Moderator.az Ağalar Bayramovun ifasında Ramiz Qusarçaylının Vətən həsrətli bir şeirini oxuculara təqdim edir:
Ayaqlarının donu təzəcə açılan balaca qızcığaz xəstəxanada yuxudan oyanıb dedi ki, Şuşada, evimizdəydim. Qapımızdakı ərik ağacı çiçəkləmişdi”¦
Nə göyərt bu dərdi,
Nə ləkdən keçir,
Silkələ, çalxala, ələkdən keçir.
Daha güldən keçib, çiçəkdən keçib,
Bu yaz çiçəkləmə, ərik ağacım.
Qeyrət başı bağlı,
dərd başı açıq,
Səhər ürək götür, dərd başına çıx”¦
Ağaclar Şuşada qurğuşun açır,
Bu yaz çiçəkləmə, ərik ağacım.
Dərdə bax,
can dözür, qan dözür belə,
Yaralı daşları kim üzür belə,
Ağla Mehri belə, Zərgəzur belə,
Bu yaz çiçəkləmə, ərik ağacım.
Oyatma, qoy yatsın yatan dərdləri,
Köz-köz ürəyimi çatan dərdləri,
Gördüm çiçəyini atam, dərdlərin”¦
Bu yaz çiçəkləmə, ərik ağacım.
Bu dərd qaya-qaya,
daş-daş güllənir,
Daş-qaya üstündə savaş güllənir,
Yiyəsiz yurd yeri yavaş güllənir,
Bu yaz çiçəkləmə, ərik ağacım...