Ölkədə və dünyada olub bitənlərdən xəbər tutmaq üçün kanallara göz atırdım. ANS-də “Alın yazısı” adlı veriliş getdiyini görüb izləməyə başladım. Bəri başdan deyim ki, izlədiyimə peşiman oldum. Peşmanlığımın səbəbləri:
1. “Alın yazısı” adlanan verilişdə vampirlikdən və vampirlərdən bəhs olunurdu. Sizə qəribə gələ bilər ki, burda peşiman olası nə var.
-Əgər vampirliyi alın yazısı qəbul edib bu verilişi hazırlayıblarsa, o zaman Allaha qarşı çıxırlar. Çünki əgər vampirlik alın yazısıdırsa və alın yazısını da Allah yazırsa onda burdan belə nəticə çıxır ki, Əstağfrullahi Allah ədalətsizlik edərək birinin alnına-ömrünə, həyatına, talehinə, qismətinə vampirlik yazır və sonra da həmin yaratdığının iradəsindən asılı olmayaraq elədiyi günahlardan dolayı onu cəhənnəmə göndərir. Belə bir küfürün çox cəhətlərinə görə hörmət etdiyim, dəyər verdiyim Vahid Mustafayevin rəhbərlik etdiyi bir media quruluşunda getməsi həm anlaşılmaz, həm də acınacaqlı haldır. Çünki, Vahid bəyi dəfələrlə Təzəpir məscidində namazda görmüşəm.
-Yox əgər vampirliyi xəstəlik qəbul edib bu verilişi hazırlayıblarsa, o zaman bu verilişin alın yazısı adı altında verilməsi yanlışdır. Digər tərəfdən bu verilişlə nə demək istəndiyi, nə məqsəd güdüldüyü vurğulanmadı və ya aydın olmadı.
2. Mən əminəm ki, verilişin rejissoru bu verilişdəki bacarığını başqa verilişlərdə və ya sahədə yararlansa həm özü böyük uğur qazanar, həm də tamaşaçı üçün çox faydalı olardı. Amma bu verilişdə rejissor işi rahat şəkildə, normal halda verilişə baxıb sağlam məntiqlə nəticə çıxarmaqdan çox, tamaşaçıda, həyəcan, qorxu, gərginlik yaratmağa xidmət edirdi.
Aydın deyil ki, bu verilişin hazırlanmasında, xüsusi ilə tamaşaçını belə narahatedici şəkildə hazırlanmasında məqsəd nədir? Cəmiyyəti vampirlikdən çəkindirməkmi? Verilişdə iştirak edənlər bunu xəstəlik qəbul edirsə onda müalicə yollarından danışılmalydı ki, bundan bir kəlmə də danışılmadı. Bəs onda bu verilişin hazırlanmasına məqsəd nədir?
3. Samir Əliyev adında bir iştirakçı verilişdə hüquq mühafizə orqanlarını və bu cür xəstəliklərlə mübarizə aparmalı olan tibb işçilərini hərəkətə gətirəcək bir neçə etiraf etdi:
-S. Əliyev etiraf etdi ki, o bir nəfər xəstəyə (çünki verilişdə bir neçə dəfə bu adamların xəstə olduğu vurğulandı) “lezva” verib ki, bədənini kəssin. Bir insanın bədəninə xəsarət yetirməsinə şərait yaratmağın normal hal olduğunu düşünmürəm və həm də S. əliyev belə adamları tanıdığını, onlarla əlaqəsinin olduğunu etiraf etdi;
-S. Əliyev çıxışı zamanı “özündən asılı olmayaraq” müxtəlif anormal hərəkətlər etdiyini dedi. Məncə “özündən asılı olmayaraq” anormal hərəkətlər edən adamı televiziyaya çıxarmaq yox, müalicəyə göndərmək lazımdı.
- S. Əliyevin danışığı isə lap qıcıqlandırıcı idi. Başqa dillərdən olan sözləri qarışdıraraq və dilin qaydalarını kobud şəkildə pozaraq bərbad halda danışırdı. Bəlkə də birbaşa veriliş olsaydı, bunu ANS kimi çox uğurlu layihələr həyata keçirən, çoxlu başarılara sahib bir kanala bağışlamaq olardı, amma veriliş video yazı olduğu üçün bun bağışlanmaz haldır.
3. İlahiyyatçı Haçı Şahin buyurdu ki, “dinimizə görə Aşura günü qan çıxarmaq haramdı”. O zaman belə bir sual doğur: Əgər Aşura günü qan çıxarmaq haramdırsa nədən cammaatı həmin gün qan verməyə təşviq edirlər və Hacı Şahin bunu bilə-bilə niyə bunun əleyhinə iş aparmır? Əgər belə bir hal yoxdursa, hörmətli Hacı fikrini düzgün ifadə etməyibsə , o zaman Hacıya düşən ən tez bir zamanda və elə həmin ekrandaca üzrxahlıq edib yanlışını düzəltməlidir.
4. Verilişdə çıxış edənlərdən biri yadımda qalan ad səhv etməsəm Çingiz Rüstəmov dedi ki, “Türklərdə islama qədər qan içirdilər...”(əgər bu sözləri deyən adam Çingiz Rüstəmov yox başqa adamdırsa ondan üzr istəyirəm). Bilmirəm bu adam bu faktı, bu dəlili hardan alıb. Tarixçilərimizi bu iyrənc yalana ciddi yanaşmağa və münasibət bildirməyə çağırıram. Həmin adama isə onun bilərəkdən ya bilməyərəkdən özünü türk sayan 300 milyon insanın hüysiyyatı ilə oynadığını və çox böyük məsuliyyətsizlik etdiyini demək istəyirəm.
Düzdü Türklərə qarşı çox iftiralar atılıb, son vaxtlar bu hal daha da çoxalıb. Gah Nizami Gəncəvinin fars olduğunu iddia, gah Şah İsmayılı gözdən salmağa çalışırlar, gah Babəklə əlləşirlər, gah Nadir Şah Əfşarın və Ağaməhəmməd Şah Qacarın qurduqları dövlətlərin İran dövləti olduğunu sübut etməyə çalışırlar,gah millətimizə, dilimizə hörmətsizlik edirlər, gah müstəqilliyimizi lağa qoyur, gah da dövlətçiliyimizə zərər vurmaq üçün onu müzakirə mövzusuna çevirirlər. Bunun səbəbləri aydındır. Amma çox sevindirici haldır ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Şah İsmayılla bağlı kitabından sonra Şah İsmayıla dodaq büzənlər dodağını dişlədi, dil uzadanlar dilini uddu, daş atanlar daşını gizlətdi. Bu isə üzücü haldır ki, Şah İsmayıla münasibətini gizlədənlər, acığını, kinini yuxarıda qeyd etdiyimiz digər məsələlərdə qusur. Bəyəm, hörmətli Ramiz müəllim hər məsələyə münasibət bildirməlidir ki, türkə, tariximizə, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı kin və nifrət atəşində qovrulanların çığırtısı kəsilsin və nəticədə qulaqlarımız dincəlsin, onların sızıltısı dayansın ki, ruhumuz azacıq da olsa rahatlıq tapsın?!