Əvvəli burada---moderator.az/?xeber=57337
...Gecə sakit keçmişdi. Hamımız sevinirdik ki,
şükr Allaha, yaxşı qutardıq, ikinci dəfə qardaş qırğınına yol verilmədi. Neçə
günün əsəb gərginliyi, yorğunluq, yuxusuzluq Qvardiyanın şəxsi heyətinin
canında idi. Təhlükə hələ tam ötüşməsə də OMON-çularla yenidən toqquşmaq ehtimalı
bir qədər səngimişdi. Arada yaranan sakitliyi nəzərə alaraq Milli Qvardiya
komandanı Tofiq Rəsulovun icazəsi ilə şəxsi heyətin bir hissəsinə müəyyən
olunmuş yerdə dincəlmək üçün icazə vermişdim.
XDMX-nin rəisinin göstərişi əsasında yaranmış sakitçilikdən istifadə
edib, komandanla bərabər “Azadlıq
Meydanı”na gəlib Hökümət evinin ətrafını nəzərdən keçirmişdik. Sonra da qərargah
rəisi Vaqif Mustafayevə göstəriş vermişdik ki, bir dəstə qvardiyacı ilə “Azadlıq
Meydanı”nı mühafizəyə götürsün. Vaqif
Mustafayev komandanın göstərişi ilə gecə ilə bir dəstə qvardiyaçı ilə bərabər “Azadlıq
Meydanı”na gedərək Hökümət evinin giriş çıxış qapılarını və ölkə prezidentinin
çıxış edəcəyi tribunaya yaxın ərazini mühafizəyə götürmüşdü.
Prezident Aparatında əksər siyasi partiyaların
rəhbərliyinin iştirakı ilə ölkə başçısı Heydər Əliyevin iştirakı ilə toplantı
keçirilirdi. Toplantı başa çatandan sonra ölkədə yalnız axşam saatlarında iki
aylıq fövqəladə vəziyyət elan edilmişdi.
5 oktyabr səhər sübhdən XDMX-nin rəisinin və
birinci müavini- Milli Qvardiya komandanının iştirakı ilə “Azadlıq Meydanı”nın
mühafizə şəraitinə baxış keçirilmiş, rəis tərəfindən mühafizənin təhlükəsizliyinə
cavabdeh olan “Alfa” və “Betta” dəstələrinin komandirlərinə, o cümlədən Milli
Qvardiyaçıların komandiri olaraq mənə təhlükəsizlik tədbirləri ilə bağlı xüsusi
göstərişlər verilmişdi.
XDMX rəisi general Vaqif Axundov kabinetində
keçirilən toplantı zamanı bizə xüsusi tapşırıq vermişdi ki, 6 oktyabr 1994-cü
il tarixində ölkə başçısı cənab Heydər Əliyevin yanında günortadan sonra ölkənin
rəhbər vəzifəli şəxslərinin iştirakı ilə toplantı keçiriləcək. Görüşdən qabaq
Milli Qvardiyanın komandanı Tofiq Rəsulovla idarənin rəisi Vaqif Axundov
arasında ciddi bir məsələnin müzakirəsi gedirdi. Baş nazir Surət Hüseynov
prezidentin yanında çağırılan toplantıya gəlməsə və yaxud Nazirlər Kabinetinə gəlib,
prezidentin yanında keçirilən tədbirə qatılmasa, ölkə başçısının qərarı ilə Surət
Hüseynovu müşayət edən qanunsuz silahlı dəstənin tərksilah olunması ilə bağlı müəyyən
tədbir görülə bilərdi. Bu ehtimal olunan əməliyyatı İdarə rəisinin tapşırığı əsasında
“Alfa” dəstəsi və bu sahəyə cavabdeh olan şöbənin əməkdaşları yerinə yetirlməli
idi. Lakin baş nazir 6 oktyabr 1994-cü il tarixində səhər saat 11 radələrində
100 nəfərdən artıq hər növ silahlarla silahlanmış silahlı dəstənin müşayəti ilə
Nazirlər Kabinetinə gəlmişdi. Baş nazirin silahlı dəstəsini Nazirlər Kabinetinə
buraxmamaq göstərişi alan “Alfa” dəstəsinin üzvləri və mühafizə şöbəsinin əməkdaşları
verilən tapşırığı yerinə yetirə bilməmişdi. Artıq hamıya bəlli idi ki, baş
nazir güc nümayiş etdirmək qərarına gəlib. Yəqin ki, bu da ölkə başçısına qarşı
bir təzyiq vasitəsi idi. Milli qvardiyaçıların mənə verdikləri məlumata görə
baş nazir Surət Hüseynovun silahlı dəstə üzvləri Nazirlər Kabinetinin binasının
üstünə qalxmaq istəsələr də qvardiyaçılar onlara bu imkanı verməmişdilər. Bu
fakt Milli Qvardiya komandanı polkovnik Tofiq Rəsulovu bərk narahat etmişdi. O
Vaqif Axundova “Alfa” dəstəsinin əməliyyatı yerinə yetirə bilməyəcəyini
bildirmişdi. Prezidentə baş nazirin böyük silahlı dəstə ilə işə gəldiyi barədə
məlumat verilməsini məsləhət görürdü. Çox gözlənilməz bir vəziyyət yaranmışdı.
Rəis öz müavini, prezidentin şəxsi
mühafizə xidmətininn rəisi Bəylər Əyyubovun vasitəsi ilə baş nazir Surət
Hüseynovun böyük bir silahlı dəstə ilə işə gəldiyi barədə ölkə başçısına xəbər
çatdırmışdı. Baş mühafizə idarəsinin rəisi Milli Qvardiya komandanın məsləhətindən
sonra məni yanına çağırmışdı. Milli Qvardiyanın komandanı ilə birlikdə Baş
mühafizə idarəsinin rəisi mənimlə yarım saatdan artıq söhbət etmişdilər. Ölkə
başçısı hər an baş nazirin silahlı dəstəsinin tərksilah olunması barəsində göstəriş
verə bilərdi. Bu yarım saat ərzində rəisin yanında 3-lükdə taktiki döyüş
planını nəzərdən keçirib müzakirə etmişdik və general mənə konkret göstərişlər
vermişdi. Hərbi sirr olduğu üçün bu göstərişlərin nədən ibarər olduğunun
detallarına toxunmuram. Qısası onu bildirirəm ki, general Vaqif Axundovun
komandan Tofiq Rəsulovla bərabər mənim qarşıma qoyduqları tapşırığı Milli
Qvardiyaçılarla və Milli Qvardiyanın tərkibində olan xüsusi təyinatlı bölüyün
üzvləri ilə birlikdə zərgər dəqiqliyi ilə yerinə yetirdik. Prezident Aparatında
ölkə başçısının yanında keçirilən toplantıya silahlı dəstənin müşayəti ilə gedən
baş nazirin silahlı dəstəsinin qabağını məharətlə aldıq və baş nazirin silahlı
dəstəsinin bir üzvü belə Prezident Aparatına daxil ola bilmədi. Həyətdə
ortalıqda qalan baş nazirin silahlı dəstəsi Aparatın və Nazirlər Kabinetinin
hündür yerlərindən onlara sarı Milli Qvardiyaçıların tuşladıqları silahları görəndə
sakit olaraq silahlarını çiyinlərinə alıb Aparatın həyətini tərk etdilər...
P.S. Moderator.az "Youtube”da yerləşdirilən
tarixi müşavirəni ikinci dəfə bu yazıya yerləşdirmək zorundadır. Çünki əgər
plan baş tutsaydı Heydər Əliyevin Surət Hüseynovu uşaq kimi danladığı həmin
müşavirənin ssenarisi başqa cür olmalıydı. Yəni 100-dən artıq silahlı dəstə
üzvü Prezident Aparatına soxularaq müşavirə gedən otağın qapısınadək getməli və
artıq bu dəfə prezident deyil, baş nazir ultimatumla çıxış etməliydi. Ancaq
Milli Qvardiya bu dəfə də prezident Heydər Əliyevi xilas etməyi bacardı. Məhz
ona görə də planının baş tutmadığı xəbərini alaraq müşavirə otağında təklənmiş
vəziyyətdə qaldığını anlayan baş nazir prezidentin danlağına səbrlə dözməyə məcbur
oldu...