"Möhtərəm cənab Prezident!
Mən AMEA Gənc Alimlər Şurasının üzvü, AMEA Folklor İnstitutunda elmi işçi, Filologiya üzrə Fəlsəfə doktoruyam. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Hal-hazırda Bakı şəhəri, Nərimanov rayonu Ağa Nemətulla 49B, mənzil 12-də kirayədə yaşayıram..."
Bu sətirlər AMEA Folklor İnstitutunun əməkdaşı Əpoş Vəlisoyun ölkə başçısına yazdığı məktubdandır. Gənc alimi məktub yazmağa vadar edən səbəb onun hansısa polis məmurunun oğlu tərəfindən döyülməsidir. Əpoş müəllim hadisəylə bağlı hara müraciət edibsə xeyri olmayıb. Əksinə, ona ağlını başına yığmağı, yoxsa evindən narkotik maddə çıxa biləcəyini başa salıblar. Canının dərdindən qaçıb qohumlarıgilə sığınan zərərçəkən imdad üçün ölkə başçısına üz tutub.
Təsəvvür edirsinizmi? Alim olasan, aldığın maaşla kirayədə yarıac-yarıtox yaşayasan, səni ailə- uşağının yanında hansısa bir məmurun oğlu döyə, təhqir edə, öz tapdanmış ləyaqətini qoruya, hüququnu bərpa edə bilməyəsən və... Və sən hələ də hakim partiyanın üzvü olasan.
Vallah, YAP-çılar demiş, cənab Prezidentin yerinə olsam, Əpoş bəyə bircə cümləlik cavab məktubu yazaram-"Qüsura baxma, gənc alim, bu dözüm ki, səndədir, elə səni döysələr yaxşıdır."
Redaksiyadan: Ümid edirik ki, hörmətli daxili işlər naziri Ramil Usubov məsələyə biganə qalmayacaq və alimə əl qaldıran polis məmurunun oğlunu da, atasını da qanunların sərt üzü ilə cəzalandıracaq, ən azından prezident İlham Əliyevin harınlamış məmur balaları ilə bağlı məlum çıxışına görə...