Dəyərli dostlar, 1993-cü il oktyabr ayında “Müxalifət” qəzetində “Kaş gözlərim kor olaydı” başlığı ilə çap olunmuş xatirələrim 21 ildən sonra yenidən nəzərinizə çatdırılır. Mən xatirələrimi 2 iyul tarixindən qələmə almışam. İndi həmin tarixdən başlayan hadisələri nəzərinizə çatdırıram.
Bizim hərbi hissənin döyüşçüləri nədən bu tarixdən başladığımı
soruşurlar. Cavab verirəm: “Bu yaxınlarda Nazim Bayramov adlı bir döyüşçü ilə
bu mövzuda söhbətim olmuşdur. O, Cəbrayılın necə işğal edildiyini soruşdu və
“orada şəhid olan oldumu” sualı ilə müraciət etdi. Bu xatirələr ona və
bütövlükdə Azərbaycan xalqına işgala aparan yolu, onun səbələrini çatdırmaq məqsədi
güdür.
Cəbrayılda yerləşən N saylı hərbi hissə və onun qəhrəmanlıqla dolu yolu
haqqında bir neçə kəlmə demək istəyirəm. Hərbi hissə əvvəllər ərazi müdafiə
batalyonu formasında Milli Ordu yaradılması haqqında fərmandan sonra
formalaşdı. İlk dövrdə 72 nəfər heyəti var idi. Onların da əksəriyyəti AXC üzvləri
idi. Silah-sursat öz tərəfimizdən təşkil olunmuşdu. Peşəkar zabit kadrları
olmadığından rayon əhalisinə müraciət etdik ki, kimin övladı sovet ordusu
sıralarında zabit kimi qulluq edirsə rayona qayıtsın.
Beləliklə, Mübariz Qasımov kimi bir neçə zabitimiz sovet ordusundan
imtina edərək batalyona gəldi. Əfqanıstanda döyüş yolu keçmiş, rayon hərbi
komissarlığında çalışan kapitanlar Ruhulla Babayev, Qədir Vəlişov batalyonun təşkilinə
cəlb olundu. Sonra bu batalyon polka çevrildi. Hərbi hissənin keçirdiyi 2
uğurlu əməliyyatı nəzərinizə çatdırmaq istəyirəm. Qubadlı rayonunda yerləşən
sovet ordusu hissələri rayonu tərk edərkən kapitan Ruhulla Babayev və Qədir Vəlişovun
rəhbərliyi ilə həmin hərbi hissə əfqan üsulu ilə tərk-silah edildi. Silahlar və
texnika polkun sərəncamına verildi. 2-ci Xocalı hadisəsindən sonra respublikada
ilk dəfə olaraq Hadrud rayonunun Sur kəndi azad edildi və xocalıların qisası
layiqincə alındı. Hərbi hissənin bundan da uğurlu əməliyyatları çox olub. Bu
başqa bir söhbətin mövzusudur.Yalnız onu bildirmək istəyirəm ki, cəbrayılllılar
1988-ci ildən 1993-cü il avqust ayının 23-nə qədər öz torpaqlarını layiqincə
müdafiə etmiş, bir qarış belə torpaq verilməmiş, əksinə, Hadrud rayonunun 15 kəndi
azad edilmişdir. Yalnız 4 iyun 1993-cü il Gəncə qiyamı respublikada olduğu
kimi, Cəbrayılda da öz mənfi nəticələrini göstərmiş, rayon rus və erməni
işğalçıları tərəfindən işğal olunmuşdur. İndi 2 iyuldan 23 avqusta qədər baş
verən prosesləri izləyin.
KAŞ GÖZLƏRİM KOR OLAYDI”¦
2 iyul 1993-cü il
Səhər saat 4-dür. Qradların, topların səsinə yuxudan durdum. Görəsən, nə
olub? Telefonla polis şöbəsinə zəng vurdum. Növbətçi Ənvər Qafarov cavab verdi
ki, ermənilər “Günəşli” postunu ələ keçirib, indi də “Quşçular” postuna hücum
edirlər. Atamın məzarı həmin yerdən 300 metr aralı yerləşir. Getmək lazımdır.
Uşaqlar yatan otağa keçdim. Hər birinin üzündən öpdüm. Həyat yoldaşıma dedim
ki, ermənilər bizim kəndə hücum edirlər, dayana bilmərəm. Uşaqlardan muğayat
olsun. Anama isə heç nə deməsin.
”¦Biz Quşçulara çatanda döyüş
şiddətlənirdi. Atamın məzarını ziyarət etdim. Sonra polislərlə birlikdə “Kilsə”
adlanan yerdə qərar tutduq. Sol tərəfdəki yüksəkliyi Milli Ordu, sağ tərəfdəki
yüksəkliyi isə Cəbrayıl polisi qoruyurdu. Muco ilə Vidadi PK ilə, Zülfüqar isə
snayperlə düşmənə aman vermirdi. Soldakı yüksəklikdə isə Vilayət Əhmədoğlu və
Maarif Novruzovun döyüşçüləri igidliklə vuruşurdular. Düşmən geri çəkilməyə məcbur
oldu. Həmin döyüşdə Milli Orduda Kərəmin başçılıq etdiyi topçular mərdliklə
vuruşurdular.
Döyüşdə itkilərimiz də
oldu. Cəbrayıl şəhər sakini, avtobus sürücüsü Arif, Milli Ordudan Mehman, Məhəmməd,
adını bilmədiyim daha dörd igidimiz həlak oldu. Allah onlara rəhmət eləsin! Cəbrayılda
ən çox şəhid verən kənd Böyük Mərcanlı və Daş Veysəlli kəndləri hesab olunurdu.
Həlak olanlar da bu kəndlərdən idi.
3 iyul 1993-cü il
Səhər saat 5-dir. Düşmən
Füzuli rayonunun Günəşli, Qaradağlı, Karazalq kəndlərini işğal edib. Xəbər gəlir
ki, ermənilər kənddən girov aparıblar. Aparılanlar arasında qız-gəlinlər də
var. Milli Ordunun əsgərləri, polis işçiləri, köməyə gəlmiş Balyand, Qaracallı,
Doşulu, Daş Veysəlli kəndlərinin sakinləri igidliklə vuruşurdular. Silahı
olmayanlar su, patron daşıyırdılar. Quşçular kəndinin sakinləri İdris, Asif, Qəşəm,
anası və adını bilmədiyim digərləri əsgərlərə, polis işçilərinə qayğı göstərir,
eyni zamanda döyüşürdülər.
Axşam saat 17-dir. Bir az
sakitlikdir. Uşaqlar acdırlar. Ancaq bu haqda düşünmürlər də. Rəislə məsləhətləşdikdən
sonra rayon mərkəzinə gəldim. Adamlar sığınacaqdadır. Mehmanxananın yanında bir
dəstə adam var. Vəziyyət barədə onlara məlumat verdim. Şəhər sakini Fərəc
Mirkişiyev öz şəxsi heyvanından bir baş verdi ki, əsgərlərimizə aparım. Orada nə
baş verib, uşaqlar necə döyüşür? Heyvanı aparmaqda mənə yolda kömək etmək və hər
şeyi geri qayıdanda camaata danışmaq üçün rəhmətlik Qabil müəllimin oğlu Vurğun
da mənimlə getdi. Topuş kişinin oğlu Oqtayın taksisində Quşçulara gəldik. Axşam
briqada komandiri Heydər Piriyev (əvvələr bizim polkun komandiri olmuş, sonra N
sayli briqadanın komandiri təyin edilmişdir. Hal-hazırda Zığdakı Hərbi
Akademiyanın rəisidir, generaldır.) yanımıza gəldi. Söhbət getdi ki, necə oldu
Günəşli kimi bir yüksəklik əlimizdən getdi? Məlum oldu ki, arxa səngərdə olan
“Zepo” ön səngərə keçirilmiş, postda istənilən sayda əsgər olmamış, olanlar da
yatmışdır. Düşmən də bundan istifadə etmişdir.
Alay komandirinin döyüş təcrübəsi
demək olar ki, yox idi. Rayonda 3-4 ayda neçə dəfə komandir dəyişmişdir. Bütün əsgərlərin
sevimlisi, Əfqanıstanda döyüş yolu keçmiş Ruhulla Babayev, Qədir Vəlişov kimi
zabitlərin, Azər-Faiq, Tahir-Mahir qardaşlarının, digər igid oğlanların müxtəlif
bəhanələrlə ordudan uzaqlaşdırılması bizə baha başa gəlmişdi. Müdafiə naziri Rəhim
Qazıyev bu cür ordu yaradırdı. Ordu kimlərin əlində idi, bunu bütün cəbrayıllılar
bilirdi. Yadıma AXC-nin ikinci qurultayı düşdü. Rəhim qurultayın sədrlərindən
biri idi. Mən çıxış edib, onun fırıldaqlarından danışmaq istəyirdim. Rəhim mənim
sözümü kəsdi. Yerdən isə bəziləri məni danışmağa qoymadılar. Rəhim isə məni
“şalvarını çıxarıb, səni Cəbrayıla şalvarsız yola salacağam” ”“ deyə hədələdi (həmin
epizodlar lentə alınıb).
Bu anlar səngərdə gözlərim
qarşısında idi. Allah bizim xalqı Rəhimin və onu dəstəkləyənlərin bəlasından
saxlasın”¦
4 iyul 1993-cü il
Nisbətən sakitlikdir. Polis
işçiləri, Milli Ordu əsgərləri sakitlikdən istifadə edib, vəziyyəti təhlil
edirik. Söhbət keçmiş polis komandiri R.Babayevdən, kapitan Q.Vəlişovdan gedir.
Hamı Rəhim Qazıyevi lənətləyir. Onların polkdan uzaqlaşdırılmasını ən böyük təxribat
hesab edirlər. Babayev polka rəhbərlik edəndə cəbrayıllılar evdə rahat yatırdı.
Nizam-intizam var idi. Əsgərlər onu sevirdi. Hətta deyirdilər ki, Babayevi geri
qaytarsalar, Hadrutu da alarıq. Ancaq polka döyüşmək üçün yox, yüksək maaş
almaq, dolanışıq xatirinə gələnlər ona işləməyə imkan vermədilər. Hətta onu
polkdan uzaqlaşdıranda yerli əhali kütləvi sürətdə ayağa qalxdı. Müdafiə
Nazirliyinə etiraz teleqramları vuruldu. R.Qazıyev isə bildiyini edirdi.
Axşam saat 20.30-dur. Əlavə
qüvvənin bizi əvəz etməyini gözləyirik. Bu zaman batalyon kimandirini əvəz edən
Maarif Novruzov gəlib xəbər verdi ki, ratsiya ilə polkdan bildiriblər ki, ermənilər
9-cu km-dən tanklarla Cəbrayıla hərəkət edirlər. Eyni xəbəri icra başçısının
köməkçisi Famil də ratsiya ilə icra başçısına xəbər verir. Həmişə təmkinli
davranan, Cəbrayılın müdafiəsində xüsusi rolu olan polis rəisi Vaqif Məhərrəmov
hamını sakitləşdirir. Biz vəziyyəti öyrənmək üçün onunla “Arpa dərə” adlı yerdə
yerləşən rabitə maşınının yanına gedirik. Biz çatanda keçmiş komandir R.Babayev
də orda idi. Polk komandiri M.Həsənov dedi ki, xəbəri briqadadan polka
bildiriblər. R.Babayev dedi ki, rayon mərkəzində vəziyyət pisdir. Camaat bilmir
neyləsin. Babayev yuxarıdakı postla əlaqə saxladı. Postdakılar bildirdilər ki,
ermənilər Günəşli, Qaradağlı kəndlərini yandırır, ancaq Cəbrayıla tərəf heç bir
texnikanın hərəkəti yoxdur. Bu zaman Qaracallı kənd sakinləri Tofiq və Məmmədqulu
Məmmədov qardaşları maşınla bizim yanımıza gəldi. Onlar xəbər verdilər ki, kəndə
yük maşınında bir neçə əsgər gəlib. Maşında gedə-gedə “ermənilər gəlir, qaçın”
”“ deyiblər. Camaat kəndi tərk edir, kömək edin!
Vəziyyət çox qorxulu idi.
Bu xəbər yüksəklikdə mövqe tutan əsgərlərə çatsaydı, onlar mühasirədə
olduqlarını güman edəcəkdilər.
Məsləhət oldu ki,
Qaracallıya mən gedim. Orda mənim qohumlarım var, həm də camaat mənə inanır.
Polk komandirinin maşınında kəndə tərəf getdim. Nuşirəvan müəllimin kərpic
sexinin yanında nələr gördüm! İlahi, kaş gözlərim kor olaydı. Ayaqyalın,
başıaçıq qız-gəlinlər, körpələr kənddən çıxırdı. Maşınlara ev əşyaları yüklənirdi.
Qaracallı kənd sakinləri Nuşirəvan müəllim, Hüseyn müəllim, oğlu Asif müəllim,
İxtiyar müəllim və Mehracdan xahiş etdim ki, bu, təxribatdır, yalan deyirlər.
İnanan da oldu, inanmayan da. Onda yolun ortasında uzandım. Dedim ki, kim
keçir, mənim üstümdən keçsin. Deyəsən, inandılar. Oradan rəislə komandirin
yanına gəldim. Onlar da bir neçə maşını geri qaytara bilmişdilər.
Gecə saat 2-də R.Babayevin
şəxsi maşınında rəislə rayon mərkəzinə qayıtdım. Burada hamı meydana
toplaşmışdı. Məlum oldu ki, mülki-müdafiə qərargahının rəisi də ermənilərin
hücumu haqda camaata məlumat verib. Əhali də onu döyüb, komendantlığa aparıb.
Polis rəisi Məhərrəmov camaatı sakitləşdirdi. Hamı evinə dağılışdı.
Gecə saat 3-də polis işçilərindən
Mürvət, Əvəz, Xaqani, Hafiz, Mübariz və başqaları ilə birlikdə Məhərrəmovun əmri
ilə yüksəklikdə mövqe tutduq. Sərəncamımızda 2 ədəd BTR də vardı. Hafizlə mən
öndə, bir az arxada Mürvət, sonra o biri uşaqlar mövqe tutdu. Yanımıza Milli
Ordudan 2 nəfər gəldi. Bizə 2 ədəd F-1 qumbarası da verdilər. Uşaqlar bir yerə
yığıldı. Babayevdən xəbər yox idi. Hamı söz verdi ki, geri çəkilmək yoxdur. Əgər
tanklar gəlsəydi, onları Mürvət və Hafiz vurmalıydı. Uşaqlarda yüksək döyüş
ruhu vardı.
Səhər saat 4-də bir nəfərin
ulaqla gəldiyini gördük. Hafiz onu bizim yanımıza gətirdi. Dedi ki, mən
Füzulinin Rəfəddinli kəndindənəm. Doşulu Ərşad müəllimin oğlu Kərəmin
qayınatasıyam. Gedirəm Kərəmin qardaşı Cavanşiri də götürüb qayıdam kəndə, ev əşyalarını
gətirəm. Kəndə qaçaq saldılar, Milli Ordunun əsgərləri qaçdılar. 9-cu km-də nə
erməni var, nə də tankı.
Səhər bizi əvəz etdilər. Mən
rayon mərkəzinə gəldim. Silahı polis şöbəsinə qaytardım. Rayon mərkəzindəki
adamlar məni görəndə təəccübləndilər. Məlum oldu ki, xəbər yayılıb ki, AXC
RŞ-nin sədri V.Əlisoy axşam arvad-uşağını da, evini də yığıb qaçıb. Hər şey
aydın idi. Kimlərsə yenə oyun oynayır. Çünki AXC RŞ İrana mal daşıyan
qaçaqmalçılara, yerli mafioz qruplara həmişə mane olub. Onlar da indi vəziyyətdən
istifadə edirdilər. Evə gəldim. Hamı evdə idi. Məni görəndə ağlaşdılar. Dedilər
ki, bəs bizə zəng vurub deyiblər ki, sən həlak olmusan. Onları sakitləşdirdim.
5 iyul 1993-cü il
Ermənilərin 2 iyuldakı
hücumu zamanı işğal olunmuş Qaradağlı, Gorazallı kəndlərində mənim də
qohumlarım həlak olmuşdu. Qohumlarımızdan Əmin dayının oğlunun yas yerinə Cəbrayıl
DİŞ-nin rəis müavini Vaqif Hüseynov, RXTŞ-nin metodisti Səxavət Məhərrəmov və əmioğlu
Məhəmməd Ələkbərovla birlikdə getdik. Yas yeri Füzulinin Babı kəndində idi.
Orada bizə qohumumuz Bəyim müəllim (o, Gorazıllı kəndində yaşayırdı) danışdı
ki, iyulun 1-də kəndə 10-12 nəfər başında qara lent olan Milli Ordu əsgərləri gəldi.
Dedilər ki, iyulun 2-də Hadruta hücum edəcəyik, ona görə də minalanmış sahəni
bizə göstərin, oranı təmizləyək. Yerli əsgərlərlə birlikdə minaları təmizləyiblər.
İyulun 1-dən 2-nə keçən gecə saat 4-də Günəşli postundan bir işıqsaçan güllə
atıldı. Biz elə bildik ki, Cəbrayıl tərəfdən bizdəki qüvvələrə xəbər verirlər
ki, hücum edək. İkinci, üçüncü güllələr açılan kimi Şəybəkdən erməni tankları kəndə
girdi. Deməli, işarəni verən ermənilər imiş. Mən Bəyim müəllimdən və digər
qohumlardan eşitdiklərimi Cəbrayıla qayaıdan kimi MTN-nin rayon şöbəsinin rəisi
İbrahim Şirinova danışdım.
11 iyul 1993-cü il
AXC Cəbrayıl RŞ-nin məclisi
keçirildi. Gündəlikdə 4 iyuldakı təxribatla əlaqədar məsələ dururdu. Məclis qərara
aldı ki, hadisəni aydınlaşdırmaq üçün AXC RŞ adından Azərbaycan Respublikasının
Prezidentinə, Ali Sovetin sədrinə teleqram vurulsun. Məktubla rayon komendantına,
rayon prokuroruna, MTN-nin rayon şöbəsi sədrinə müraciət edilsin. Təxribatla məşğul
olanlar tezliklə aydınlaşdırılsın, xalqa məlumat verilsin, kim günahkardırsa cəzalandırılsın.
12 iyul 1993-cü il
AXC Cəbrayıl RŞ-nin məclisinin
qərarı ilə Əbülfəz Elçibəyə, Heydər Əliyevə teleqrama vurduq. Rayon
prokuroruna, komendanta, MTN-nin rayon şöbəsinin rəisinə məktub yazdıq. Xahiş
etdik ki, bu məsələ tezliklə aydınlaşdırılmalıdır. Günahkarlar ciddi cəza
almalıdır. Çünki Xocalı, Şuşa, Laçın, Kəlbəcər məhz belə qurban verilib.
13 iyul 1993-cü il
Rayon prokuroru, ədliyyə
müşaviri İ.Rəhimovun imzası ilə məktub aldıq. Bildirilirdi ki, məktub tədbir
görülmək üçün rayon komendantı Vaqif Məhərrəmova göndərilib. Cavab veriləcək.
23 iyul 1993-cü il
Cəbrayıl rayon sovetinin
7-ci sessiyası keçirildi. Gündəlikdə iki məsələ qoyulmuşdu.
1.Rayonda taxıl biçininin
gedişi.
2.Mənzillərin bölüşdürülməsindəki
vəziyyət.
Söz aldım. (Mən rayon
sovetinin deputatıyam) Dedim ki, 4 iyuldakı təxribat baş tutsaydı, onda biz bu
iki məsələni burada müzakirə edə bilməzdik.
Xahiş etdim ki, necə ki, Gəncə
hadisələri Milli Məclisdə mküzakirə edilirdi, biz də 4 iyun hadisələrini
müzakirə edib qərar qəbul etməliyik.
Məsələni gündəliyə
salmadılar. İclasda deputatlar, idarə, kolxoz rəhbərləri də iştirak edirdi.
Dedilər ki, bu haqda elə-belə məlumat vermək olar.
Sessiyanın sonunda rayon
komendantı 4 iyun hadisələri haqda məlumat verdi. Mən də söz aldım. 2 iyuldan 5
iyula qədər olan hadisələri bütün detalları ilə açdım. Polk komandirinə hərbi
hissədəki nizam-intizamın zəif olduğunu, ən nəhayət, bunun bir gün pis nəticə
verəcəyini deputatlara xatırlatdım. Bildirdim ki, AXC Cəbrayıl RŞ-si adından
Əbülfəz Elçibəyə, Heydər Əliyevə teleqram vurulub. İndi də gəlin sessiya
adından teleqram vuraq, qoy gəlsinlər, yoxlasınlar. Qəbul etmədilər. Onda tələb
etdim ki, mənim çıxışım olduğu kimi yazılsın. Sessiyadan sonra katib Paşa müəllim
dedi ki, dediklərini qeyd etdim. Heyf ki, sənə fikir vermədilər. Bu deputatları
hamı tanıyır. Sessiyada mənə deputat Qəşəm Quliyev, icra hakimiyyətinin Şahvəlli
kənd üzrə nümayəndəsi Miriməli tərəfindən hücumlar oldu. Mən öz borcumu yerinə
yetirmişdim.
30 iyul 1993-cü il
Səhər işə getmişdim. Mən
RXTŞ-də metodist işləyirdim. Eyni zamanda AXC Cəbrayıl RŞ-nin sədri idim. Bu vəzifədə
heç bir əməkhaqqı almırdım. Böyük Mərcanlı kənd orta məktəbinin müəllimi, AXC
üzvü Kamil müəllim küçədə mənə rast gəldi. Dedi ki, “Səs” qəzetini oxumusan?
Dedim yox. Qəzeti mənə verdi. 30 iyul tarixli “Səs” qəzetində “Yenə xəyanət”
adlı məqalə verilmişdi. Məqalədə rayon sakini Əmir Abbasovla müsahibə
verilmişdi. Heç nəyi yoxlamadan qəzetin redaktor müavini S.Aran 4 iyuldakı təxribatda
mənim də adımı çəkirdi. Əmir Abbasov əhaliyə məişət xidməti kombinantının
direktoru idi. İşdən çıxarılmışdı. Dəfələrlə iş barədə mənə müraciət etmişdi. Mən
də demişdim ki, AXC RŞ heç kəsə iş vermir. İş üçün icra hakimiyyətinə müraciət
etmək lazımdır. Onu da deyim ki, AXC iqtidarda olduğu zaman RŞ tərəfindən heç kəsə
iş verilməmişdi. Qəzeti götürüb MTN rayon şöbəsinin rəisi İbrahim Şirinovun
yanına getdim. Ona etirazımı bildirdim. Mənim yanımdaca “Səs” qəzetinə zəng
vurdu. Etirazını bildirdi ki, belə yazı verən zaman heç olmasa onlarla əlaqə
saxlamaq lazım idi. Müxbir gəlsin. Onda hər şey aydın olar. Söz verdilər ki,
müxbir gələcək.
Sonra İbrahim müəllim mənə
MTN-ə ünvanlanmış məktubu göstərdi. Doğrudan da o, hər şey haqqında öz rəhbərliyinə
məlumat vermişdi. Mənə də dedi ki, belə şeylərə fikir vermə. Əsas torpaqdır.
Onu qorumaq lazımdır.
2 avqust 1993-cü il
Saat 10.00-dır. RXTŞ-də öz
kabinetimdə oturmuşdum. Rayon xalq təhsili şöbəsinin müdiri Kamil Məmmədov mənə
dedi ki, MTN-nin rayon şöbəsinin rəisi İbrahim Şirinov zəng vurmuşdu. Dedi ki,
mənimlə əlaqə saxlasın. İbrahim müəllimə zəng vurdum. Dedi ki, Bakıdan qonaq gəlib,
səninlə görüşmək istəyir.
MTN-nin rayon şöbəsinə
getdim. Yolda fikirləşdim ki, yəqin “Səs” qəzetinin nümayəndəsi S.Aran gəlib.
Kabinetə girəndə İ.Şirinovdan başqa bir neçə hərbçi gördüm. Məlum oldu ki, gələn
qonaqlar hərbi prokurorluqdandır.
Mayor rütbəli hərbçi (adını
unutmuşam) əlindəki teleqramı mənə göstərib soruşdu ki, bu teleqramı siz
vurmusunuz? Teleqramı alıb baxdım. Bu, bizim iyul ayının 12-də Əbülfəz bəyə və
H.Əliyevə vurduğumuz teleqram idi. Məzmununu olduğu kimi yazıram: “Naxçıvan, Kələki
kəndi, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə. Sürəti: Azərbaycan
Respublikası Ali Sovetinin sədri Heydər Əliyevə. AXC Cəbrayıl rayon şöbəsi
bildirir ki, bu il iyulun 4-də Cəbrayıl şəhərinin boşaldılıb ermənilərə verilməsi
üçün güclü təxribat hazırlanmış və həyata keçirilməsinə cəhd göstərilmiş, lakin
onun qarşısı alınmışdır. Həmin təxribatı hazırlayanların aydınlaşdırılması üçün
təcili olaraq səlahiyyətli komissiya yaradılmasını xahiş edirik. AXC Cəbrayıl
RŞ-nin sədri V.Əlisoy”.
Mayora bildirdim ki, bəli,
biz vurmuşuq. Xahiş edirəm ki, bu işlə ciddi məşğul olun. Sonra gec ola bilər.
Mayor Şirinovun və mənim yanımdaca Füzuli rayon hərbu prokuroru Fəzail müəllimə
telefonla teleqram haqqında danışdı və dedi ki, işə ciddi yanaşmaq lazımdır. Bu
işlə respublikanın birinci şəxsi maraqlanır. (H.Əliyev nəzərdə tutulurdu).
Orada mənimlə bərabər rayon
komendantı V.Məhərrəmovdan, polk komandiri M.Həsənovdan, polkun digər rəhbərlərindən
4 iyulda Cəbrayılda baş verən təxribatla əlaqədar izahatlar alındı.
14 avqust 1993-cü il.
Sabah, yəni 15 avqustda
“Şişqaya” əməliyyatında həlak olan şəhidlərimizin ilidir. Keçən il bu vaxt həmin
döyüşdə 33 əsgərimiz şəhid olmuşdu. O qəhrəmanların cəsədləri polisin, Milli
Ordu əsgərlərinin və AXC üzvlərinin gərgin əməyi sayəsində geri alınmışdı.
Onların şəkilləri qara mərmərə həkk olunmuş və 20 Yanvar şəhidlərinin şərəfinə
ucaldılan abidənin yanında divarlara vurulmuşdu. Həmin əməliyyatda Gəncədən,
Saatlıdan, Sabirabaddan, Sumqayıtdan, Bakıdan, Cəbrayıldan igid oğlanlar həlak
olmuşdular. Cəbrayıllılar onların xatirısini həmişə uca tuturlar.
15 avqust 1993-cü il
Səhər bütün cəbrayıllılar
kimi mən də “Qrad”, top səsinə yuxudan durdum. Artıq beşinci ildir ki, biz buna
adət etmişdik. Rayon mərkəzinə getdim. Bir-birindən həyəcanlı xəbərlər gəlirdi.
Artıq ermənilər Quşçular, Daşbaşı kəndlərini işğal etmişdilər. Ordu iflic
olmuşdu. Sonra dedilər ki, icra hakimiyyətinin başçısı K.Kərimov, polk
komandiri M.Həsənov Bakıdadır. Ermənilər Süleymanlı, Doşulu, Qışlaq kəndlərinə
hücum edirdi.
4 iyul hadisələri baş verəndən
sonra qohumların, dost və tanşların təhriki ilə söz vermişdim ki, əlimə silah
almayacağam. Bilirdim ki, yenə AXC üzvləri günahkar hesab olunacaq. Çünki icra
başçısı AXC üzvü idi. Onun bütün hərəkətləri AXC RŞ-nin hərəkəti kimi qiymətləndirilirdi.
Saat 12:00-da icra hakimiyyətinə
gəldim. Qubadlı rayon icra hakimiyyətinin başçısı Elxan bəy, Zəngilan rayon
icra hakimiyyətinin başçısı İlham bəy də gəldilər. Özləri ilə qüvvə gətirmişdilər.
Elə həmin gün bu qüvvələrin
və Cəbrayıldakı yerli polisin və əsgərlərin köməyi ilə Daşbaşı postu geri
alındı. Düşmən itki verərək geri çəkilmişdi. Həmin postda olan 20 nəfərə yaxın əsgərimizin
meyitini elə hala salmışdılar ki, onları görən əsgərlərdən bir neçəsi özündən
getmişdi. Əsgərlərimiz ermənilərə məxsus bir torba tapmışdılar. Orada narkotik
maddələr olmuşdu. Bu narkotik maddələri qəbul edən ermənilər sanki bizim əsgərlərimiz
üzərində cərrahiyyə əməliyyatı aparmışdılar. Budur özünü bütün dünyaya yazıq
görkəmində göstərən ermənilər! Onları insan adlandırmaq olmazdı.
16 avqust 1993-cü il
Səhərə qədər yata bilmədim.
Daşbaşında əsgərlərimizin başına gələnlər intiqama çağırırdı. Qana-qan! Daha
belə yaşamaz olmaz.
Öz-özümə sual verirdim: nə
üçün ermənilər geri çəkilən zaman bizim uşaqların meyitlərini özləri ilə
aparmayıblar? Axı onlar həmişə belə ediblər. 1992-ci il 28 iyul və 15 avqust əməliyyatında
da belə olmuşdu. Bəlkə psixoloji hazırlıqdır?
Səhərin açılmasını gözləyirəm.
Heç bir şey yemədən, heç kəsə demədən polis şöbəsinin yeni binasına gəldim. Bir
vaxtlar, yəni düz 1 il sərhədlərimizi qoruyan “Ziyalı” batalyonu da silahlanıb.
Onun sıralarında müxtəlif baxışlı, siyasi əqidəsinə görə fərqlənən oğullar birləşmişlər.
Onların ancaq bir fikri var idi: Torpaq, vətən! İndi onları bu birləşdirirdi. Əgər
üstündə gəzdiyimiz bu torpaq yoxdursa mənə nə AXC, nə AMİP, nə də YAP lazım
deyil. Rəisdən xahiş etdim ki, mənə də silah versinlər, döyüşmək istəyirəm.
Silah verdilər. Soltanlıdan gələn könüllülərlə birlikdə azad olunmuş Daşbaşı
postuna yola düşdüm. Səttar, Məhərrəm, Hacını indi də hörmətlə xatırlayıram.
17 avqust 1993-cü il
Daşbaşı postundan qayıtdım.
Silahı növbətçi polisə təhvil verdim. Rayon mərkəzi atəşə tutulduğundan əhali
İranla sərhəd kəndlərinə köçürülürdü. Yük maşınlarına yüklənmiş ev əşyaları da
aparılırdı. Polis idarəsinin binasında şəhər sakinləri Zəkəriyyə Hüseynov,
İslam İsmayılov, Aygün, Məhəmmədəli Əliyev, Mahmud Quliyev polis rəisi Məhərrəmovla
söhbət edirdilər. Məlum oldu ki, Hüseynov Zəkəriyyə, İslam İsmayılov, Aygün
Bakıya respublika rəhbərliyinin yanına kömək istəməyə gedirlər. Məhəmmədəli
Əliyev, Tahir Səmədov, Mahmud Quliyev gedənlərə yol xərci verirlər. Hamı onlara
uğurlu yol arzulayır, vəziyyəti olduğu kimi danışmağı xahiş edirlər. Bakıda Ali
Sovetin qabağında onları Cəbrayıl ziyalıları da gözləməli idi. Rəis onlara
çatdıracaqdı.
Rəis postdan gələnlərə dincəlmək
əmri verdi. Gözlərimizə yuxu getmir. Vəziyyət doğrudan da ağırdır. Cəbrayılı
Ağdamın taleyi gözləmirmi? Füzulidə də şiddətli döyüş gedir. Axırı necə olacaq?
Hamı narahatdır. Dincəlmək vaxtı deyil.
Gündüz saat 11-dir. Mahmud
Quliyevin maşınında icra hakimiyyətinə gəldim.
Bakıya köhnə tanışlara zəng
vurub Cəbrayıldakı vəziyyəti demək istəyirdim. İcra Hakimiyyətinin növbətçi
otağında qoyulmuş telefonla Tamerlan Qarayevə zəng vurdum. Yerində yox idi. Köməkçisinə
vəziyyəti dedim. Söz verdi ki, Tamerlan bəyə çatdıracaq. Sonra Rövşən Cavadova
zəng vurdum. Dedi ki, Vaqif, vəziyyətdən xəbərim var. Telefonla danışan zaman
icra hakiminin müavinləri Vaqif Məmmədov, Arif Məhidov, hüquq şöbəsinin müdiri
Qürbət də orda idi.
18 avqust 1993-cü il
Əhali kütləvi sürətdə rayon
mərkəzini tərk edirdi. Yol kənarında durub gedənlərə baxıram. Axı niyə belə
oldu? Bu suala cavab tapa bilmirəm. Tahir, Mahir, Habil mənə ürək-dirək verirlər.
Axı bu beş ildə ermənilərə qan udduran Cəbrayıl niyə bu günə düşdü? Kapitan
R.Babayevin Cəbrayıldan uzaqlaşdırılması cəbrayıllılara baha başa gəldi. Əgər
bu an R.Qazıyev, Ə.Hümbətov kimiləri əlimə düşsəydi, onları özüm güllələyərdim.
TMR elan edən Ə.Hümbətov
müsəlman deyil. Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngilanda ana-bacılar göz
yaşı tökür, balalarımızın fəryadı göyə ucalır, igid oğlanlarımız həlak olur. Bu
adam isə”¦ Yox, o, insan deyil! Əgər belələri məhv edilməsə, Azərbaycanın xilası
yoxdur. Məgər Rəhimin, Əlikramın xəyanətini görmürdülərmi? Əgər hökumət onların
cəzasını verməsə, Allah özü onların cəzasını verəcək. Ancaq hələ gec deyil. Kömək
gəlsə, Cəbrayılı xilas etmək mümkün olacaq. Yoxsa, Qubadlı, Zəngilan
rayonlarının vəziyyəti pis olacaq. Allah, o günü mənə göstərmə.
Bakıya zəng vurmaq istəyirəm.
Hara zəng vururam, cavab verən yoxdur. Birdən “Səhər” qəzeti yadıma düşdü.
39-00-02-yə zəng vururam. Şakir Yaqubov cavab verir. Qəhər məni boğur. Rabitə
otağında telefonçu Nəsib dayı və müdir Məmməd Əliyev məni sakitləşdirir.
Ağlaya-ağlaya Şakir müəllimdən xahiş edirfəm ki, birtəhər Milli Məclisdə
İbrahim İbrahimova xəbər verin, Cəbrayılda vəziyyət pisdir. Dərdimizi
ordakılara desin. Şakir müəllim söz verir ki, arxayın ol, çatdıracağam. Öz-özümə
fikirləşirəm, hanı əslən Cəbrayıldan olan deputatlar? Murad Babayev, Əli Həsənov,
Abbasqulu Fərzəliyev niyə susur? Axı namus, qeyrət, torpaq əldən gedir?
19 avqust 1993-cü il
Vəziyyət get-gedə
ağırlaşır. Ermənilər Qışlaq, Süleymanlı, Doşulu, Qaracallı, Balyand, Daşkəsən kəndlərini
işğal ediblər. Respublikanın hər yeri ilə əlaqə kəsilib. Orduda fərarilik kütləvi
hal alıb. Deyilənə görə, Bakıdan kömək gəlir. Bakıya gedənlər (dövlət rəhbərləri
ilə görüşə gedənlər) qayıdıb. Surət Hüseynov söz verib ki, kömək edəcək. Mən
ona inanmıram. S.Hüseynov, R.Qazıyev, Ə.Hümbətov eyni adamdır. Azərbaycanın
bugünkü məğlubiyyəti onların adı ilə bağlıdır. Dəfələrlə Cəbrayıl və Füzuli şəhərləri
təyyarələrdən bombalanıb. Bu gün də öz təyyarəmiz Şahvəlli kəndini bombaladı.
“Xalqım mənə əmr etsə”¦”
Nə oldu? Əsl qiyməti tarix
özü verəcək. Kaş, zənnimdə yanılım.
20 avqust 1993-cü il
Saat 19.30 dəqiqədir.
Mahir, Tahir Allahverdiyev qardaşları, Azər İsmayılovla birlikdə polis şöbəsinin
qabağında dayanmışıq. Xəbər gəlir ki, ermənilərin bir tankı Şahvələdli tərəfdən
rayon mərkəzinə girib. Vahiməyə düşən dinc sakinlər qaçırlar. Kimdən soruşuruq
ki, tankı görmüsənmi, hamı cavab verir ki, belə deyirlər. Tahir, Mahir, Azər
silahsızdır. Məndə bir AKM avtomatı, 2 ədəd F-1 qumbarası var. Polis starşinası
Yəhya Mirzəyevdən xahiş edirəm ki, silah versinlər. Deyir ki, yoxdur. Bir də
xahiş edirəm ki, silah versinlər. Deyir ki, yoxdur. Xahiş edirəm ki, heç
olmasa, bir ədəd qranatatan və tank əleyhinə qumbara verin. Əgər deyilənlər
düzdürsə, biz onların qabağını saxlayacağıq. Tahir, Mahir, Azər bütün silah
növlərindən istifadə etməyi bacarır. Nəhayət, polis starşinası Müzəffər dayının
və rəis müavini Vaqif Hüseynovun təkidindən sonra bizə 1 AKM avtomatı, 2 ədəd
F-1 qumbarası və 1 ədəd tank əleyhinə qumbara verdilər. Yol polis müvəkkili,
starşina Ramil də 1 ədəd tank əleyhinə qumbara götürdü. Ramil öz maşını ilə
“Çinar” istiqamətində, biz isə “Bəyalı” deyilən istiqamətdə, yəni tank gələn
Şahvələdli istiqamətində irəliləyirik. Ermənilər müxtəlif təyinatlı silahlarla
şəhəri atəşə tutduğundan ehtiyatla irəliləmək lazım gəlir. Mərmilər sağımızda,
solumuzda partlayırdı.
Şahvələdli istiqamətində
tank görünmürdü. Demək yalan deyirmişlər. Axı, bu xəbərləri yayanlar kimlərdir?
Bunların məsləki, imanı yoxdurmu? Söz verdik ki, belə adamlardan kimi tutsaq,
yerindəcə güllələyək.
Geri qayıtdıq. Polis şöbəsinin
qabağında heç kəs yoxdur. Hamı xəstəxananın yanına ”“ “El” yoluna qalxmışdı.
Qaranlıq idi. Ramil də gəlib çıxdı. O, yanımızdan qaçan əsgərə “Qaçmayın,
kişisiniz, qeyrətiniz yoxdur sizin?” deyərək, ağlayırdı. Birdən Ramil dedi ki,
polis şöbəsinin anbarında külli miqdarda hərbi sursat var. Onları düşmənə
qoymaq olmaz. Onu partladacağam. Ramil özü Füzuli rayonundan idi. Onunla çox
döyüşdə olmuşam. Yüz nəfər Ramil kimi oğul olsaydı!..
Tahir, Mahir, Azər söz
verdik ki, heç yerə gedən deyilik, şəhərdə qalırıq. Heç olmasa, əclaflardan bir
neçəsini gəbərtməyə imkanımız var.
Mirzəcanlı məhləsinə
girdik. 20 avqust 1993-cü il tarixində şəhərdə Azər, Tahir, Mahir, Kamran
Mehdiyev, Elman Paşaoğlu, Cəmil Fətəliyev, hamının “dəli” kimi tanıdığı Davud
Hüseynovun qardaşı Maksimdən başqa keç kim yox idi. İdris kişinin oğlu Familin
həyətində gecələdik. Mədəniyyət şöbəsinin müdiri Fikrətlə xəbər göndərdik ki, rəhbərlərə
deyin ki, şəhərdə erməni yoxdur. Qoy, bütün qüvvələr şəhərə girsin.
21 avqust 1993-cü il
Səhər alatoranlıqda Zəngilandan
qüvvələr gəldi. Bir ədəd T-72 tankı “Qartal”ın yanına qalxdı. O, Hərəkül yolunu
gözləməli idi. Artıq Bakıdan, Zəngilandan, Qubadlıdan göndərilən qüvvələr şəhərə
girmişdi. Polis şöbəsinin qabağında xeyli qüvvə var idi. Polis şöbəsinə gələndə
bir qız (rayonda hamı onu dəli hesab edirdi. Sən demə, o da gecə rayondan
çıxmayıb. Anası hamamda xidmətçi işləyirdi) yolda qabağımı kəsdi: “Əlisoy,
qurban olum, düzünü de, ermənilər Cəbrayılı tutacaq?” Qəhər məni boğdu. Onu
qucaqladım. Hər ikimiz ağlamağa başladıq. Əlimlə polis şöbəsinin qabağındakı
qüvvəni göstərib dedim ki, arxayın ol, bacı, hər şey yaxşı olacaq.
Yadıma dostlarımın, anamın,
qardaşımın sözü düşdü: “Cəbrayıldakı hadisələri AXC-nin üstünə yıxacaqlar. Gəl,
döyüşə getmə”. Mən isə elə düşünmürdüm. Axı, H.Əliyev özü demirdimi ki, kimin
qeyrəti varsa, kim öz ata-babasının qəbrini qorumaq istəyirsə, əlinə silah
alsın. Bəs, indi nə oldu? Geri çəkilmək olmazdı. Kim nə deyir-desin. Öləcəyəm,
silahı əlimdən yerə qoymayacağam. Şikarın, Mirələmin, Kazımın, Arifin, Mehmanın
qanı yerdə qalmamalıdır. Mənim günahım varsa, cavab verməyə hazıram. Mayor İsgəndərin
dediklərini Məhərrəmova çatdıırb, geriyə, posta qayıtdım.
22 avqust 1993-cü il
Səhər tezdən Mehdiyev
Kamrangilə gəldim. Rayon cavanlarından Rövşən Rüstəmov, Həsən Əliyev,
“ağsaqqal” Cəlil Fətəliyev, Elman Paşaoğlu, Tahir, Mahir qardaşları, Habil bir
yerə yığışdıq. Dedik ki, mübarizəni axıra qədər aparacağıq.
Habillə biz Çinar kəhrizinə
tərəf getdik. Mədəniyyət evinin müdiri Fikrət Məmmədova, həkim Sabirə dedik ki,
Mahmudludakı adamlara deyin ki, hər evdən bir kişi silah götürüb gəlsin. Söz
verdilər. Şəhidlər Xiyabanına gəldik. Şəkillərə baxıram. Gəncəli Fərman,
Bayram, Firdovsi, Füzulidən Əbdürrəhman, Mirələm, Faiq, Tofiq”¦ Qardaşlar, yəqin
qəbriniz od tutub yanır. Vətən, torpaq əldən gedir. Durun ayağa, qurban olum
sizə. Axı, günahımız nə idi? Nəyə görə Cəbrayıl düşmən tapdağına çevrilməlidir?
Hanı Sürətin ordusu? Bakını, ətraf rayonları bir neçə gündə zəbt edən Surət niyə
susur?
Habil məni sakitləşdirdi.
Habilə dedim ki, qardaş, bunların şəkilləri ermənilərin əlinə düşməməlidir (Şəhid
qəbiristanlığına vurulmuş şəkillər). Əgər ermənilər şəhərə hücum etsələr,
onları çıxarmaq lazımdır. Əgər mən ölsəm, bunu siz edərsiniz (Günahımın ən
böyüyü bu oldu ki, o şəkilləri çıxara bilmədim. Onların ruhu qarşısında borclu
qaldım). Saat 11-də yolüstü posta qalxanda Kamran Mehdiyevə dəydim. O, söz
vermişdi ki, Faiqin qanını almamış ölməyəcək. Dedim ki, sən yeriyə bilmirsən.
İmkan var, çıx get, biz qalırıq. Getmədi. Cəbrayılı ən axırıncı tərk elədi.
Posta gəldim. Xəbər verdik ki, Xubyarlı kəndində 2 ədəd təzə kombayn və bir ədəd
traktor var. Gəlin onları aparın. Söz verdilər, amma aparmadılar. Bakıdan gələn
polis işçiləri Muradın, Mirinin, Elçinin yanında xəbər verdilər ki, sizdən arxada
Laçın batalyonu dayanıb. “Raypo” istiqamətini isə Zəngilandan gələn Milli Ordu,
Cəbrayıl “Ziyalı” batalyonu, bir də Bakıdan gələn yanğınsöndürənlər qoruyurlar.
Artıq qaranlıq düşmüşdü. Hərəküldə işıqlar görünürdü. Bizimkilərə xəbər verdik
ki, düşmən Hərəkülə qüvvə yığır. Oranı atəşə tutmaq lazımdır. Dedilər bilirik.
Tədbir görürük.
23 avqust 1993-cü il
Səhər tezdən, Tahir, Habil,
Mahirlə polis şöbəsinə gəldik. Rəis uşaqlardakı silahı görüb soruşdu ki,
silahları sizə kim verib? Cavab verdilər ki, o gün Mahmudluda “kim döyüşmək istəyir,
silah götürsün” dedilər. Biz də kitaba qol çəkib, növbətçi polis kapitanı
Ramildən silah aldıq. Rəis silahları geri qaytarmağı tələb etdi. Onlar silahı
qaytaranda mən də qaytardım. Məhərrəmov dedi ki, sən qaytarma. Dedim ki,
uşaqlardan alırsan, mən də verirəm. Silahları rəis müavinləri Firat Məmmədovun,
Vaqif Hüseynovun, Bakıdan gələn polis işçilərinin komandirləri Xanların və
Mehdi müəllimin yanında qeyd etdirib, qaytardıq. Rəis bildirdi ki, şayiələr baş
alıb gedir. Beş ildir bu Cəbrayıl yolunda can qoyursan, amma qədrini bilmirlər.
Sənin salamat qalmağını istəyirəm. Mən bilirəm ki, siz təmiz adamlarsınız.
Hər şey mənim üçün aydın
idi. AXC üzvü olduğum üçün məni düşmən kimi qələmə vermək istəyirdilər. Təbliğat
öz işini görürdü”¦
Öz evimizə, Tahirgilin,
Habilgilin evinə dəydik. Hər şey yerində idi. “Çinar” kəhrizinə dəydik. Xan
Çinarın kölgəsində bir az oturub su içdik. Habil dedi ki, silahım olmasa da heç
yerə gedən deyiləm. Biz söz verdik ki, silahsız olsaq da şəhərdən çıxmayaq. Əgər
ermənilər şəhərə girsələr, silah əldə edə bilərik. Saat 16.00-da şəhər “Qrad”,
minaatanlardan, toplardan atəşə tutuldu. Sonra avtomat səsləri gəldi. Döyüş
“Raypo” tərəfdə gedirdi. Kamrangilə tərəf getdik. Bizim durduğumuz “Qartal”
postu da güclü atəşə tutulurdu. Sonra polisə gəldik. Cəbrayıl polisinin qüvvəsi
burada idi. Rəis yox idi. Polis işçiləri İlham, Tahir tələb edirdilər ki, bu
qüvvəni götürüb “Qurban təpəsi”nə qalxıb orada mövqe tutaq, ya da qabağa gedək.
Kiçik leytenant Rəfael dedi ki, rəisin əmri olmadan mən heç nə edə bilmərəm. Bu
zaman Zəngilandan köməyə gələn BMP-2 sürətlə şöbəyə yaxınlaşdı. Dedi ki, ermənilər
“Raypo” tərəfdən müdafiəni yardılar. Kim irəli getmək istəyir, minsin maşına.
Heç kəsin yerindən tərpənmədiyini görən BMP-dəkilər söyüş söyməyə başladılar.
Bu zaman QAZ-66 maşın da sürətlə gəlib şöbənin qabağında dayandı. Maşının
üstündəki qara bir oğlan avtomatdan atəş aça-aça söyüş söyür, maşındakı
yaralıya kömək eləməyə çağırırdı. Sonra yerə düşdü ki, minaatanı burada qurmaq
lazımdır ki, “Raypo” tərəfə atəş açaq, heç olmasa orada mühasirəyə düşənlər
çıxa bilsinlər. Onlara kömək edib, minaatanı quraşdırdıq.
“Qartal”da dayanan polislər
də qaça-qaça şöbəyə gəldilər. Həlak olan və yaralananlar var idi. Mən Mehdi müəllimdən
soruşdum ki, nə üçün mövqeyi qoyub gəlmisiniz? Uşaqların hamısı dedi ki, o gün
bizə sənin yanında demədilər ki, bəs arxada Laçın batalyonu dayanıb? Bax,
oradan, həm də qabaqdan bizi atəşə tutdular. Güclə mühasirədən çıxdıq. “Raypo”
tərəfə gedən BMP-2 də geri qayıtdı. Dedilər ki, ermənilər “Raypo” tərəfdən şəhərə
girir, müqavimət göstərən yoxdur. Bu zaman QAZ-66-da Vilayət Əhmədoğlu 25 nəfərlik
bir dəstə ilə şöbəyə yaxınlaşdı. Ermənilərin hansı istiqamətdən hücum etdiyini
öyrənib, öz uşaqları ilə maşınla oraya yola düşdü. Yerdə qalan polis işçiləri,
Milli Ordu əsgərləri Minbaşılı kəndinə tərəf çəkilməyə başladılar. Minbaşılıda
onların qabağını Cəbrayılın müdafiəsinə rəhbərlik edən podpolkovnik Şabanov və
icra hakimiyyətinin başçısı Kərim Kərimov kəsdi. Bizim isə silahımız yox idi. Həm
də mülki şəxslər olduğumuzdan bizə heç nə demədilər. Ailəmizdən xəbər tutmaq
üçün piyada, sonra isə Xələfli kənd sakini Atlıxanın maşınında Hacılı kəndinə,
oradan piyada Mahmudluya gəldik.
24 avqust 1993-cü il
Anamdan, qardaşımın ailəsindən,
həyat yoldaşımdan və 3 uşağımdan xəbər tuta bilmədim. Kimi gördümsə
“buradadırlar” dedi. Mahmudlu sərhəd məntəqəsinə gəldim. Rəisin sürücüsü Şirvan
mənə dedi ki, ananı Hasanlıya apardım. Həyətdə tanımadığım adamlar sıraya
düzülüb posta getməyə hazırlaşırdılar. Öyrəndim ki, bunlar gələn yanğınsöndürənlərdir.
Fuğanlı kəndinə posta gedirlər. Rəis müavini Vaqif Hüseynovdan xahiş etdim ki,
mənə də silah versinlər. Köhnə tanınmış mayor İsgəndər də burada idi. Yolda
maşın saxladıb minib Fuğanlı kəndinə gəldik. Kənddə heç kəs yox idi. Cəbrayılın
polis işçilərindən başqa. Biz onları əvəz etdik. Vəziyyəti bizə izah etdilər:
Fuğanlıdan Cəbrayıla gedən yolu Milli Ordu əsgərləri, sağ cinahı Çərəkən-Horovlu
istiqamətini biz qorumalı idik. Burada öyrəndim ki, Milli Ordu qüvvələrinə
Vilayət Əhmədoğlu və Horovlu kəndindən olan leytenant Fazil başçılıq edirlər.
Onların ixtiyarında 3 T-72 tankı, bir ədəd BMP-1, 1 ədəd BTP var idi. Uşaqların
yanına getdim. Fazillə, Vilayətlə, Əşrəf Məmmədvəliyevlə görüşdüm. Mayor İsgəndər
bəy mənimlə idi. Vilayət mənə dedi ki, mən Hərəküldə elə bir yerdə mövqe
tutmuşdum ki, buradan düşmənə ağır zərbə vura bilərdim. Anncaq ratsiya ilə mənə
xəbər verdilər ki, mühasirədəsiniz, postu tərk edin. Postdan çıxıb bir az irəliləmişdik
ki, qabağımızı kəsdilər. Əlli nəfər idik. Bizimlə qarşılaşanlar ruslar idi. İstəsəydilər
hamımızı qırardılar. Başımızın üstündən atdılar. İmkan yaratdılar ki, oradan
çıxaq. 23 avqustda isə şəhərin içinə girdik, Döyüşdük. Ancaq qabaqlarını
saxlaya bilmədik. Ölənlərin cəsədini sizin 48 nömrəli mənzilin padvalına qoyduq
ki, sonra götürək.
Axşam saat 17-də şəhər
sakini Qələbə bizim yanımıza gəldi. Oğlunu axtarırdı. Oğlu orada idi. Mənə dedi
ki, sizin ailəni Beyləqanda gördüm. Saat 18.00-da yanğınsöndürənlərlə posta
qalxdıq. Yanğınsöndürənlərin komandiri mayor rütbəli bir zabit idi. Ratsiya gətirmək
bəhanəsi ilə aradan çıxmışdı. Gecə saat 1-də yanğınsöndürənlər öz aralarında nə
isə danışıb, mayor İsgəndərlə bizim yanımıza gəldilər. Dedilər ki, biz gedirik.
Bizi bura qırdırmağa gətiriblər. Aldadıblar. Möhkəm mübahisə düşdü. Əlində PK
tutmuş bir oğlan dedi ki, gəlin, bizimlə gedək. Siz canınızdan bezmisiniz, ölüm
axtarırsınız. Mən dedim ki, onda PK-nı mayor İsgəndərə verin, bizim getməyə
yerimiz yoxdur. Ölsək də burada öləcəyik. Əgər getsəniz xəbər verəcəyik ki,
postu icazəsiz tərk edib gedirsiniz. Onlar bizi orada qoyub uzaqlaşdılar. Biz
Vilayətgilin yanına gəldik. Mayor İsgəndər, Cəbrayıl polis işçiləri Əvəz, bir də
Etibar vəziyyəti dedik. Bildirdik ki, sağ cinahda adam yoxdur. Bizə qüvvə
verin, posta qalxaq. Vilayətlə Fazil dedi ki, 2 rotada cəmi 23 adam var. Qüvvə
yoxdur, görün nə edirsiniz. Gedən yanğınsöndürənlər də bir azdan bizim yanımıza
gəldilər. Dedilər ki, fikirləşdik ki, sizi tək qoyub getməyi kişiliyimizə
sığışdıra bilmərik.
25 avqust 1993-cü il
Postdan çıxıb Mahmudluya gəldim.
Eşitdim ki, K.Kərimov, batalyon komandiri S.Mirzəyev həbs edilib. İcra başçısı
K.Əliyev təsdiq edilib. Otaqda Ali Sovetin deputatları A.Fərzəliyev və Ə.Həsənov
oturmuşdu. K.Əliyevlə mən uzun müddət qonşu olmuşuq. Qardaşı Asiflə dost idik.
Deputatların yanında K.Əliyevə dedim ki, H.Əliyevə məlumat verilib ki,
V.Əlisoyun batalyonu var. Onlar Cəbrayılda təxribatla məşğuldur. K.Əliyev bunun
yalan olduğunu və anamın məni axtardığını söylədi.
Gündüz saat 1-də Mahmudlu sərhəd
məntəqəsinə gəldim. Burada yaxın adamlardan biri mənə dedi ki, Əlisoy, sən çox əziyyət
çəkmisən, ancaq sənin haqqında pis şayiələr yayıblar. Silahı ver, özün də get,
ananı, uşaqlarını axtar. Növbətçi kapitan Familə “AGM” avtomatını və 3 ədəd F-1
qumbarasını qaytarıb, kitaba qol çəkib yola çıxdım.
Bir yük maşınına mindim.
Beyləqana qədər nələr görmədim. Öz-özümə deyirdim ki, niyə bir gülləyə rast gəlmədim?
Niyə həlak olmadım ki, bunları indi mən görürəm? Ancaq bir şeyə arxayın idim,
gec-tez xalqı bu bəlaya düçar edənlər layiqli cəzalarını alacaqlar. Onların
adlarını mən bilirəm. Heç kəsdən qorxmuram. Onların adları: R.Qazıyev,
S.Hüseynov, Ə.Hümbətov. Məhz R.Qazıyevin səbəbinə Milli Ordu bu iki nəfərin əlində
cəmləşib.
Anamı, ailəmi tapmaq mənimçün
o qədər də asan olmasa da, həyatım boyu İmişli cəbhəçiləri Tariyel bəyə, Rafiq
bəyə, Fuad bəyə minnətdaram. Onlar mənim ailəmi tapıb, onlara qayğı göstərmişlər.
Sağ olun, qardaşlar!
28 avqust 1993-cü il
28 avqust 1993-cü il “Səhər”
qəzetinin 161-ci sayında “Fərdi qaydada olmaz” məqaləsini oxuyanda dəhşət məni
bürüdü. MTN-nin birinci müavini Qobustanda yerli və xarici jurnalistlər
qarşısında çıxış edərək bildirib ki, AXC Cəbrayıl RŞ-nin sədri Vaqif Əlisoy həbs
edilib. Səbəb budur ki, guya mən şəhid meyitlərini və girovları dəyişən zaman
onların valideynlərindən pul almışam.
“Səhər” qəzetinə zəng
vurdum. Şakir Yaqubov mənə “Əlisoy qardaş, xahiş edirəm, tez redaksiyaya gəl”,
”“ dedi. Qardaşım Ruslanla birlikdə “Səhər” qəzetində oldum. Şakir müəllim,
müxbir S.Qaradağlı ilə görüşdüm. Çox sağ olun, qardaşlar, məni başa düşdünüz!
Kömək etdiniz.
Bir şeyə təəccüb edirəm.
Niyə MTN Gəncədəki, Saatlıdakı, Sabirabaddakı, Göyçaydakı, İmişlidəki şöbələrinə
müraciət edib öyrənmir bəzi şeyləri. Axı 28 iyun, 15 avqust 1992-ci ildə şəhid
və girov düşənlər həmin rayonlarda yaşayıblar. Onlardan hər bir məlumatı almaq
olar. Böhtan atmaq, insanı ləkələmək asan işdir. Bəs vicdan?
SON SÖZ OLARAQ
1954-cü ildə Qubadlıda
anadan olmuşam. 1972-ci ildə Cəbrayılda Maksim Qorki adına orta məktəbi,
1976-cı ildə isə indiki N.Tusi adına APİ-ni fərqlənmə diplomu ilə bitirmişəm.
1979-cu ilə qədər Kəlbəcər rayonunun Qaraxanqallı kəndində müəllim işləmişəm.
1978-89-cu illərdə Cəbrayılın Hovuslu kəndində müəllimlik fəaliyyətimi davam
etdirmişəm. 1989-cu ildən Cəbrayıl RXTŞ-də metodist işləyirəm. 1988-ci ildən Hərəkatdayam.
AXC Cəbrayıl RŞ-nin yaradıcılarındanam. 1990-cı ilin yanvarında rus ordusu tərəfindən
həbs edilmişəm. Novoçerkask, Şaxta, Rostov, Metex, Xankəndində həbsdə olmuşam.
Həbsdən azad olunanda general Safonovun dedikləri bu günə kimi yadımdadır:
“Azadlıq istəyirdiniz, onu da gördünüz. Sizi ona görə buraxırıq ki, orada
gördüklərinizi gedib hər yerdə danışın. Başını qaldıran zindanlarda olacaq”.
Azad olandan sonra mübarizəni
davam etdirmişəm. Əlimdə silah polis işçiləri ilə birlikdə erməni faşizminə
qarşı mübarizə aparmışam. Əsirlərin və girovlarln dəyişdirilməsi üzrə Dövlət
Komossiyası yaradılana qədər 60-dan yuxarı şəhid və girovları, Cəbrayılın polis
işçiləri, Milli Ordu əsgərlərinin köməyi ilə azad etmişəm.
Bu gün Azərbaycanın
torpaqları işğal altındadır. Hələ Xocalı işğal altında olanda demişdim: “Neçə
ki, Xocalının əvəzi çıxılmayıb, heç bir azərbaycanlının başında papaq gəzdirməyə
haqqı yoxdur”.
Ədalət Əfşarlının sözlərini
öz sözlərim kimi qəbul edirəm.
Hər bir acı məğlubiyyətdən
sonra nəticəsiz olaraq günahkarlar axtarılır, təxribatdan danışılır,
satqınlıqdan söhbət gedir, xalq isə gözləyir ki, günahkarlar tezliklə aşkar
olunacaq. Müharibə vaxtı həmişə satqın da, təxribatçı da olub və olacaq. Bu kəslər
öz mənafelərini hər şeydən üstün tutan nadanlardır. Bunları sadə adamlar
arasında axtarırıq. Əslində isə onları yuxarıda oturanlar arsında axtarmaq
lazımdır. O kəslər üçün hakimiyyət qoxusu ana südünün qoxusundan daha əziz,
daha üstün tutulur.
Şuşalı, kəlbəcərli,
laçınlı, ağdamlı, füzulili, cəbrayıllı, qubadlılı satqın, xəyanətkar ola bilməz.
Çünki onların doğma torpaqda əzizlərinin ruhu yatır.
Azərbaycanı şəhərlərə,
rayonlara, muxtar qurumlara bölənlər xalq üçün canından keçənlərə qara yaxıb, əlini
işdən soyudanlara, öz xidməti işindən çox var-dövlət həsrəti ilə yaşayanlar,
özlərini reklam etdirənlər, xalqın ordusunun, Vətənin bu günə düşməsinə bais
olanlar vaxt gələcək cavab verməli olacaqlar.
Heç bir hədə məni öz yolumdan
döndərə bilməz. Həbsxana da görmüşəm, döyülmək də. Ermənilərə qarşı nifrətim
sonsuzdur. Faiqin, Mirələmin, Allahverdi Bağırovun, Ramiz Qəmbərovun, Vəzirin,
Yusifin, Bayramın, Kazımın, Şikarın qanını almayınca ölmək yoxdur.
Məni yaşadan Əliyar Əliyevin,
Həsənqulunun, Qorxmazın ruhudur. Ermənidən qorxum yoxdur. Onların görüşünə dəfələrlə
silahsız getmişəm.
Erməniyə güllə atanlar indi
xəyanətkar olublar. Allahdan qorxsunlar onları şərə salanlar. Onlara zindan
yaraşmır. Öz baltalarımızdan qorxuram, yaman qorxuram”¦
SON
Vaqif Əlisoy, keçmiş döyüşçü