Almaniyanın Köln şəhərində yerləşən Alman-Azərbaycan Mədəniyyət Evi azyaşlılardan ibarət “Bakı” şahmat Klubu yaradıb. Kluba əsasən orada yaşayan və Almaniyanın müxtəlif şahmat klublarında oynayan soydaşlarımız və bir neçə xarici xalqların nümayəndələri də daxildir.
AAME-nin icraçı direktoru Rəşad
Quliyevin Moderator.az-a verdiyi məlumata görə təşkilatın məram və
məqsədlərinə uyğun olaraq Azərbaycanın tanıdılması adına atılan bu addımın
uğuru indidən müxtəlif yerli dairələrdə geniş əks-səda doğurub, “Kluba şahmat
üzrə Şimali Reyn Vestfaliya, Leverkuzen çempionu və bir çox beynəlxalq turnirlərin
qalibi İdris Əsədzadəni və bir neçə soydaşlarımızı cəlb etməklə Almaniya Şahmat
Federasiyasının da marağına səbəb olmuşuq. Azərbaycan şahmat ənənəsinin
Almaniya şahmatına da töhvə verəcəyini bildirən Federasiyanın bölgə nümayəndələri
bu addımımızı sevinclə qarşılayıblar. Alman-Azərbaycan Mədəniyyət Evi olaraq
Klubumuza öz binamızda geniş yer vermişik. Burada klub üzvləri üçün həm dərs məşğələ
otaqları, həm də kiçik turnirlər üçün şərait yaradılıb. Şahmat lövhəsi, şahmat
taxtaları, müxtəlif materiallarla klubumuzu təmin etmişik. Kluba İtaliya uşaq
milli komandasının baş məşqçisi, Beynəlxalq dərəcəli şahmatçı (İM) Fernando
Braga və Şimali Reyn Vestfaliya üzrə müəllim İM Thomas Michalczakı məşqçi
olaraq dəvət etmişik”.
Rəşad Quliyev bildirdi ki, Klubun bəzi
çatışmamazlıqları barədə Azərbaycan Şahmat Federasiyasına kömək üçün müraciət
olunub.