Xəzərin dünyada ən böyük göl olduğunu çoxumuz bilirik.Bu gölün sahəsi həddindən artıq böyük olduğuna görə onu dəniz adlandırırlar. Ölkəmizdə daxil olmaqla 5 ölkənin sahilini yuyan bu böyük qapalı su hövzəsinin problemləri də özü kimi böyükdür.Sovet ittifaqı dağıldıqdan sonra dənizin dibinin sahilyanı dövlətlər arasında bölüşdürülməsi məsələsi ortaya çıxdı.Bu problem xəzəryanı dövlətlər arasında hələ də öz həllini tapmayıb,amma bundan da daha önəmli problem Xəzərin ekoloji durumu ilə bağlıdır.Hazırda Xəzərin ekoloji vəziyyəti olduqca acınacaqlıdır.Son illərdə dənizdə ölü zonalar yaranmışdır.Dənizin ən böyük ekoloji problemləri sənaye şəhərlərində yerləşən zavod və fabriklərin tullantılarının dənizə axıdılması və dənizin neft hasilatı zamanı çirklənməsidir.Tədqiqatçıların fikrincə,son 10 ildə dənizin şelf zonasında çirklənmə 20 dəfədən artıq olub.Burada Xəzərə tökülən böyük çayların da az rolu olmayıb.Təkcə Volqa çayı vasitəsilə dənizə hər il 50 mln tondan çox neft məhsulları gətirilir. Bu da dənizin çirklənməsində əhəmiyyətli rol oynayır.
Dünyanın ən böyük qapalı su hövzəsinin bu dərəcədə çirklənməsindən ən çox onun flora və faunası zərər görməkdədir.Son illərdə Xəzərdəki nadir balıq növlərinin sayı kəskin sürətdə azalmaqdadır.Balıq növlərinin sayının sürətlə azalmasının digər səbəbi də qanunsuz balıq ovudur.Xəzəryanı dövlətlər arasında dənizin flora və faunasını birgə qorumaq üçün müqavilə olmamasına görə qanunsuz balıq ovu,xüsusən də nərə balığının ovlanması brakonyerlər tərəfindən genişlənmişdir.Dənizdəki balıq çeşidlərinin belə kəskin azalmasının digər bir səbəbi də bir çox balıqartırma zavodlarının fəaliyyətin dayanması,bir çoxlarının da öz işini düzgün yerinə yetirməməsidir.Bütün bunların fonunda dəniz suyunun səviyyəsinin enməsi gələcək digər təhlükənlərin carçısıdır.Ekoloqların firiklərinə inansaq,Xəzər dənizi belə gedişatla 50 ildən sonra Aral gölünün aqibətini yaşaya bilər.Qazaxıstan-Özbəkistan sərhədində yerləşən və vaxtilə dünyanın 4-cü ən böyük gölü olan Aral baxımsızlıq və çirklənmə səbəbindən demək olar ki,yer üzündən silinmişdir.Artıq xəritədə keçmiş Aral gölünün 10 %-ni tapa bilərik.
Həmid Fərhadoğlu