Abituriyentləri uğur qazanan şəhər və rayonlar arasında Naxçıvan 1-ci, Bakı 3-cü, Xaçmaz isə sonuncu - 73-cü yeri tutur
Son 22 ildə ali məktəblərə tələbə qəbulu planı 2.23 dəfə, abituriyent ərizələrinin sayı isə 2.41 dəfə artıb. Abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç də həmişə abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb. Bu səbəbdən də həm ərizələrin sayı, həm də qəbul planına dair göstəricilərin illər üzrə dinamikası müxtəlif olub. Belə ki, Azərbaycan test üsulunun tətbiq olunduğu dövrdən bəri ali məktəblər üçün plan yerləri ən çox 2014-cü ilə, ən az 1993-cü ilə təsadüf edib. Abituriyent ərizələrinin sayı isə ən çox 2008-ci ildə, ən az 1992-ci ildə olub.
Bu dövr ərzində ən aşağı müsabiqə vəziyyəti 2002-ci ilə təsadüf edir. Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, demək olar ki, əvvəlki ilin səviyyəsində saxlanılıb. Nəticədə müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərərək ixtisaslar üzrə keçid balları xeyli aşağı düşüb.
Daha bir maraqlı məqam: test üsulunun tətbiq olunduğu 22 il ərzində ali məktəblərə qəbulda ən yüksək müsabiqə vəziyyəti 2008-ci ildə, ən aşağı müsabiqə vəziyyəti isə 2002-ci ildə qeydə alınıb.
Nəzərə alsaq ki, qəbul planının artırılması gənclərin ali məktəblərə qəbul olunması imkanlarını bir az da genişləndirir, onda bu imkan müsabiqə vəziyyətinə də ciddi təsir göstərir. Belə olan halda bir neçə suala cavab axtarmaq lazım gəlir: ali məktəblərə qəbul planının artması imtahanda iştirak edən abituriyentlərin ali məktəbə daxil olma faizində özünü necə göstərir? Qəbul planının artırılması imkanından hansı rayonun abituriyentləri daha çox yararlana bilir? Başa sözlə, hansı rayonun abituriyentlərinin bilik səviyyəsi artan qəbul planında adekvatdır?
Bəri başdan deyək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) istər 2014/2015-ci tədris ili üçün buraxılış və ali məktəbə tələbə qəbulu imtahanlarının elmi-statistik təhlilləri, istərsə də son 22 ilin ümumi nəticələri bu suallara cavab üçün tutarlı faktlarla zəngindir. Bu statistik təhlillər, xüsusilə regionlar üzrə nəticələr ölkədə təhsilin hansı səviyyədə olduğunu, tədrisin təşkilinə və abituriyentlərin bilik səviyyəsinə görə hansı bölgələrin lider olduğunu, yaxud geridə qaldığını müəyyənləşdirmə, gələcək təhsil strategiyasında hansı məqamların diqqət mərkəzində saxlanmasına imkan verir.
Beləliklə, statistik təhlillərə əsasən, 2014/2015-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında 97 min 362 abituriyent iştirak edib. Onların 6 min 871-i orta ixtisas, 480-i ali (2-ci ixtisas kimi), qalanları isə tam orta təhsillidir. Sənəd verənlərin sayı ötən ildəkindən 3321 nəfər az olub. Abituriyentlərin bal göstəricilərini şərti olaraq 0-200, 200-300, 300-500, 500-700 intervallarına bölərək ənənəvi "2", "3", "4", "5" qiymətləri ilə analogiyasına nəzər saldıqda məlum olur ki, 2014-cü ildə qəbul prosesində iştirak etmiş abituriyentlərin 64.7 faizi imtahandan "2", 13.6 faizi "3", 15.7 faizi "4", 6.0 faizi isə "5" qiymət alıb. Halbuki 2013-cü ildə bu göstəricilər uyğun olaraq 65.0 faiz, 13.8 faiz, 15.7 faiz, 5.6 faiz təşkil edib. Beləliklə, 2014-cü ildə keçirilən qəbul imtahanlarında «2» və «3» alanların faizi nisbətən azalıb, «5» alanlar artıb, «4» qiymət alanların faizi isə 2013-cü ildəki səviyyədə qalıb. Yəni ötən il abituriyentlərin 64.7 faizi qəbul imtahanlarında 200-dən az bal toplayıb.
Təhsildə geriləyən rayonlar
Qəbul planının və abituriyent ərizələrinin son iki il üzrə müqayisəli təhlili göstərir ki, ötən il ali məktəblərə qəbul planının 3.51 faiz artması, ərizələrin sayının isə 3.30 faiz azalması ümumilikdə müsabiqə vəziyyətində 6.57 faiz azalmaya səbəb olub. 2014-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş gənclərin yalnız 36.38 faizi “tələbə” adını qazana bilib. İmtahanda iştirak edən abituriyentlərin 63.62 faizi, yəni 58 min 936 nəfər ali məktəblərə qəbul olmayıb. Bilik yarışında uğur qazananların 31.93 faizi dövlət sifarişi əsasında (30.69 faizi dövlət, 1.24 faizi özəl ali məktəblərdə), 68.06 faizi isə ödənişli təhsil forması üzrə (55.31 faizi dövlət, 12.75 faizi özəl ali məktəblərdə) ali təhsil almaq hüququ qazanıb. İmtahanda uğur qazana bilməyib universitetlərə daxil olmayan abituriyentlərin sayının bu qədər yüksək olması (58 min 936 nəfər) bir tərəfdən qəbul prosesinin kütləviliyinə, ağırlığına və rəqabət mühitinin formalaşdığına işarədirsə, digər tərəfdən də bir il ərzində 58 min 936 gəncin ali təhsil almadan əmək bazarına buraxılması böyük məsuliyyət yaradır. Bu məsuliyyət isə təkcə Təhsil Nazirliyinin deyil, eyni zamanda ölkədə təhsilin inkişaf strategiyasını hazırlayan və icra edən, məşğulluq və əmək bazarında tənzimləmə siyasətini həyata keçirən aidiyyəti dövlət qurumlarının, rayon icra hakimiyyətlərinin üzərinə düşür.
Yeri gəlmişkən, 2014-cü ildə Daşkəsən, Ağsu, Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad, Zərdab, Goranboy, Lerik, Şabran, Quba, İmişli və Yardımlı rayonları, eləcə də Naxçıvan MR-nın Kəngərli, Sədərək və Babək rayonlarının ötənilki məzunlarını təmsil edən abituriyentlərin 40 faizdən çoxu qəbul imtahanlarında 100 baldan aşağı nəticə göstərib.
Abituriyentlərinin ali məktəblərə qəbulolma göstəricilərinə respublikanın ən zəif rayonları arasında Xaçmaz, Qusar, Ağsu, Astara, daşkəsən, Şabran və Leriklə bağlı vəziyyət xüsusi təəssüf doğurur. Çünki bu rayonlarda təkcə ali məktəblərə qəbulolma faizi aşağı deyil, həm də 0-200 bal intervalında nəticə göstərən abituriyentlərin sayı daha çox, orta bal göstəricisi və 500 baldan yuxarı nəticə göstərənlər isə əksinə, azdır.
Maraqlıdır ki, ötənilki imtahanlarda “tələbə” adını qazanmış abituriyentlərinin faiz nisbəti ilə ilk 20-likdə yer almış rayonlardan 4-ü hazırda işğal altında olan və əhalisi məcburi köçkün şəraitində yaşayan rayonun (Cəbrayıl, Kəlbəcər, Laçın və Qubadlı), 2-si Ermənistanla cəbhə xəttində olan və düşmənin müntəzəm olaraq atəş altında saxladığı bölgələrin (Qazax və Tovuz), 3-ü (Naxçıvan şəhəri, Şahbuz və Ordubad rayonları) isə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının payına düşür. Maraqlıdır ki, əvvəlki illərin analoji göstəricilərində də bu rayonlar reytinq cədvəlində təxminən eyni mövqelərdə yer tuturlar və həmin ənənə 10 ildən çoxdur davam edir.
Orta bal göstəricisi: 6 rayon Bakını qabaqlayır
Bu faktlar onu göstərir ki, həmin rayonlarda təhsil səviyyəsi, müəllimlərin və məktəblərin dədrisə münasibəti heç də sosial-iqtisadi inkişafına görə lider olan iri şəhər və rayonların analoji göstəricilərindən nəinki geri qalmır. Əksinə, bəzi qiymətləndirmə meyarları üzrə adı çəkilən rayonlar sürətlə inkişaf edən bölgələrdən öndədirlər. Məsələn, Qax, Neftçala, Sumqayıt və Naxçıvan şəhərləri, habelə Qəbələ və Ağstafa rayonlarının məzunlarının orta bal göstəriciləri hətta paytaxt Bakının məktəblərini bitirmiş məzunların analoji göstəricisindən üstündür. Belə ki, 2014-cü ildə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, Qax rayonundan olan abituriyentlərin orta bal göstəriciləri 276.836 olmaqla respublika üzrə 1-ci yeri tutur. Bu sırada 271.374 balla 2-ci yerdə Neftçala, 265.046 balla 3-cü yerdə Sumqayıt, 256.826 balla 4-cü yerdə Naxçıvan, 254.972 balla 5-ci yerdə Qəbələ, 252.67 balla 6-cı yerdə Ağstafa gəlir. Paytaxt Bakı məktəblərini bitirmiş abituriyentlərin isə ötənilki imtahanlarda topladığı orta bal 249.706 olub. Bu göstərici üzrə Bakı şəhərinin məktəbləri respublikanın 73 şəhər və rayonu arasında 7-ci yerdə qərarlaşıb.
Abituriyentləri ali məktəblərə qəbulolma göstəricilərinə gəlincə, Naxçıvan şəhərinin abituriyentləri bu sıralamada da 61.15 faizlə ölkə üzrə 1-ci yeri tutur. Sumqayıt şəhəri bu sırada 58.06 faizlə 2-ci, Bakı şəhəri 57.91 faizlə 3-cü, Neftçala 57.88 faizlə 4-cü, Naxçıvan MR Şahbuz rayonu 57.50 faizlə 5-ci, Qazax 53.37 faizlə 9-cu, Tovuz 52.71 faizlə 10-cu, Cəbrayıl 50.37 faizlə 17-ci, Kəlbəcər 49.54 faizlə 18-ci, Laçın 48.69 faizlə 19-cu, Qubadlı isə 48.39 faizlə 20-ci yerdə qərarlaşıb. Halbuki respublikanın iqtisadi cəhətdən daha çox inkişaf etmiş bölgələri ”“ ölkənin ikinci böyük olan şəhəri Gəncə, Şəki, Lənkəran, Yevlax kimi iri bölgələr bu göstəricilərinə görə həmin rayonlardan geridə qalır.
73 rayon və şəhərin abituriyentlərinin ötən il qəbul imtahanlarında əldə etdiyi göstəricilər:
S/S | Bölgələr | 0-100 bal arasında nəticə göstərənlər (%-lə) | 500-dən yuxarı bal toplayan abituriyentlər (%-lə) | Abituriyentlərin topladığı orta bal | “Tələbə” adını qazanan abituriyentlər(%-lə) |
1. | Naxçıvan şəhəri | 25.85 | 12.59 | 256.826 | 61.15 |
2. | Sumqayıt | 24.64 | 13.38 | 265.046 | 58.06 |
3. | Bakı şəhəri | 25.56 | 10.51 | 249.706 | 57.91 |
4. | Neftçala | 20.92 | 11.75 | 271.374 | 57.88 |
5. | Şahbuz (Naxçıvan) | 26.25 | 11.88 | 247.25 | 57.50 |
6. | Ordubad (Naxçıvan) | 23.43 | 7.69 | 235.189 | 54.20 |
7. | Qax | 18.18 | 15.91 | 276.836 | 53.90 |
8. | Ağstafa | 24.83 | 11.86 | 252.67 | 53.69 |
9. | Qazax | 27.55 | 8.48 | 238.234 | 53.37 |
10. | Tovuz | 26.19 | 9.26 | 234.856 | 52.71 |
11. | Göyçay | 27.51 | 9.49 | 242.36 | 52.56 |
12. | Mingəçevir | 25.47 | 10.07 | 239.675 | 52.23 |
13. | Salyan | 26.03 | 11.21 | 239.431 | 51.21 |
14. | Abşeron | 30.32 | 7.81 | 224.856 | 51.20 |
15. | Qəbələ | 24.79 | 13.05 | 254.972 | 50.78 |
16. | Masallı | 30.28 | 8.18 | 223.08 | 50.57 |
17. | Cəbrayıl | 32.27 | 7.58 | 217.362 | 50.37 |
18. | Kəlbəcər | 30.43 | 7.61 | 222.568 | 49.54 |
19. | Laçın | 30.71 | 3.64 | 211.398 | 48.69 |
20. | Qubadlı | 30.97 | 6.77 | 216.339 | 48.39 |
21. | Gəncə | 34.81 | 9.25 | 217.198 | 47.95 |
22. | Culfa | 32.23 | 9.34 | 225.425 | 47.29 |
23. | Şirvan | 31.11 | 7.14 | 221.779 | 45.85 |
24. | Xocavənd | 37.14 | 7.14 | 213.086 | 45.71 |
25. | Şəki | 33.84 | 11.13 | 227.756 | 45.33 |
26. | Şərur | 35.41 | 7.89 | 204.042 | 45.32 |
27. | Oğuz | 33.01 | 9.29 | 231.341 | 45.19 |
28. | Ağdam | 33.02 | 8.10 | 212.776 | 45.08 |
29. | Siyəzən | 34.54 | 9.64 | 215.538 | 44.58 |
30. | Şəmkir | 36.69 | 6.81 | 198.764 | 44.31 |
31. | Biləsuvar | 30.24 | 12.74 | 239.659 | 44.28 |
32. | Gədəbəy | 38.74 | 6.04 | 200.454 | 44.23 |
33. | Beyləqan | 23.53 | 5.25 | 204.251 | 44.04 |
34. | Balakən | 36.36 | 8.05 | 203.48 | 43.64 |
35. | Kürdəmir | 34.15 | 6.43 | 205.519 | 43.46 |
36. | Zəngilan | 38.25 | 2.79 | 190.351 | 43.43 |
37. | Babək (Naxçıvan) | 41.53 | 7.46 | 196.367 | 43.39 |
38. | Zaqatala | 33.39 | 8.61 | 214.002 | 43.37 |
39. | İsmayıllı | 32.60 | 9.94 | 228.801 | 43.14 |
40. | Bərdə | 33.10 | 8.45 | 217.752 | 42.80 |
41. | Naftalan | 37.50 | 7.50 | 195.7 | 42.50 |
42. | Ağcabədi | 36.41 | 6.57 | 194.768 | 42.27 |
43. | Sədərək (Naxçıvan) | 42.11 | 3.95 | 165.276 | 42.11 |
44. | Xızı | 32.10 | 4.94 | 190.012 | 41.98 |
45. | Göygöl | 39.22 | 6.37 | 197.119 | 41.91 |
46. | Saatlı | 38.56 | 6.54 | 197.947 | 41.83 |
47. | Xocalı | 36.36 | 1.30 | 183.234 | 41.56 |
48. | Lənkəran | 38.30 | 6.19 | 192.868 | 41.28 |
49. | Tərtər | 38.24 | 5.88 | 192.08 | 41.18 |
50. | Yevlax | 36.96 | 4.27 | 185.113 | 40.72 |
51. | Şuşa | 34.38 | 8.33 | 202.51 | 40.63 |
52. | Füzuli | 41.23 | 5.59 | 190.112 | 40.08 |
53. | Şamaxı | 35.04 | 5.66 | 197.24 | 39.62 |
54. | Goranboy | 42.11 | 6.70 | 190.313 | 39.55 |
55. | Hacıqabul | 38.71 | 5.07 | 194.364 | 38.25 |
56. | Yardımlı | 40.14 | 5.73 | 198.867 | 37.99 |
57. | İmişli | 40.54 | 5.16 | 180.586 | 37.86 |
58. | Kəngərli (Naxçıvan) | 42.92 | 6.13 | 186.142 | 37.26 |
59. | Qobustan | 42.76 | 6.90 | 176.397 | 37.24 |
60. | Sabirabad | 42.67 | 7.42 | 191.983 | 37.11 |
61. | Quba | 40.66 | 3.99 | 174.406 | 36.52 |
62. | Samux | 43.97 | 6.61 | 182.624 | 36.19 |
63. | Zərdab | 42.15 | 5.79 | 181.593 | 35.95 |
64. | Ağdaş | 43.49 | 7.35 | 185.817 | 35.92 |
65. | Cəlilabad | 38.79 | 5.50 | 188.883 | 35.70 |
66. | Ucar | 43.92 | 5.71 | 191.681 | 35.48 |
67. | Lerik | 41.67 | 5.56 | 184.753 | 32.94 |
68. | Şabran | 40.98 | 4.51 | 176.412 | 32.71 |
69. | Daşkəsən | 51.19 | 5.95 | 152.416 | 32.14 |
70. | Astara | 48.78 | 4.63 | 161.407 | 30.73 |
71. | Ağsu | 51.06 | 4.61 | 161.996 | 30.50 |
72. | Qusar | 43.60 | 4.04 | 166.782 | 28.99 |
73. | Xaçmaz | 49.09 | 3.94 | 162.761 | 28.83 |
Elxan Salahov
loading...