırovdan 32 min manat rüşvət istəməsinə görə 11 il azadlıqdan məhrum etdilər. Hansı ki, istintaq dövründə istər müstəntiqlər, istərsə də məhkəmə hakimləri şahidlərin hamısının Ərşadın xeyrinə ifadə verdiklərini gördülər. Ancaq sonda ədalət deyil, Məhəmməd Bağırovun illərlə Kəlbəcər Təhsilindən oğurladığı milyonlar qalib gəldi...
Təkcə Kəlbəcər camaatı deyil, bütün Azərbaycan
bildi ki, M. Bağırov dəfələrlə Həcc ziyarətində olan bir məmur olsa da vəzifə səlahiyyətlərindən
istifadə edərək kasıb bir ailənin qız övladının başına oyun açdı. Həmin qız özü
öz xoşuyla prezidentə, hüquq-mühafizə orqanlarına şikayət məktubu yazdı, tədbir
görülmədiyinə görə də videomüraciət elədi. Ərşad da həmin videonu yaydığına görə
M. Bağırovun qəzəbinə gəldi. Hansı ki, o 17 yaşlı bir fəhlə qızını aldadaraq
başına oyun açmışdı və sonradan bunu ört-basdır etmək üçün Ərşadın başına belə
bir oyun açdılar. Məhkəmədə də Fərqanənin ən yaxın rəfiqəsi gəlib ifadəsində bildirdi
ki, ortada heç bir pul söhbəti olmayıb, qız mənim yanımda könüllü olaraq
videoya çəkilməyə razılıq verdi və başına gətirdiyi oyunlara görə Məhəmməd Bağırov
barəsində qanuni ölçü götürülməsini xahiş etdi. Həmin qız məhkəmədə etiraf
etmişdi ki, Məhəmməd Bağırov Fərqanənin ailəsini və onun özünü də daim təhdid
edir ki, mən deyəni təsdiqləməsiniz, hamınızı Azərbaycandan sürgün elətdirəcəm.
Amma həmin qız-Jalə Mirzəliyeva kişi qızı kimi məhkəmədə dedi ki, bütün bu
oyunların hamısı Məhəmməd Bağırovundur və o rəfiqəsi Fərqanəni aldadaraq başına
oyun açandan sonra instituta qəbul etdirməsini də, saxta yolla işə düzəlməsini
də məhz o təşkil edib.
Əmim Kamran kişi Ərşadın həbs olunmasıyla
bağlı baş prokuror Zakir Qaralov Gəncədə vətəndaşların qəbulunu keçirəndə
onunla görüşüb və maraqlıdır ki, hörmətli Zakir müəllim də Ərşadın törətmədiyi
bir cinayətə görə həbs olunduğunu dolayısı ilə etiraf edib. O Kamran kişiyə “O pul məsələsini kənara qoyaq, Ərşad niyə o
qızla bağlı videonu yayıb? Əmim də ona deyib ki, hörmətli baş prokuror, Məhəmməd
Bağırov tərəfindən Ərşada qarşı 32 min manatlıq rüşvət iddiası irəli sürülüb, Siz
deyin, Azərbaycanın tarixində hansısa məmurdan 30 min manat tələb edən
jurnalist olubmu? Belə bir epizod xatırlayırsınızmı?
İndi görünən odur ki, “pul məsələsini kənara
qoyaq” deyən hörmətli baş prokuror əslində elə hansısa bir videonu yaydığına
görə deyil, elə həmin pul epizoduna görə qardaşıma 11 il cəza veilməsinə şərait
yaradıb.
Hörmətli prezident, məcburi köçkün düşdüyümüz
1993-cü ildən Goranboy rayonu Xoylu kəndində ictimai tövlədə yaşayırıq.
Valideynlərimizin hər ikisini 50-55 yaşlarında itirmişik. Başsız qaldıq, amma
qardaşım universitet bitirsə də məhz jurnalist araşdırmalarına görə böhtana, şərə
salaraq həbs etdilər. Təsəvvür edin ki, Məhəmməd Bağırov həmin 32 rəqəmini də Kəlbəcər
avtomobillərinin seriya nömrəsindən götürüb və sonradan məhkəmədə bu rəqəm çox
dartışılanda onu 30 min yazdırmağa nail olub. M.Bağırov iddia edir ki, guya
Ərşad ondan əmlak tələb edib. Əgər Ərşad ondan əmlak tələb etsəydi o 100 minlik
maşınlarından birini verib deyərdi ki, məndən əl çək. Yaxud da Azərbaycanın
bütün kurort rayonlarındakı villalarından birini verərdi ki, onu dilə-dişə
salmasın. Ərşadın silahlı dəstəsi vardı ki, gedib ondan nəsə tələb edəydi?
Ərşad “vorzakon”durmu gedib kimdənsə o qədər böyük məbləğdə pul, yaxud əmlak tələb
edə?
Cənab prezident, biz sizi kimsəsizlərin dayağı
bilirik və məcburi köçkünlərin yeganə ümidi məhz Sizsiniz. Xahiş edirik
qardaşıma qarşı törədilən bu iyrənc cinayətin ifşa edilməsi üçün müvafiq
strukturlara göstəriş verəsiniz. Əvvəlcədən Sizə minnətdarlığımızı bildiririk və
məsələyə müdaxilə edəcəyinizə ümid edirik."