DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin aprelin 10-da “Senator” restoranında baş verən dava-dalaşa qarışmaqda və bir nəfəri bıçaqlamaqda ittiham olunaraq həbs edilib. T.Əsədullayev barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
General oğlunun həbsi ilə
bağlı xəbərin ictimaiyyiləşməsindən dərhal sonra millət vəkili Çingiz Qənizadə
olduqca maraqlı açıqlama ilə çıxış edərək T.Əsədullayevin həbsi üçün atasının
xahiş etdiyini bildirib və polis generalını “bəzi məmurlara” nümunə göstərib.
Ç.Qənuzadənin bu
açıqlaması hörmətli hüquq müdafiəçisi haqqında media və sosial şəbəkələrdə
ciddi tənqidlərin səslənməsinə səbəb olub. Məsələn, hərbi ekspert Üzeyir Cəfərov
hər kəsin qanun qarşısında bərabər olduğunu və bu səbəbdən də T.Əsədullayevin
atasının xahişi olmadan da həbs edilməsinin vacibliyini vurğulayıb, Ç.Qənizadənin
məntiqinin qəbuledilməz olduğunu bildirib. Və təbii, hörmətli Üzeyir bəyin
iradı tamamilə haqlıdır.
Lakin ədalət naminə Ç.Qənizadənin
də öz açıqlamasında bilərəkdən və ya bilməyərəkdən ciddi həqiqətləri dilə gətirdiyini
də etiraf etmək lazımdır. Ç.Qənizadə Ş.Əsədullayevin oğlunun həbsi ilə bağlı xahişini
əsas gətirərək onu digər məmurlara nümunə göstərir ki, bu gün çoxlu sayda məmurun
övladlarının yol verdikləri hədsiz harınlıq və qanunsuzluğu ört-basdır etmək
üçün ciddi səylər göstərdiyi danılmazdır. Bu gün siyasi hakimiyyət və güc
orqanlarında ali vəzifələrdə təmsil olunanların iradəsinə zidd olaraq onların nəinki
ailə üzvü və yaxın qohumlarının, hətta uzaq tanışlarının belə məsuliyyətə cəlb
etmək Dağlıq Qarabağı azad etmək qədər müşküldür. Bu gün hansısa nazir və ya
nazir müavini, icra başçısı və ya generalın nəinki həbs etmək, hətta inzibati
qaydada cərimələmək üçün belə birincilərin yazılı və ya şifahi razılığı gərəkdir.
Ç.Qənizadənin açıqlamasının məntiqi izahından doğan gerçək bundan ibarətdir.
Bu baxımdan, əgər T.Əsədullayevin
həbsi həqiqətən də Ş.Əsədullayevin xahişi əsasında reallaşıbsa, bu addımı
alqışlamaq olar. Lakin bu məsələdə Ş.Əsədullayevi başqalarına örnək hesab etmək
üçün əsas yoxdur. Əksinə, Ş.Əsədullayevin özü övladını qeyri-qanuni hərəkət və
davranışlardan çəkindirə bilməyən bir ata kimi mənfi mənada başqalarına nümunə
göstərilə bilər.
Və ən əsası, T.Əsədullayevin bıçaqladığı iddia
olunan şəxsin kimliyi haqqında heç bir informasiya verilməsə də, bu şəxsin də
sırdan vətəndaş olmadığı, onun da hansısa məşhur iş adamı və ya vəzifə
sahibinin övladı, yaxud qohumu olması ehtimalı kifayət qədər yüksəkdir. Əks təqdirdə,
həmin şəxs də digərləri kimi ölkədə iqtisadi böhranın at oynatdığı, manatın “əriməkdə”
davam etdiyi, milyonlarla insanın minimal keçim üçün gecə-gündüz can qoyduğu bir
zamanda “Senator” restoranında zühur etməzdi. Bu isə o deməkdir ki, Ş.Əsədullayevin
xahişi olmasaydı da, T.Əsədullayevin həbsi və cəzalandırılması qaçılmaz idi. Və
çox güman ki, polis generalı da bu həqiqəti dərk etdiyi üçün baş verən olayın
heç deyilsə onun imicini zədələməməsi üçün hadisələri qabaqlamağı, xal
qazanmağı lazım bilib və belə bir xahişlə çıxış edib. Çünki bugünə qədər Azərbaycan
reallığında müşahidə edilən hadisə və proseslərin təhlili məcburriyyətsiz heç
bir məmurun öz xoşu ilə öz marağına zidd olan hər hansı addım atmadığını göstərir.
Bu baxımdan, Ş.Əsədullayevin
təqdir edilməsi, alqışlanması üçün heç bir əsas yoxdur. Lakin Ş.Əsədullayevin məhz
övladına görə vəzifədən uzaqlaşdırılmasınən vacibliyi fikirləri də qəbul edilə
bilməz. Ən azından ona görə ki, hüquq övlada görə atanın cəzalandırılmasını
doğru hesab etmir və belə bir addım daxili işlər orqanlarında uzun müddət
çalışmış, zəngin təcrübəyə malik bir generalın itirilməsindən başqa bir şey
olmayacaqdır.
Seymur Əliyev
e-mail: [email protected]