“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı qanunsuz həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusa qarşı həyata keçirilən repressiyalar və fiziki zorakalıqlarla bağlı etiraz bəyanatı yayıb. Moderator.az-a daxil olan bəyanatda deyilir:
“Yerli və beynəlxalq hüquq normalarının
ayaqlar altına atan mövcud hakimiyyət vətəndaş cəmiyyəti fəallarına qarşı təzyiqləri
israrla davam etdirir. Təəssüflə
qeyd etmək lazımdır ki, bir sıra aparıcı beynəlxalq təşkilatların və Avropa Parlamenti
kimi nüfuzlu qurumların Azərbaycanda insan haqlarının bərbad durumundan ciddi
narahatlıq keçirdiyi, vəziyyətin düzəlməyəcəyi təqdirdə rəsmi Bakıya sanksiyaların
tətbiq edilə biləcəyi anonsunu verdiyi məqamda Əliyev rejimi ictimai- siyasi fəallara
qarşı təzyiqləri səngitmir. Bu təzyiqlər təkcə nisbi azadlıqda olan fəallara
qarşı deyil, azadlıqdan məhrum edilmiş həbsxanada olan hüquq müdafiəçilərinə də
qarşı nümayiş etdirilir.
Kürdəxanıdakı
1 saylı İstintaq Təcridxanasında saxlanılan tanınmış hüquq müdafiəçisi, nüfuzlu
beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı Leyla Yunusun vəkillərinin
verdiyi məlumata görə o, həbsxana əməkdaşlarının biri tərəfindən döyülüb.
Dəfələrlə
cəhddən sonra Leyla Yunusla görüşən vəkillər bildirib ki, son günlər havalar
soyuq keçdiyindən və isti su olmadığından o, soyuq su ilə çimməli olub və
nəticədə bərk soyuqlayıb. Hətta bir neçə gün qızdırmalı yatıb.
Lakin bu durumuna baxmayaraq, ona heç bir tibbi yardım göstərilməyib.
L.Yunus qızdırmalı yatdığı halda, bazar günü onun kamerasında “şmon”
keçirilib və nəzarətçilər ciddi şəkildə hansısa yazı axtarıblar. Axtarışdan
sonra hüquq müdafiəçisinin yaxınları ilə telefon ünsiyyəti hüququna bir
aylıq qadağa qoyulub.
Eyni
zamanda həftənin 1-ci və 2-ci günü bərk qızdırması olduğundan və yeriməyə halı
olmadığından Leyla Yunus vəkilləri Xalid Bağırov və Elçin Qəmbərovla
görüşə çıxa bilməyib: “Leyla xanım bildirib ki, dünən günün ikinci yarısı Bakı
İstintaq Təcridxanasının əməkdaşı mayor Yaqubov kamerasına gəlib, onun qolunu
buraraq, kameradan çıxarıb, kənarda olan boş kameraya aparıb. Orada saçından
tutub, yerə yıxıb və onu yerdə sürüyüb. Bunun üzərindən ona,
“ağıllanmırsan da, sən” deyə, bağırıb. Onun böyründən zərbələr endirib”.
Tanınmış
hüquq müdafiəçisi xanım Leyla Yunusa qarşı həbsxanada həyata keçirilən bu
biabırçı zorakalıq aktını törədən şəxsi cəzalandırmaq əvəzinə Penitensiar Xidmətin
baş vermiş olayı təkzib etməsi hadisənin arxasında hakimiyyətin siyasi iradəsinin
dayandığını göstərir.
“Siyasi Məhbuslarsız
Azərbaycan” İctimai Alyansı qanunsuz həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusa
qarşı həyata keçirilən repressiyaları dayandırmağa, ona qarşı zorakalıq edənlərin
cəzalandırılmasını və Leyla Yunusa təcili müvafiq yardım göstərilməsini tələb
edir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyini Təcridxanada Leyla
Yunusla görüşüb onun sağlıq durumunu yoxlamağa çağırır.
“Siyasi Məhbuslarsız
Azərbaycan” İctimai Alyansı Penitensiar Xidmətdən tələb edir ki, Alyans üzvləri
daxil olmaqla müstəqil hüquq müdafiəçilərinin Leyla Yunusla görüşünə şərait
yaratsın.”