“Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında jurnalistlərin informasiya müharibəsinə cəlb edilməsi ilə bağlı ölkə rəsmilərinin səsləndirdiyi bəyanatlara münasibət bildirib. E.Şıxlının fikrincə, informasiya müharibəsi aparan jurnalist jurnalistika ilə deyil, təbliğat-təşviqatla məşğul olmuş olur:
“Ermənistanla informasiya müharibəsi təxminən
1989-1990-cı ildən gedir. Azərbaycan və Ermənistan arasındakı bu informasiya
savaşına kimsə kimsəni xüsusi olaraq cəlb eləmirdi. Ola bilsin ki, indi dediklərim
fikirlərə görə jurnalist həmkarlarım məndən incisinlər. Lakin bu gün Azərbaycanda
əməlli-başlı jurnalistika qalmadığı üçün indi onu informasiya müharibəsinə cəlb
etmək istəyirlər. Məsələni bu şəkildə qoymağınızda böyük bir həqiqət var. Əgər
biz düşmənlə informasiya savaşı aparırıqsa, o zaman bizim işimiz jurnalistika
olmur. Bizim işimiz təbliğat və təşviqat olur”.
E.Şıxlının
qənaətincə, ən yaxşı informasiya savaşı hər şeyi obyektiv surətdə işıqlandırmaq
deməkdir və kim ki, bunu edir, deməli düşmənə qarşı ən effektiv informasiya
savaşını da o aparır:
“Amma burada
bir məqam var ki, Azərbaycanın torpaqları işğal altındadır. Bu isə o deməkdir
ki, biz istər-istəməz informasiya müharibəsini aparmalı oluruq. Iş burasındadır
ki, biz obyektiv olaraq vəziyyəti işıqlandırsaq, bu, ən yaxşı informasiya
müharibəsi demək olacaq. Yalandan təbliğat aparmağa heç bir ehtiyac yoxdur. Torpaqlarımız
işğal olunub və bu gün də düşmən tapdağı altındadır. Biz mövcud olan həqiqətləri
yazmalıyıq. Əgər düşmən güclüdürsə, onunla mübarizə aparmaq üçün obyektiv şəkildə
onun qüvvəsini qiymətləndirməliyik. Şübhəsiz, bu, elə bir məsələdir ki, burada
birmənalı fikir səsləndirmək çətindir. Amma rəsmi strukturların bizi
informasiya müharibəsi aparmağa çağırmasına heç bir ehtiyac yoxdur. Biz o
müharibəni aparanda o strukturlar heç bilmirəm harada idi”.
Seymur Əliyev