Gözləyə-gözləyə
“gözümüzün kökü saraldı”. Bəzi siyasilərin və politoloqların verdiyi proqnozlar
özünü doğrultmadığı bir daha özünü göstərdi. 2005-ci ilin narıncı inqilablar
dövründən ümidimizi gah Ukraynaya, gah Gürcüstana sonrakı dövrlərdə isə “ Ərəb Baharına ” və nəhayət
son olaraq Ukraynada “Maydan” hadisələrinə
bağladıq. Bəzi siyasilər hər dəfəsində “bundan sonra növbə bizimdir” deyə
elektoratlarını inandırmağa çalışdılar və buna müəyyən müddətə nail oldular da.
Suriyada baş verən hadisələr üç ildən
artıqdır davam edir və sonucun necə olacağı və nə zaman bitəcəyi belə bilinmir.
Bütün dünyanın nəzər diqqətin Suriyada olduğu
bir müddətdə ötən ilin noyabrında
Ukraynada baş verən hadisələr- sanki Suriyada baş verənləri arxa plana keçirdi
və nəzər diqqəti burada baş verənlərə çəkdi. Eləcədə İraqda baş verən hadisələr-İŞİD-in
ortaya çıxması və törətdikləri müəyyən qədər
beynəlxalq aləmin nəzərlərini bu bölgəyə çəksə də Rusiyanın Ukraynaya rəsmən
qoşun yeritməsi əksinə diqqəti əsasən bu istiqamətə yönəltməklə İŞİD məsələsini
müəyyən qədər arxa plana keçirmiş oldu. Bu faktlar onu göstərir ki, baş verən
hadisələr heç də nəzarətdən kənarda baş vermir və idarə olunandır. Bu səbəbdən
sabah hansı regionda hansı hadisələrin cərəyan edəcəyini proqnozlaşdırmaq çox çətindir.
Regionda və yaxın Şərqdə baş verənlər
heç də Azərbaycana təsirsiz ötüşmür. Rusiyanın Ukraynaya qoşun yeritməsi region
ölkələri, eləcə də Azərbaycan üçün bir kritik dönəmə gətirib çıxara bilər. Azərbaycanın
suverenliyi və müstəqilliyinə ciddi təhlükə
yaranır. İran ərazisində İsrailə aid olduğu iddia edilən pilotsuz kəşfiyyat təyyarəsinin
vurulması, ardınca bu təyyarənin Azərbaycan ərazisindən qalxması ilə bağlı
iddialar, İran və İsrail arasında olaya görə yaranan gərginlik və İranın təhdid
notları, hadisənin gündəmə gəldiyi bir vaxta Rusiyanın Ukraynaya açıq şəkildə qoşun
yeritməsi də baş verənlərin sistemli olduğunu deməyə əsas verir. Yuxarıda qeyd
etdiyim kimi baş verən hadisələr Azərbaycana təsirsiz ötüşmür və hakimiyyət gələn
təhlükələri və öz hakimiyyətini qorumaq üçün müxtəlif addımlar atmağa məcbur
olur. Bu atılan addımlarla, balans və güzəştli siyasətlə haraya qədər gedəcəyini isə gələcək göstərəcək.
Hələlik isə Regionda, Yaxın Şərqdə baş verən və bunun fonunda ölkə daxilində
baş verən proseslər hakimiyyətin gərgin anlar yaşamasından xəbər verir. Ukraynada
Maydan hadisələrindən sonra önləyici tədbirlər
görməyə çalışan hakimiyyət daha çox Qərblə əlaqələri olan 3-cü sektorun-QHT-lər
və hüquq müdafiəçilərinin üzərinə hücuma keçdi. İsmayıllı hadisələrindən
sonra daha çox gündəmi zəbt edən, beynəlxalq
təşkilatların təzyiqlərinə səbəb olan İlqar Məmmədov və Tofiq Yaqublunun həbsi
idisə, sonradan hakimiyyət bir-birini arxa plana keçirəcək qalmaqallı həbslər həyata
keçirdi və QHT-lərə basqılar edərək sıradan çıxarmağa nail ola bildi. Leyla
Yunusun həbsi zamanı cəbhə xəttində baş verənlər bu həbsdən beynəlxalq diqqəti
müəyyən qədər yayındırsa da, digər həbslər -İntiqam Əliyevin qalmaqallı həbsi,
RATİ-də, MHİ-də axtarışların aparılması və bu təşkilatların qapadılması medianın
və beynəlxalq təşkilatların diqqətini çəkdi. Naxçıvanda baş verən jurnalist
İlqar Nəsibovun vəhşicəsinə döyülməsi isə daha çox səs-küy yaradaraq həftə ərzində
ən çox qalmaqallı məsələyə çevrildi. Qeyd etdiyimiz kimi daha çox diqqət çəkən
və qınanan bir mövzu oldu. Bu həbsləri həyata keçirməklə hakimiyyət
Qərblə yaxından təmasda ola biləcək qüvvələri sıradan çıxarmaqla özünün
birbaşa və alternativsiz təmas qurmasına
şərait yaradır, Azərbaycanda gələcəkdə baş verə biləcək “Maydan” hərəkatının
qarşısını almağa, siyasi həbsləri daha çox alver vasitəsinə çevirməyi planlaşdırır. Amma bu həbslər heç də
Azərbaycan üçün real təhlükənin qarşısını almır. Çünki real təhlükə Şimal
qonşumuzdandır və yuxarıda qeyd etdiyimiz kimi son hadisələrdən sonra Azərbaycanın
müstəqilliyinə və suverenliyinə real təhlükə yaranır. Nəzərə alsaq ki uzun müddət hakimiyyətin repressiya siyasəti, ölkədəki korrupsiya və
rüşvətxorluq, fərqli düşüncə sahiblərinə olan basqılar, monopoliya, orta
sahibkarlığın inkişafına şərait yaradılmaması, məhkəmələrin müstəqil olmaması,
insan haqlarının və mülkiyyət
hüquqlarının pozulması xalqı hakimiyyətdən uzaqlaşdırıb. Eyni zamanda uzun illər
siyasilərə qarşı aparılan repressiya siyasəti siyasi institutları zəiflədərək pərakəndə
vəziyyətə gətirib. Siyasi partiyalar arasında baş verən qarşıdurmalar və əsassız
ittihamlar, şəxs və qrup maraqlarına xidmət və prinsipialsızlıq, hakimiyyətin
siyasi proseslərə qoşulanlara qarşı amansızlığının yaratdığı xof xalqın siyasi partiyalar ətrafında toplanmasına,
proseslərə qoşulmasına imkan vermir və biganəlik yaradır. Şimal qonşumuzdan gələn təhlükənin qarşısını
almağın isə yeganə yolu milli birliyin, barış və dialoqun yaranması, müxalifət,
iqtidar və xalqın birlikdə müqaviməti ola bilər. Barış və dialoqun yaranması
üçün isə ilk addımı hakimiyyət atmalıdır. Siyasi məhbuslar buraxılmalı, ədalətli
və şəffaf məhkəmə prosesləri keçirilməli,
islahatlara başlanmalı, iqtidarın təkidi
və təklifi ilə siyasi yönündən asılı olmayaraq
siyasi partiyalar məsələlərin həlli istiqamətində birlikdə
müzakirə aparmalıdırlar. Əks təqdirdə isə itirən tərəf hər birimiz ola bilərik.