Salyanın icra başçısı niyə sözə baxmır?
Moderator.az Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədr müavini şair Emil Rasimoğlunun Azərbaycan Yazıçılar Birliyinin bölgələrdəki problemiylə bağlı qələmə aldığı yazıları təqdim edir.
İlk yazı Salyandandır.
Azərbaycan Yazıçılar Birliyinin ölkə daxilində və xaricində ondan artıq bölməsi fəaliyyət göstərir. Bu Bölmələr hansı zərurətdən doğdu? Onların yaranması lazım idimi? Üzərinə düşən vəzifəni nə dərəcədə yerinə yetirir? Onlar bu gün hansı qayğılarla yaşayır? Gənc yazar olaraq bu kimi suallar üzərində düşündüm və AYB-nin Bölmələri haqqında yazmaq qərarına gəldim. İlk olaraq mərkəzi doğulduğum Salyan torpağı olan AYB Muğan Bölməsindən yazmağı daha məqsədəuyğun hesab etdim.
Azərbaycan
Yazıçılar Birliyinin Muğan Bölməsi yanılmıramsa AYB-nin ən gənc bölməsidi. Bu bölmə
2008-ci ildə o zaman Salyanda yaşayan şair-publisist Namiq Hacıheydərlinin təşəbbüsü və bir neçə illik zəhməti nəticəsində yaradılıb. Bölmənin ilk təsis konfransı həmin
ilin iyulunda Salyanda keçirilib və həmin konfransda xalq yazıçısı Anarın təklifi
ilə Namiq Hacıheydərli bölmə sədri seçilir.
Bu bölmənin
yaranması Muğan bölgəsi, xüsusilə Salyan üçün əlamətdar tarixi hadisə idi. Onun
yaranması ilə Muğan torpağı üçün əhəmiyyətli olan bir sıra “ilk”lərə imza atıldı. Belə ki;
1.Muğan
anlayışı ilk dəfə ədəbi-ictimai müstəviyə gəlirdi.
2. Bölmənin
yaranması bir zamanlar ədəbiyyatda olub sonra müəyyən səbəblərdən uzun illər ədəbi
mühitdən uzaq düşən bəzi bölgə yazarlarını yenidən ədəbiyyata qaytardı.
3.Bu bölgədə
yaşayan bir sıra gənc yazarlar ilk dəfə ədəbi mühitə təqdim olundu, onların
tanınması və özlərini təsdiq etməsi təmin
olundu. Yeri gəlmişkən, bu yazının müəllifi də ilk dəfə AYB Muğan Bölməsinin ədəbi ictimaiyyətə təqdim
etdiyi və dəstək olduğu gənc yazarlar
sırasındadı.
4. Bölmə
yaranandan bir müddət sonra Namiq Hacıheydərlinin tərtibçiliyi ilə “Muğanın səsi”
adlı ədəbi nümunələr toplusu çap olundu. Bu toplu Hacıqabul, Şirvan, Salyan və
Neftçala bölgəsini əhatə etməklə 60 Muğan yazarının yaradıcılığından örnəkləri
özündə cəmləşdirən ilk toplu idi. Toplunun tərtibində arxiv materiallarından
istifadə etməklə 19-cu əsrdə yaşamış bir neçə Salyan yazarı ilk dəfə ədəbi
ictimaiyyətə təqdim olundu.
5. “Bizim
söz” qəzetinin təşkilatçılığı ilə
2009-ci ilin ədəbi yekunlarına həsr olunan toplantıda AYB-nin Muğan Bölməsi
“İlin ən fəal bölməsi” nominasiyasının qalibi elan edildi.
Bu
sıralamanı və “ilk”lərin sayını artırmaq da olar. Lakin düşündürücü məqam ilk
illərdə istər ədəbi-ictimai mühitdə və istərsə də media müstəvisində çox fəal
olan Bölmənin sonrakı illərdə bu fəallığı davam etdirə bilməməsidi. Bu yazını
hazırlarkən məni düşündürən bir məqama aydınlıq gətirməsi üçün bölmə rəhbəri
Namiq Hacıheydərliyə üz tutdum. Ona “İlk illər ədəbi mühitdə öz fəallığı ilə
seçilən Muğan Bölməsinin səsi nədən son zamanlar az-az eşidilir”?- sualını
ünvanladım. Şair-publisist son zamanlar ona jurnalistlərin bir neçə dəfə sual
verdiklərini və bu suala bir neçə dəfə mətbuatda cavab verdiyini əsas gətirərək
qısa cavablandıracağını söylədi. Cavab belə oldu;
“Çox sağ
olun ki, bölməmizin işini yada salırsız, qiymətləndirirsiz. Bölmənin ilk zamanlar
daha fəal olduğunu və bu gün qayğılarla yaşadığını fərq edən və maraqlanan digər
yazar dostlarıma da təşəkkür edirəm. Son zamanlar bu və bu kimi suallarla
tez-tez qarşılaşıram. Muğan torpağı Nişat Şirvani, Əli Bəy Turan, Mirzə Baxış
Nadim, Xəlil Rza Ulutürk kimi böyük söz adamlarının yurdudur. Burada hələ 18-ci
yüzillikdə qaynar ədəbi ortam olmuşdur. Bu baxımdan burada AYB-nin Muğan Bölməsinin
yaranması doğal olduğu qədər də tarixi zərurət
idi. Bölmə hansı missiya ilə yaranmışdısa hesab edirəm ki, üzərinə düşən
missiyanı layiqincə yerinə yetirməyə çalışdı və az-çox buna nail oldu. Lakin, təssüflər
olsun ki, son illər mərkəzi Salyanda yerləşən Muğan bölməsinə yerli rəhbərlik
biganəlik və diqqətsizlik sərgiləməkdə davam edir. Son illərdə bölmə rayonda
keçirilən müxtəlif səpgili tədbirlərdən kənarda qalmaqla bərabər, indiyə qədər
ofislə də təmin edilməyib. Üstəlik, heç bir yerdən maliyyələşmir. Bu və bu kimi
hallar son zamanlar fəaliyyətimizdə geriləməyə nədən olsa da bölmə mətbuat müstəvisində
və ədəbi-ictimai mühitdə öz fəallığını qoruyub saxlamağa çalışır. Bölgədə
yazıb-yaradan qələm adamlarının yaradıcılıq örnəklərini ayrı-ayrı mətbuat
orqanlarında və saytlarda yayımlayır, istedadlı gənclərin üzə çıxarılması və
tanınmasında uğurlu işlər görməkdə davam edir”.
Doğrusu, bu
cavab bir yazar olaraq məni çox təəssüfləndirdi. Hələ də Muğan Bölməsinin qərargahı
yoxdu, büdcəyə salınmayıb. Namiq Hacıheydərlinin Muğan bölgəsi və Salyan rayonu
adına gördüyü işlər nəinki yerli İcra Hakimiyyəti tərəfindən dəyərləndirilməyib,
üstəlik onların göstərmiş olduqları diqqətsizlik və biganəliklə
“mükafatlandırılıb”. Maraqlıdır, Salyanın icra başçısı rayon ədəbi mühitindən
bu qədərmi xəbərsizdi? Yoxsa xəbəri var və sadəcə onu ədəbi-mədəni məsələlər
maraqlandırmır? Salyanda ən ucqar kəndlərdə belə fəaliyyət göstərən mağazanın,
firmanın və s. fəaliyyətini izlədikləri halda ədəbi sahədə görülmüş olan bu
boyda işləri görmürmü Salyanın İcra Hakimiyyəti?! Axı, hamımız yaxşı bilirik
ki, mərhum prezidentimiz Heydər Əliyev yazıçılarla bağlı mühüm fərmanlar və sərəncamlar
vermişdi. Yazıçılara dövlət qayğısının artırılması ilə bağlı əməli addımlar
atmışdı. Bu siyasət bu gün də cənab prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədi.
Salyanın rəhbərliyi bunu bilmirmi, yoxsa bilirlər və əhəmiyyət vermirlər?!
Yazını “necəsən,
söz?”lə başladım. Cavab bəllidi. Söz adamına münasibət elə sözə münasibətdi.
Söz adamına diqqətsizlik elə sözə diqqətsizlikdi. Tanrının hər şeydən öncə
yaratdığı sözə...
Ümid edirəm
və inanmaq istəyirəm ki, bölmələr haqqında başladığım bu layihədə gələcək
yazılarımın birində yendən Muğan Bölməsi mövzusuna qayıdacam, sonunu gileylə deyil, alqışlarla bitirə biləcəyim
bir yazı daha yazacam. Bu mövzuda Salyan İcra Hakimiyyətinin rəhbərliyi
haqqında ürəkdən yaxşı sözlər deyə biləcəm,
amma hələ ki buna ümid edirəm...









