Azərbaycanın Hərbi Doktrinası dəyişdirilməlidir.
Belə bir sensasiyalı təkliflə Milli Məclisin (MM) deputatı Zahid Oruc çıxış edib.
Onun dediyinə görə, Azərbaycan heç bir hərbi bloka qoşulmayan ölkə statusunu seçməlidir:
“Gələcəkdə o statusun dəyişməsi isə dövlətin öz müstəsna qərarı olaraq qalır”.
Z.Oruc, həmçinin orta məktəblərdə rus dilinin tədrisi məsələsinə diqqət çəkib:
“Azərbaycan insanın bu gün əgər 2 milyona qədəri Rusiyanın iqtisadi-ticarət və əmək bazarında yer alırsa, nə üçün biz onlara orta məktəbdə rus dilini öyrətməyək? Əlbəttə, ana dilimiz milli şərəfimizdir. Lakin vətəndaşların sosial həyatı da hər bir hakimiyyətin başlıca qayğısıdır”.
Sonra növbəti təklifini dilə gətirən Z.Orucun qeyd etdiyinə görə, cəbhəyanı zonaların statusu haqqında ayrıca qanun olmalıdır.
“Ağdamda və ya Füzulidə çalışan müəllim paytaxt həmkarlarından fərqli maaş almalıdır. O, bölgələrin iqtisadi stimullaşdırma şərtləri də fərqli olmalıdır”.
Z.Oruc daha sonra bildirib ki, Azərbaycanda hər vəzifəyə təyin olunan şəxs əvvəlki şəxsin bütün qurduqlarını sıfırlayıb yeni səhifədən başlayır.
“Bu da öz növbəsində dövlətə külli miqdarda maddi ziyan, zərbə vurmaqla bərabər kadr quruculuğu prosesinə və normal varislik ənənəsinin formalaşmasına əngəl törədir. Vəzifədən çıxarılan adam özünü atılmış və tapdalanmış hesab edir”, - deyə o, sözlərinə əlavə edib.